XƏBƏRLƏR
Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə ithaf olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, AMEA Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Sazın səsi, sözün nəfəsi” layihəsi çərçivəsində Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə ithaf olunmuş tədbir keçirilib. Tədbirdə Aşıq Ələsgər yaradıcılığının elmi-fəlsəfi mahiyyətinə həsr olunmuş çıxışlar və aşıqlardan ibarət konsert proqramı yer alıb.
Tədbiri AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev açıq elan edərək iştirakçıları, o cümlədən Türkiyədən təşrif buyurmuş qonaqları xüsusi salamlayıb və layihənin əhəmiyyətindən danışıb.
Direktor çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı sərəncam imzalanması, eləcə də dövlət başçısının 2024-cü ildə sənətkarın abidəsinin açılış mərasimində səsləndirdiyi fikirlər bu böyük sənətkarın irsinə verilən yüksək qiymətin göstəricisidir. Qeyd olunub ki, Aşıq Ələsgər irsi yalnız ədəbi hadisə deyil, həm də milli birliyin və tarixi yaddaşın mühüm dayaqlarından biridir.
Hikmət Quliyev bildirib ki, Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin zirvəsi, “Dədə”lik məqamına yüksəlmiş nadir sənətkarlardandır. Onun yaradıcılığında insan və təbiət gözəlliyi, eləcə də təsəvvüfi-irfani düşüncə yüksək bədii səviyyədə ifadə olunub. “Dədə” anlayışının aşıq sənətində xüsusi mənəvi yük daşıdığını deyən natiq bu titulun yalnız seçilmiş sənətkarlara nəsib olduğunu vurğulayıb.
Çıxışda həmçinin qeyd edilib ki, Aşıq Ələsgər ümumtürk aşıq poeziyasının ən möhtəşəm simalarından biri kimi Yunus Əmrə, Əhməd Yəsəvi, Qurbani və Abbas Tufarqanlı kimi böyük sənətkarların davam etdirdiyi irfani-poetik xəttin parlaq nümayəndəsidir.
Direktor diqqətə çatdırıb ki, Aşıq Ələsgər Azərbaycan dilinin saflığını, milli koloritini və bədii zənginliyini özündə əks etdirən nadir poetik nümunələr yaradıb. Onun dili həm sadə, həm də dərin fəlsəfi qatlara malikdir və bu xüsusiyyətlər sənətkarın yaradıcılığını zamanlar üstü edən əsas amillərdəndir.
Bildirilib ki, Azərbaycan aşıq sənətinin UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, eləcə də Aşıq Ələsgərin vəfatının 100 illiyi ilə bağlı bu qurum çərçivəsində qərarın qəbul olunması sənətkara və ümumilikdə aşıq sənətinə verilən beynəlxalq dəyərin göstəricisidir.
Çıxışda Aşıq Ələsgərin heykəlinin ucaldılmasının Qərbi Azərbaycana qayıdış ideyasının, milli yaddaşa və mənəvi köklərə dönüşün simvolu olduğu vurğulanıb. Qeyd edilib ki, Göyçəyə aparan yol xalq ruhunun daşıyıcısı olan folklordan və bu ruhun ən parlaq təcəssümü olan Aşıq Ələsgər irsindən keçir.
Tədbirdə qardaş Türkiyədən qonaq qismində Dünya Karapapak Türkləri Vakfının başkanı Erkan Koçeli, baş katibi Osman Saday və başkan yardımçısı Hikmət Karaboğa, Ərzincan Binəli Yıldırım Universitetinin professoru Ali Kafkasyalı iştirak etmişlər. Professor Ali Kafkasyalı çıxış edərək, həmçinin Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr etdiyi “Göyçənin bilgə ozanı: Aşıq Ələsgər” adlı kitabı barədə geniş məlumat vermiş, əsərin yazılma motivləri və elmi əhəmiyyəti üzərində dayanmışdır. Yusif Nəğməkar çıxışında Aşıq Ələsgər zirvəsinin bədii-estetik və mənəvi miqyasını səciyyələndirmişdir.
Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgər çıxış edərək Aşıq Ələsgər yaradıcılığının az öyrənilmiş və tədqiqata ehtiyacı olan istiqamətlərinə toxunmuş, bu kontekstdə sənətkarın “Dildönməz” şeirini səsləndirmişdir. Daha sonra o, tədbirin təşkilində əməyi keçən Folklor İnstitutunun direktoruna, eləcə də bütün təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirmişdir.
Tədbirin bədii hissəsində Təbriz Vəliyev, Nemət Qasımlı, Telli Borçalı, Gözəl Kəlbəcərli, Ramin Qarayev, Toğrul Ayrumelli və Şahin Qazaxlı tərəfindən Aşıq Ələsgərin poetik nümunələri klassik aşıq havaları üzərində ifa olunmuşdur. Sonda aşıqlardan ibarət xor tərəfindən müxəmməs janrında ifa təqdim edilmişdir. Tədbirin yekununda qonaqlara hədiyyələr təqdim olunmuş və xatirə şəkli çəkdirilmişdir.
Növbəti konsert proqramının 25 may 2026-cı il tarixində ustad sənətkar Hüseyn Saraçlının 110 illik yubileyinə ithaf edilərək keçirilməsi nəzərdə tutulur.











