XƏBƏRLƏR
Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Folklor İnstitutunda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə AMEA Folklor İnstitutunun əməkdaşları ilə yanaşı, YAP Yasamal rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Nəbiyev, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, AMEA Azad Həmkarlar İttifaqının sədri, sosial elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov və digər qonaqlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Folklor studiyası tərəfindən hazırlanmış videoçarxa baxış olub.
Tədbiri giriş sözü ilə açan AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən bəhs edib. O, çıxışında Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsindəki müstəsna rolunu qeyd edib, onun milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi siyasətin bu gün də aktuallığını qoruduğunu vurğulayıb.
Hikmət Quliyev bildirib ki, Ulu Öndərin zəngin siyasi irsi və uzaqgörən fəaliyyəti nəticəsində Azərbaycan müasir inkişaf mərhələsinə qədəm qoyub, elm, təhsil və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə olunub. O, həmçinin bu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib, ölkənin əldə etdiyi uğurların məhz bu möhkəm təmələ əsaslandığını diqqətə çatdırıb. Alim vurğulayıb ki, “Biz böyük fəxr və qürur hissi ilə deyə bilərik ki, məhz Ulu Öndərin təşəbbüsü və ideya rəhbərliyi sayəsində Azərbaycanda milli-mənəvi dəyərlərin qorunduğu və öyrənildiyi bir elmi mərkəz – Folklor İnstitutu yaranmışdır. Türk dünyasının ana abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi, dastanlarımızın yenidən, müstəqillik düşüncəsi və kimliyi rakursundan araşdırılması, nəticə etibarı ilə, folklorumuzu, xalq yaddaşı və dəyərlərini öyrənən bir qurumun meydana gəlməsinə rəvac verdi. Bu, məhz Ulu Öndərin ideyası və həyata keçirdiyi siyasətin nəticəsi idi”.
Hikmət Quliyev çıxışı zamanı akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərini xüsusi vurğulayıb. Qeyd edib ki, o, yalnız görkəmli alim-oftalmoloq kimi deyil, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən ziyalı, qayğıkeş ana və sədaqətli həyat yoldaşı olaraq Azərbaycan cəmiyyətində dərin iz qoyub.
Sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Nəbiyev Ümummilli Lider Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan dövlətinin çiçəklənməsində, milli-mənəvi dəyərlərin qorunmasındakı xüsusi xidmətləri barədə danışıb. Alim Ulu Öndər Heydər Əliyevin 1969–1982-ci illərdə Azərbaycan Kommunist Partiyasının Birinci katibi kimi fəaliyyət göstərdiyi dövrdən bəhs edərək respublikanın aqrar ölkədən sənaye yönümlü inkişafa keçidində onun müstəsna rol oynadığını vurğulayıb. Qeyd edib ki, həmin dövrdə həyata keçirilən iqtisadi islahatlar, elmi-texnoloji tərəqqiyə yol açan qərarlar qısa müddətdə Azərbaycanın ittifaq miqyasında ön sıralara yüksəlməsini təmin edib.
Bəxtiyar Nəbiyev çıxışında Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasəti də xüsusi qeyd edib, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasının mühüm tarixi hadisə olduğunu vurğulayıb. Bildirib ki, onun rəhbərliyi ilə kənd təsərrüfatı, sənaye və təhsil sahələrində genişmiqyaslı layihələr reallaşdırılıb, hərbi təhsil sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. O, həmçinin bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin müstəqillik dövründə qazandığı nailiyyətlərin, o cümlədən Vətən müharibəsində əldə olunan qələbənin məhz bu möhkəm təmələ söykəndiyini qeyd edib.
Daha sonra AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, təşkilatçılara dəvətə görə təşəkkür edib. O, Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edərək onun xüsusilə təhsil sahəsinə göstərdiyi diqqət və qayğını qeyd edib, gənclərin xaricdə təhsil imkanlarının genişləndirilməsinin bu uzaqgörən siyasətin bariz nümunəsi olduğunu bildirib. Alim vurğulayıb ki, bu gün də həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, gənclər üçün yaradılan imkanlar onların üzərinə daha böyük məsuliyyət qoyub.
Hüseyn Hüseynov çıxışında Ulu Öndərin kitabxana və nəşriyyat sahəsinə verdiyi töhfələrə də toxunub, ölkədə kitabxana sisteminin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində mühüm qərarların qəbul edildiyini qeyd edib. Bildirib ki, “təhsil kitabxanadan başlayır” prinsipi əsas götürülərək universitet kitabxanalarının maddi-texniki bazası gücləndirilib, oxu mədəniyyətinin təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. O həmçinin müasir dövrdə rəqəmsallaşmanın əhəmiyyətini vurğulayıb, Mərkəzi Elmi Kitabxanada həyata keçirilən genişmiqyaslı rəqəmsallaşdırma layihələrinin gənclərin biliklərə çıxış imkanlarını daha da artırdığını diqqətə çatdırıb.
Sonra çıxış edən AMEA Azad Həmkarlar İttifaqının sədri, sosial elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov nitqində Ulu Öndərin irsinə sədaqətin milli inkişafın əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı siyasi kursun uzaqgörən və praktik mahiyyət daşıdığını qeyd edib, bu kursun nəzəri biliklərlə yanaşı real həyatda tətbiq olunan strateji addımlarla zənginləşdirildiyini bildirib. Alim cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunmasının və ideoloji birliyin möhkəmləndirilməsinin vacibliyinə toxunub.
Sənan Həsənov çıxışında müasir dövrdə qlobal çağırışlar, beynəlxalq münasibətlər və postpandemiya reallıqları fonunda Azərbaycanın rolundan bəhs edib, ölkənin regional və beynəlxalq müstəvidə sabitlik və əməkdaşlıq təşəbbüsləri ilə seçildiyini qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi irsi uğurla davam etdirilir, milli maraqların qorunması, sülh və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub və bu strateji xətt ölkənin gələcək inkişafına zəmin yaradıb.
Tədbirdə məruzələrlə çıxış edən Azərbaycan Dillər Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru İradə Sərdarova, Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova və Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva mövzu ətrafında fikirlərini bölüşərək Ulu Öndərin milli kimlik, mədəniyyət və folklor siyasətindəki rolunu diqqətə çatdırıblar.
Daha sonra Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbirin yekununda direktor Hikmət Quliyev tərəfindən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə Folklor İnstitutunun nəşr etdirdiyi kitablar hədiyyə edilib.









