Folklor İnstitutunun əməkdaşı beynəlxalq elmi konfransda iştirak edib

Folklor İnstitutunun əməkdaşı beynəlxalq elmi konfransda iştirak edib

07 Sentyabr 2023, 11:00 / Mühüm hadisələr

29-30 avqust 2023-cü il tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin platformasında Dağ yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu “STMEGI” və İsraildəki Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin (Dahan Centre) birgə layihəsi olan “Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda Azərbaycan, İsrail, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox tədqiqatçı alim iştirak edib.

İki gün davam edən beynəlxalq konfransın 13 panel iclasında – “Adət və ənənələr”, “Azərbaycanda və Yəhudi icmasında multikulturalizm”, “Milli və etnik kimlik”, “Sionist fəaliyyət və Qafqazdan immiqrasiya”, “İsrail-Azərbaycan münasibətləri”, “Bakıdakı Yəhudi icması: tarix və cəmiyyət”, “Dil və kimlik”, “Qafqaz yəhudiləri müasir dövrdə”, “Dağ yəhudiləri İkinci Dünya müharibəsi dövründə”, “Mədəniyyət və incəsənət”, “Yəhudilər Azərbaycanda”, “Qafqaz yəhudilərinin tədqiqi mənbələri” mövzularında geniş müzakirələr aparılıb.

Konfransda AMEA Folklor İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova da iştirak edib. Konfransın “Qafqaz yəhudilərinin tədqiqi mənbələri” panelində əməkdaşımızın “SMOMPK-da Dağ yəhudiləri” mövzusunda məruzəsi dinlənilib. Dos. A.Ramazanova “Qafqaz yəhudiləri müasir dövrdə” adlı panel iclasına da sədrlik edib.