"Folklorşünasın səsi":  yeni buraxılışın qonağı Qumru Şəhriyar olub

"Folklorşünasın səsi": yeni buraxılışın qonağı Qumru Şəhriyar olub

04 May 2026, 09:04 / Folklorşünasın səsi

“Folklorşünasın səsi” layihəsinin növbəti buraxılışı yayımlanıb. Buraxılışın qonağı Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qumru Şəhriyar olub.
Qumru Şəhriyar çıxışında türk xalqları arasında geniş yayılmış “Edigey dastanı”nın tarixi, yayılma arealı və elmi əhəmiyyətindən bəhs edib. Alim qeyd edib ki, dastan Başqırd, Tatar, Qazax, Noqay və digər türk xalqları arasında onlarla variantda mövcuddur və ümumilikdə 80-dən artıq variantı qeydə alınıb. Bu variantların 45-i Azərbaycan türkcəsinə tərcümə olunub.
Çıxışda vurğulanıb ki, sovet dövründə “Edigey dastanı” ciddi senzura və qadağalara məruz qalıb, bu səbəbdən onun elmi şəkildə öyrənilməsi uzun müddət məhdudlaşdırılıb. Hətta “Dədə Qorqud” dastanı 1950-ci illərdə nəşr olunduğu halda, “Edigey” yalnız 1980-ci illərdə bu qadağalardan qismən azad ola bilib.
Alim dastanın tarixi əsaslarından da danışaraq bildirib ki, əsər Orta əsrlərdə Qızıl Orda tarixini əks etdirir və Toxtamış xan ilə Edigey arasındakı mübarizəni təsvir edir. Edigeyin tarixi şəxsiyyət olduğu, onun Noqay Ordasının qurucusu kimi tanındığı və müxtəlif türk tayfalarını birləşdirdiyi diqqətə çatdırılıb.
Azərbaycanda bu mövzuya həsr olunmuş “Edigey haqqında Qızıl Orda dastanı” kitabının nəşr edildiyi də vurğulanıb.
Sonda qeyd olunub ki, “Edigey dastanı” türk xalqlarının ortaq epik yaddaşını əks etdirən mühüm mənbələrdən biridir və onun müxtəlif variantlarının öyrənilməsi həm dil, həm də mədəniyyət tarixinin araşdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, video çəkiliş Folklor İnstitutunun Folklor Studiyası tərəfindən həyata keçirilib.