Folklor İnstitutunda Güney Azərbaycanın aşıq mühitlərinə dair seminar keçirilib

Folklor İnstitutunda Güney Azərbaycanın aşıq mühitlərinə dair seminar keçirilib

27 Aprel 2026, 19:37 / Konfranslar, İclaslar

27 aprel 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsində elmi seminar keçirilib. Seminarda şöbə müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasovanın “Güney Azərbaycan aşıq mühitləri: türk epik ənənəsinin qorunması və dil-üslub fərqliliyi” mövzusunda çıxışı dinlənilib. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Folklor və yazılı ədəbiyyat və “Dədə Qorqud” şöbələrinin də əməkdaşları  iştirak ediblər.

Seminarda Güney Azərbaycan aşıq mühitlərinin formalaşması, inkişaf istiqamətləri, dastançılıq ənənələrinin qorunması və dil-üslub xüsusiyyətləri geniş müzakirə olunub. Qeyd edilib ki, aşıq sənəti sinkretik mədəniyyət hadisəsi kimi ritm, intonasiya, nəzm və nəsrin vəhdətində formalaşaraq xalqın mənəvi yaddaşının əsas daşıyıcılarından biri kimi çıxış edir.

Alim vurğulayıb ki, Güney Azərbaycanda doğma dildə təhsilin məhdudluğu və milli-mənəvi irsin təbliği imkanlarının zəifliyi şifahi ədəbiyyatın, xüsusilə aşıq yaradıcılığının daha geniş yayılmasına səbəb olub. Mətanət Abbasovanın  sözlərinə görə, bu şərait aşıq sənətinin həm qorunmasına, həm də müxtəlif regional mühitlərdə zənginləşərək inkişaf etməsinə təkan verib.

Bildirilib ki, Güney Azərbaycan aşıq mühitləri Qaradağ-Təbriz, Urmiya, Zəncan, Xorasan, Savə və Qaşqay bölgələrini əhatə edir və bu mühitlər dastan repertuarı, saz havaları, dil və üslub xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Xüsusilə Qaradağ-Təbriz və Zəncan aşıq mühitlərinin dastançılıq ənənələrinin qorunmasında mühüm rol oynadığı qeyd olunub.

Alim vurğulayıb ki, Zəncan aşıq mühiti türk epik ənənəsinin qoruyucusu kimi seçilir və burada formalaşan dastanlar milli-etnik dəyərlərin yaşadılmasında mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Urmiya aşıq mühitində sufi-təkkə ənənələrinin təsiri ilə formalaşan fəlsəfi və irfani məzmunlu aşıq yaradıcılığının xüsusi yeri olduğu diqqətə çatdırılıb.

Seminarda dastan yaradıcılığında “haqq aşığı” anlayışı, sazın funksional və simvolik rolu, eləcə də türk dastançılıq ənənələrinin motiv və süjet səviyyəsində qorunması məsələləri də geniş təhlil edilib. Mətanət Abbasovanın sözlərinə görə, möcüzəli doğuluş, buta alma, qəhrəmanın sınaqlardan keçməsi kimi motivlər Güney dastançılığında davamlı şəkildə yaşadılaraq ümumtürk epik yaddaşının tərkib hissəsi kimi qorunur.

Bundan əlavə, çıxışlarda dastanların dil xüsusiyyətlərinə də toxunulub. Qeyd edilib ki, Güney aşıq yaradıcılığında xalq danışıq dili əsas yer tutsa da, ərəb və fars mənşəli sözlərin təsiri də müşahidə olunur. Alim vurğulayıb ki, dilin bu şəkildə formalaşması tarixi-coğrafi və ictimai-mədəni amillərlə bağlıdır və müxtəlif aşıq mühitlərində fərqli səviyyədə təzahür edir.

Elmi seminar müzakirələrlə davam edib və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbirin sonunda Güney Azərbaycan aşıq mühitlərinin daha dərindən araşdırılmasının və bu sahədə elmi tədqiqatların genişləndirilməsinin vacibliyi qeyd olunub.