Əməkdaşımız Qazaxıstanın M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunda keçirilən tədbirlərdə iştirak edib

Əməkdaşımız Qazaxıstanın M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunda keçirilən tədbirlərdə iştirak edib

18 İyul 2023, 09:23 / Mühüm hadisələr

Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyar Qazaxıstan Elmlər Akademiyasının Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun dəvəti ilə Almatı şəhərində rəsmi səfərdə olub. İyulun 7-də sözügedən institutda müəllifin AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunmuş “Edigey haqqında Qızıl Orda dastanı” adlı kitabının (elmi redaktoru: fil.e.d., professor Əfzələddin Əsgər) təqdimatı keçirilib. Əl-Fərabi adına Qazax Milli Universitetinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə “Edigey haqqında Qızıl Orda dastanı” kitabının ərsəyə gəlməsindən, kitabda toplanmış 47 variantdan, tərcümə zamanı ortaya çıxan problemlərdən bəhs olunub və kitab edigeyşünaslara təqdim edilib. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Pakizat Auesbayeva, filologiya üzrə fəlsəfə doktoru Seyilbek Sakenov, filologiya üzrə fəlsəfə doktoru Canat Saltakova, filologiya üzrə fəlsəfə doktoru Nazira Sarsek və doktorantlar Oralbek Almas, Elesbay Nurcuma, Əlyazmalar və mətnşünaslıq şöbəsinin elmi işçisi Piltan Yusuf və başqaları çıxış edərək “Edigey haqqında Qızıl Orda dastanı” kitabının sözügedən dastanın variantlarının öyrənilməsində əhəmiyyətindən və heç bir yerdə nəşr olunmayan bəzi variantların elmi dəyərindən söz açıblar.

İyulun 10-da Qumru Şəhriyar Ədəbiyyat və İncəsənət İnstitutunun təşkil etdiyi “Türk xalqlarının ortaq mirası – Edigey dastanı” adlı seminarda iştirak edib. Seminarda əməkdaşımız “Edigey dastanının variantları və tipologiyası” adlı geniş məruzə ilə çıxış edib. O, əldə etdiyi 80 variant haqqında dinləyicilərə məlumat verib və dastanın bu variantları alimlər tərəfindən maraqla qarşılanıb. Daha sonra institutun Əlyazmalar fondu ilə tanış olan Qumru Şəhriyar həmin variantların böyük bir hissəsini fonda bağışlayıb.

İyulun 11-də isə həmin institutun təşkil etdiyi dəyirmi masada əməkdaşımızın “Qırx batır” silsiləsinin tipoloji strukturu” adlı məruzəsi dinlənilib. Qumru Şəhriyar M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun Elmi şurasının qərarı ilə çapdan çıxan “Elat folkloru antologiyası” adlı kitabın 2-ci cildi ilə tanış olduqdan sonra kitabda göstərilən dastanların tam olmadığını, başqa dastanların bu silsiləyə daxil olduğunu bildirib və həmin dastanlar haqqında geniş məlumat verib.