Folklor İnstitutunun əməkdaşları V beynəlxalq Bəxtiyar Vahabzadə – Türk dünyası tarixi, mədəniyyəti və ədəbiyyatı konfransında iştirak ediblər

Folklor İnstitutunun əməkdaşları V beynəlxalq Bəxtiyar Vahabzadə – Türk dünyası tarixi, mədəniyyəti və ədəbiyyatı konfransında iştirak ediblər

18 Avqust 2023, 09:30 / Konfranslar, İclaslar

Avqustun 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş V beynəlxalq Bəxtiyar Vahabzadə – Türk dünyası tarixi, mədəniyyəti və ədəbiyyatı konfransı keçirilib. AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, ADPU-nun Şəki və Quba filialları və Bəxtiyar Vahabzadənin ev muzeyinin birgə təşkilatçılığı ilə baş tutan konfransda Azərbaycanın müxtəlif elm və təhsil ocaqlarından, dünyanın bir çox ölkəsindən, eləcə də Türkiyə Respublikasından alim və ziyalılar iştirak ediblər. Konfransın açılış toplantısını filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva açaraq, Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatı tarixində tutduğu mövqedən, xalqımızın azadlığı və müstəqilliyi, dilimizin inkişafi uğrunda apardığı mübarizədən bəhs edib. Konfransda ADPU-nun Şəki filialının direktoru, riyaziyyat elmləri doktoru, dosent Rafiq Rəsulov, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva, ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev və başqaları çıxış ediblər. Çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycanda söz sənətinin inkişafındakı xidmətlərindən danışıb, şairin yaradıcılığının müxtəlif məqamlarına toxunublar.

Qeyd olunub ki, artıq hər il avqustun 16-da – ölməz söz ustadı Bəxtiyar Vahabzadənin anadan olduğu gündə, Şəkidə beynəlxalq konfrans təşkil olunaraq onun əziz xatirəsi ehtiramla yad edilir. Bəxtiyar Vahabzadə XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi bənzəri olmayan söz ustadı, filosof-alim, dramaturq, publisist və azadlıq fədaisi kimi həmişə sevilib. Bəxtiyar Vahabzadənin yaratdığı söz inciləri coğrafi sərhədləri aşaraq onu dünyada tanıdıb və bütün Türk dünyasının sevilən şairinə çevirib. Bəxtiyar Vahabzadə xalqının gen yaddaşında təkcə əvəzsiz bədii yaradıcılığa malik bir şair kimi deyil, eyni zamanda xalqımızın azadlığı, Azərbaycanın müstəqilliyi naminə dönmədən mübarizə aparan bir fədai kimi qalıb. Onun Azərbaycan dilinin qorunması və inkişafı naminə gördüyü işlər, bu mövzuda yazdığı şeirlər, Azərbaycanın müstəqilliyi mövzusuna həsr olunan əsərləri, vətənpərvərlik mövzusunda yazıları gənc nəslin milli-mənəvi dəyərlərimizə sayğılı ruhda böyüməsində müstəsna rola malikdir.

Plenar iclas başa çatdıqdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Bölmələrdə AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov “Bəxtiyar Vahabzadənin “Bir millət, iki dövlət” ideyası: Milli təfəkkürün birlik konsepti”, Mifologiya şöbəsinin aparıcı aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova “Azərbaycan və Anadolu folklorunda nəzərdən qorunmaq üçün icra edilən rituallar”, Cənubi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli “Sulduz folklor mühiti: Qarapapaq türklərinin milli-mənəvi dəyərlər xəzinəsi” və Dədə Qorqud şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinov “Sözün Bəxtiyar zirvəsi və folklorun qüdrəti” mövzularında məruzələrlə çıxış ediblər.