Folklor İnstitutunun əməkdaşı II Beynəlxalq Mifologiya Konqresində əfsanə söyləyiciliyi məsələsindən danışıb

Folklor İnstitutunun əməkdaşı II Beynəlxalq Mifologiya Konqresində əfsanə söyləyiciliyi məsələsindən danışıb

20 May 2026, 11:46 / Konfranslar, İclaslar

Türkiyənin Mardin şəhərində keçirilən II Beynəlxalq Mifologiya Konqresində (II Uluslararası Mitoloji Konqresi) AMEA Folklor İnstitutunun Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin əməkdaşı Zəfər Fərhadov onlayn formatda iştirak edib. Tədqiqatçı konqresdə “Əfsanə ifaçılığı” mövzusunda məruzə ilə çıxış edib.

Məqalədə əfsanələrin performansa əsaslanan folklor janrı olduğu irəli sürülür. Müəllif qeyd edir ki, əfsanələrin inandırıcılığı onların strukturundan deyil, söyləyicinin ifaçılıq bacarığından qaynaqlanır. Bu baxımdan əfsanə sabit və qapalı struktur kimi deyil, konkret kommunikativ situasiyada mənalandırılan performativ akt kimi dəyərləndirilir. Məruzədə vurğulanır ki, inandırıcılıq mətn daxilində əvvəlcədən mövcud olan xüsusiyyət deyil, ifa zamanı yaranan və dinləyici tərəfindən qəbul edilən nəticədir. Performans elementləri əfsanəni adi mətndən çıxararaq onu inanc mətninə çevirir və sosial-mədəni təsir gücü qazandırır.

Zəfər Fərhadov çıxışında folklorda performativ yanaşmanın əsasını Amerika antropoloqu Riçard Baumanın qoyduğunu diqqətə çatdırıb. R. Baumanın performans nəzəriyyəsinə görə, folklor nümunələrinin sabit mətni yoxdur; onlar ifa prosesində və kommunikativ şəraitə uyğun olaraq formalaşır. Bu nəzəriyyə folkloru yalnız mətn kimi deyil, kommunikativ hadisə kimi dəyərləndirməyə imkan verir.

Məruzədə qeyd olunub ki, folklor mətnləri məzmun və forma xüsusiyyətlərinə görə deyil, kommunikativ çərçivədə təqdim olunduqda folklor mətni statusu qazanır. Məsələn, nağıllar ənənəvi başlanğıc və sonluq formulları ilə təqdim edildiyi halda, əfsanələr “belə deyirlər”, “rəvayətə görə” kimi ifadələrlə başlanır və hadisələrin təsdiqi ilə tamamlanır. Auditoriya da məhz bu təqdimat formasına əsasən mətni nağıl və ya əfsanə kimi qəbul edir.

Tədqiqatçı vurğulayıb ki, əfsanələrdə əsas məsələ hadisənin gerçək olub-olmaması deyil, onun ifasının uğurlu alınmasıdır. Əgər əfsanə dinləyicidə müəyyən təsir yaratmırsa, onun performansı uğurlu hesab edilmir. Bu mənada mətnin “doğruluğu” hadisələrin obyektiv gerçəkliyi ilə deyil, ifanın yaratdığı təsirlə ölçülür. Əfsanənin məqsədi dinləyicini hekayənin həqiqiliyinə inandırmaq və onda müəyyən davranış modelləri formalaşdırmaqdır.

Məruzədə əfsanələrin performativliyini təmin edən əsas elementlər də təhlil olunub. Bildirilib ki, söyləyicinin hadisələri detallı təsvir etməsi, möcüzəviliyi qabartması, hadisələrə şahidlik etməsi, and içməsi, üçüncü şəxs formulalarından istifadə etməsi, konkret məkan adları çəkməsi və mətni “əhvalat”, “olmuş hadisə” kimi təqdim etməsi dinləyicidə inam yaradan əsas vasitələrdəndir.

Sonda müəllif qeyd edib ki, performans elementlərinin təhlili göstərir ki, əfsanələrdə əsas məqsəd dinləyicini hadisələrin həqiqiliyinə inandırmaqdır. Performativlik sayəsində əfsanə adi mətn olmaqdan çıxaraq inanc mətninə çevrilir və epik ənənənin davamlılığını təmin edən mühüm amilə çevrilir.