Folklor İnstitutunun əməkdaşları Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış ediblər

Folklor İnstitutunun əməkdaşları Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış ediblər

18 May 2026, 11:53 / Konfranslar, İclaslar

14-15 may 2026-cı il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Birinci Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

TÜRKSOY, Yunus Əmrə İnstitutu, Daşkənd Beynəlxalq Universiteti və ADPU-nun Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə əyani və onlayn formatda təşkil olunan beynəlxalq konfransda Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna, Moldova, Estoniya, Əfqanıstan və digər ölkələrdən alim və tədqiqatçılar bir araya gəliblər.

Konfransda AMEA Folklor İnstitutunun əməkdaşları da iştirak ediblər. İnstitutun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülsümxanım Hasilova “Türk dünyasının birliyi: Birinci Türkoloji Qurultay (C.Qasımov tədqiqatlarında)” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Birinci Türkoloji  Qurultay iştirakçılarının elmi fəaliyyəti və zəngin türkoloji irsi  professor Cəlal Qasımovun tədqiqatları əsasında təhlil olunub. Diqqətə çatdırılıb ki, professor Cəlal Qasımov arxiv materialları əsasında Birinci Türkoloji Qurultayın türkologiya elminin, eləcə də türk xalqlarının tarixində və taleyində oynadığı rolun müsbət və mənfi cəhətlərini, qurultay iştirakçılarının repressiyaya məruz qalmalarının  səbəblərini faktlı və konseptual şəkildə tədqiqata cəlb edib.

Gülsümxanım Hasilova vurğulayıb ki, professor Cəlal Qasımov Birinci Türkoloji Qurultay iştirakçılarının elmi fəaliyyətinin və zəngin türkoloji irsinin araşdırılmasında, 1937-ci il repressiyalarına məruz qalmış Azərbaycan folklorşünaslarının sənədlərinin arxivlərdən tapılaraq həqiqətlərin üzə çıxarmasında, onların sistemli şəkildə təhlil edilməsində böyük işlər görüb. Bu araşdırmalar müasir türkologiya elminin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. 

Folklor və yazılı ədəbiyyat şöbəsinin digər aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Osmanova isə “Türk epik ənənəsində ortaq motivlərin semantikası və funksiyası” mövzusunda məruzəsini təqdim edib.

Məruzəçi bildirilib ki, türk xalqlarının folkloru onların ortaq tarixi yaddaşını, mədəni kimliyini və mənəvi dəyərlər sistemini əks etdirən ən mühüm mənbələrdən biridir. Folklor nümunələri yalnız estetik və bədii funksiyaya malik olmayıb, eyni zamanda kollektiv şüurun formalaşmasında və nəsillərarası ötürülmədə mühüm rol oynayır. Bu nümunələr vasitəsilə xalqın dünyagörüşü, etik normaları və sosial münasibətləri sistemli şəkildə ifadə olunur. Folklor yalnız keçmişin mirası deyil, həm də müasir milli şüurun və mədəni identikliyin formalaşmasında aktiv iştirak edən dinamik bir sistemdir.

Məruzədə, həmçinin vurğulanıb ki, türk epik folklorunda ortaq motivlərin mövcudluğu onların vahid etnomədəni köklərdən qaynaqlandığını göstərir. Ortaq motivlər sırasında qəhrəmanın möcüzəli doğuluşu, yetkinləşmə və sınaq yolu, qəhrəmanın səfəri və mübarizəsi, at kultu, yurd, vətən birliyi ideyası xüsusi yer tutur. Süjet xəttinin quruluşu, qəhrəmanın inkişaf mərhələləri və mifoloji elementlərin funksiyası bu folklor nümunələrinin sistemli xarakter daşıdığını göstərir. Bu isə folklorun yalnız təsadüfi yaradıcılıq məhsulu deyil, müəyyən qanunauyğunluqlara əsaslanan mədəni sistem olduğunu sübut edir.