“Alim ömrü” kitabının təqdimatı olub

“Alim ömrü” kitabının təqdimatı olub

19 İyun 2023, 00:34 / Mühüm hadisələr

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin böyük elmi işçisi Sahibə Sədnikqızının tanınmış folklorşünas alim, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlıya həsr olunmuş “Alim ömrü” kitabının təqdimat mərasimi keçirilib.


Əvvəlcə fil.e.d., professor Seyfəddin Rzasoy redaktoru olduğu sözügedən kitab haqqında məlumat verib. O qeyd edib ki, çoxsaylı kitabların müəllifi olan Sədnik Paşa Pirsultanlı milli folklorumuzun toplanması, tədqiqi və təbliği sahəsində əvəzolunmaz xidmətlər göstərərək Azərbaycan folklorşünaslıq elminin inkişafına böyük töhfələr verib. Alim, həmçinin Nizami Gəncəvi, Aşıq Şəmşir və Xəstə Qasım yaradıcılığının tədqiqatçısı kimi tanınıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, prof. Qəzənfər Paşayev, prof. Maarifə Hacıyeva, prof. Firuzə Ağayeva, fil.e.d., dosent Leyla Məmmədova, fil.e.d. İslam Sadıq, AMEA Folklor İnstitutunun icraçı direktoru, fil.ü.f.d., dos. Afaq Ramazanova, filologiya üzrə fəlsəfə doktorları Qalib Sayılov, Şakir Albalıyev, Mətanət Yaqubqızı, Atif İslamzadə, İlhamə Qəsəbova, Elçin Qaliboğlu, Tacir Qurbanov, Tahir Orucov, Aytən Əliyeva, tədqiqatçı Əli Şamil və şair Tahir Şirvanlı çıxış edərək yeni çap olunan kitab haqqında fikirlərini bölüşüblər.

Sonda çıxış edən müəllif kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib. Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə Azərbaycan Dövlət Nəşriyyatında işıq üzü görən 328 səhifəlik “Alim ömrü” kitabının redaktoru fil.e.d., professor Seyfəddin Rzasoy, rəyçiləri isə fil.ü.f.d., Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli, fil.ü.f.d., dosent Atif İslamzadə və fil.ü.f.d., dosent Şakir Albalıyevdir.