Folklor İnstitutunun əməkdaşları təqdimat mərasimində iştirak ediblər

Folklor İnstitutunun əməkdaşları təqdimat mərasimində iştirak ediblər

08 May 2026, 12:18 / Konfranslar, İclaslar

Aprelin 29-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin “Göyçə aşıq məktəbinin ifaçılıq xüsusiyyətləri” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Təqdimatı giriş sözü ilə açan ADU-nun Təhsildə xarici dillər kafedrasının və Qərbi Azərbaycan Mərkəzinin müdiri, dosent Həqiqət Hacıyeva monoqrafiyanın elmi və ideoloji əhəmiyyəti barədə məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycanın tarixi torpaqlarımız olması və həmin ərazilərə qayıdışın strateji əhəmiyyəti ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Tədbirdə kitabın redaktoru ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov qeyd edib ki, Fəxrəddin Atayevin tədqiqatı folklorşünaslıq və musiqişünaslıq elmlərinin vəhdətini özündə ehtiva edir. Həmçinin, müəllif aşıq sənətində söz və musiqi amillərini vəhdətdə araşdıraraq, aşıq havaları ilə şeir janrları arasındakı üzvi bağlılığı elmi əsaslarla təhlil edir. Xüsusilə, aşıq havalarının nota alınma tarixi və professional musiqi yaradıcılığına təsiri məsələlərinin işıqlandırılması monoqrafiyanın elmi dəyərini daha da artırdığını bildirib.

Kitabda Göyçə aşıq mühitinin genetikası və ifaçılıq xüsusiyyətləri araşdırılmış, Gəncəbasar, Borçalı, Ağbaba-Çıldır, Dərələyəz, Şirvan, Təbriz, Urmiya aşıq mühitləri ilə Göyçə aşıq ifaçılıq ənənəsinin tipoloji təhlili aparılmış və onların yaxınlıq, fərqlilik məqamları müəyyənləşdirilmiş, ustad-şəyird ənənəsində arxaik yaddaşın qorunması, sənət şəcərəsinin təmsil olunması məsələləri öyrənilmişdir.

Tədbirdə Folklor İnstitutunun əməkdaşlarından Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri,  Filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Qurbanov, Filologiya elmləri doktoru, dosent Şakir Albalıyev, Filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa İbrahim iştirak ediblər.

Tədbirdə çıxış edən Aşıq yaradıcılığı şöbəsinin müdiri,  Filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Qurbanov qeyd edib ki, Fəxrəddin Atayev təqdim olunan kitabda Göyçə aşıq məktəbinin formalaşma xüsusiyyətləri, ifaçılıq ənənələri, poetik və musiqi xüsusiyyətlərini sistemli şəkildə təhlil etmişdir. Müəllif Göyçə aşıq mühitinin digər aşıq məktəblərindən fərqli cəhətlərini öyrənərək Azərbaycan aşıq sənətinin daxili müxtəlifliyini və zənginliyini daha dərindən anlamağa imkan yaratmışdır.

Tədbirdə çıxış edən Mifologiya şöbəsinin aparıcı elmi işçisi Filologiya elmləri doktoru, dosent Şakir Albalıyev vurğulayıb ki, təqdim olunan əsərdə yalnız nəzəri məsələlər deyil, həm də aşıq sənətinin praktik ifaçılıq tərəfləri geniş şəkildə işıqlandırılmışdır. Fəxrəddin Atayev müxtəlif aşıqların yaradıcılığına müraciət edərək onların ifa xüsusiyyətlərini müqayisəli şəkildə təhlil etmiş və zəngin folklor materiallarından istifadə edərək tədqiqatın elmi dəyərini artırmışdır. Bununla belə, müəllif mövzunu sistemli şəkildə təqdim etmiş, terminoloji dəqiqliyə xüsusi diqqət yetirmişdir.

Folklor İnstitutunun “Mərasim folkloru və milli kulinariya ənənələri” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa İbrahim çıxışında qeyd edib ki, ingilisdilli auditoriya üçün belə əsərlərin təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan folklorunun, xüsusilə Göyçə aşıq məktəbi kimi spesifik və zəngin bir ənənənin ingilis dilində təqdim olunması onun beynəlxalq səviyyədə tanınmasına imkan yaradır.

Tədqiqat işi Folklor İnstitutunda yerinə yetirilib. Kitabın elmi redaktoru  sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli, rəyçi və ön sözün müəllifi akademik Muxtar İmanov, texniki redaktor filolofiya elmləri doktoru Şakir Albalıyev, ingilis dilinə tərcümə edən filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa İbrahim, dizayner Aytacxanım Atayevadır.