Elmi Şurada beş illik mövzu planları, türkoloji folklorşünaslıq məsələləri və Kamal Abdullanın “Gizli Dədə Qorqud: yeni mənalar axtarışında” kitabı müzakirə olunub

Elmi Şurada beş illik mövzu planları, türkoloji folklorşünaslıq məsələləri və Kamal Abdullanın “Gizli Dədə Qorqud: yeni mənalar axtarışında” kitabı müzakirə olunub

16 Aprel 2026, 16:38 / Konfranslar, İclaslar

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Hibrid formatda təşkil olunan iclasda Elmi şura üzvləri və gündəlikdə yer alan məsələlərlə bağlı aidiyyəti şəxslər iştirak edib.

İclası giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev əvvəlcə İnstitutun 2026–2030-cu illəri əhatə edən mövzu planı barədə ətraflı məlumat verib. O qeyd edib ki, müasir dövrdə humanitar və sosial elmlər sahəsində baş verən qlobal transformasiyalar, ölkədə həyata keçirilən dövlət siyasətinin prioritetləri, eləcə də son dövrlərdə AMEA-da aparılan islahatlar fonunda folklorşünaslıq qarşısında yeni vəzifələr formalaşmaqdadır. Bu kontekstdə Folklor İnstitutunun elmi istiqamətləri – mövzu planları yenilənib və AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq olunub.

Hikmət Quliyev vurğulayıb ki, uzun müddət İnstitutda aparılan tədqiqatlar əsasən filoloji paradiqmaya müvafiq olaraq mətnmərkəzli olub. Lakin yeni beşillik mövzu planında dünya folklorşünaslıq elminin çağırışlarına söykənməklə sosial-antropoloji folklorşünaslıq yanaşmalarına üstünlük verilib. Bu çərçivədə kollektiv mədəni yaddaş və stereotip dünyagörüşünün tədqiqi, folklorun sosio-psixoloji mahiyyəti, onun mərasimi-performativ və kommunikativ təbiətinin analizi, tarixi-mədəni irs və multikultural folklor mühitlərinin öyrənilməsi, həmçinin sosiotexnoloji platformalar, süni intellekt və folklor münasibətləri, eləcə də peşə və sosial qruplar üzrə folklor nümunələrinin sistemli təhlili kimi istiqamətlər prioritet elmi sahələr kimi müəyyənləşdirilib.

Sonra Hikmət Quliyev Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda keçiriləcək 8-ci “Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə” Beynəlxalq Elmi Simpoziumuna hazırlıq işlərinin gedişi barədə məlumat verib. Direktor bildirib ki, simpoziumun tərəfdaş qurumları artıq müəyyənləşdirilib və tədbirin cari ilin iyun ayının ikinci yarısında keçirilməsi planlaşdırılır. O qeyd edib ki, simpoziumun keçirilməsində əsas məqsəd Türk dövlətləri arasında artıq yüksək səviyyəyə çatmış strateji əməkdaşlıq fonunda elmi əlaqələrin daha da möhkəmləndirilməsi, xüsusilə folklorşünaslıq sahəsində qarşılıqlı elmi inteqrasiyanın dərinləşdirilməsidir. Hikmət Quliyevin sözlərinə görə, türkoloji folklorşünaslıq Türk xalqlarının həm ortaq, həm də spesifik xüsusiyyətlərə malik folklor irsinin müasir çağırışlar kontekstində, sistemli və konseptual nəzəri-metodoloji baza əsasında öyrənilməsini nəzərdə tutur və bu istiqamətdə yeni tədqiqat platformalarının formalaşdırılması mühüm vəzifə kimi qarşıda durur.

Daha sonra iclasda xalq yazıçısı, akademik Kamal Abdullanın “Gizli Dədə Qorqud: yeni mənalar axtarışında” adlı kitabı müzakirə olunub. Hikmət Quliyev çıxışında Kamal Abdullanın hələ 1980-ci illərdən etibarən “Kitabi-Dədə Qorqud” eposu üzərində sistemli və ardıcıl tədqiqatlar apardığını xatırladaraq, onun eposa yanaşmada “gizli məna” konsepsiyasını irəli sürməsinin qorqudşünaslıqda yeni mərhələ açdığını vurğulayıb. Alim qeyd edib ki, Kamal Abdullanın araşdırmaları yalnız interpretativ baxımdan deyil, həm də metodoloji yenilikləri ilə seçilir və bu sahədə orijinal, konseptual istiqamətin formalaşmasına səbəb olub. Eposa “mif və yazı”, “məntiq və məntiqsizlik”, “semantik boşluqlar”, “semantik sayrışmalar”, eləcə də mifolinqvistik yanaşmalar prizmasından baxış, şübhəsiz ki, qorqudşünaslığın nəzəri çərçivəsini genişləndirən mühüm elmi nəticələrdir.

Müzakirələrdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Sərxan Xavəri çıxışı edərək Kamal Abdullanın elmi və bədii yaradıcılığının qarşılıqlı şəkildə zənginləşərək çoxşaxəli bir yaradıcılıq modeli formalaşdırdığını qeyd edib. O, hər iki istiqamətdə “Kitabi-Dədə Qorqud” motivlərinin, qorqudşünaslıq problemlərinin və qədim türk mədəniyyətinə aid çoxqatlı semantik strukturların ardıcıl şəkildə işlənildiyini vurğulayıb. Bildirilib ki, müəllifin nəzəri yanaşması yalnız filoloji çərçivə ilə məhdudlaşmayaraq, dərin təxəyyül, mifoloji düşüncə və elmi refleksiyanın sintezi əsasında yeni interpretasiya istiqamətləri yaratmış, uzunmüddətli yaradıcılıq prosesində bu konseptual xətt keyfiyyətcə yeni mərhələyə yüksəldilərək əsərlərində sistemli şəkildə ifadə olunub.

Çıxışında həmçinin Sərxan Xavəri kitabın ümumi dəyərləndirilməsində iki mühüm aspektin əsas götürüldüyünü qeyd edib: kontekstin müəyyənləşdirilməsində antropoloji universalizm və mətn təhlilində semantik dərinlik prinsipinin rəhbər tutulduğu diqqətə çatdırıb. Alim vurğulayıb ki, əsərdə “Kitabi-Dədə Qorqud” yalnız etnik-mədəni kontekst daxilində deyil, ümumbəşəri mədəniyyətin ilkin təşəkkül mərhələsi çərçivəsində təhlilə cəlb olunaraq, insanlığın mədəni inkişaf modelinin simvolik ifadəsi kimi təqdim edilib. Bu baxımdan, tədqiqatda “Kitabi-Dədə Qorqud”dan dünyaya və dünyadan “Kitabi-Dədə Qorqud”a istiqamətlənən qarşılıqlı baxış bucaqlarının qurulduğu, mifoloji yaddaşın, müəllim-şagird münasibətlərinin və informasiya ötürülməsi mexanizmlərinin konseptual şəkildə şərh edildiyi diqqətə çatdırılıb. Sonda Sərxan Xavəri Kamal Abdullanın “Gizli Dədə Qorqud: yeni mənalar axtarışında” monoqrafiyasının həm elmi-nəzəri dəyəri, həm də metodoloji yeniliyi baxımından yüksək qiymətləndirildiyini və müvafiq mükafatlara layiq olduğunu vurğulayıb.

Daha sonra filologiya elmləri doktoru, dosent Səfa Qarayev çıxış edib. O, qeyd edib ki, klassik təsviri-filoloji yanaşmalardan fərqli olaraq, müasir mərhələdə “Kitabi-Dədə Qorqud” mətninə semantik müstəvidə yanaşma tədqiqatların əsas istiqamətlərindən birinə çevrilib və bu istiqamətin formalaşmasında Kamal Abdullanın “Gizli Dədə Qorqud” konsepsiyası mühüm rol oynayıb. Alim bildirib ki, əvvəlki tədqiqatlarda daha çox tarixi-xronoloji və süjet kontekstləri ön plana çəkildiyi halda, Kamal Abdulla tərəfindən mətnin daxili semantik əlaqələrinin, səbəb-nəticə münasibətlərinin və gizli məna qatlarının araşdırılması prioritet istiqamət kimi müəyyənləşdirilib. Bu yanaşma nəticəsində folklor mətninə münasibətdə yeni tipli sualların formalaşdığı və semantik problemlərin elmi diskursda aktuallaşdırıldığı vurğulanıb.

Səfa Qarayev çıxışında həmçinin qeyd edib ki, Kamal Abdullanın tədqiqatlarının yeniliyi yalnız təqdim etdiyi nəticələrdə deyil, eyni zamanda elmi təfəkkürün istiqamətləndirilməsində və metodoloji yanaşmanın transformasiyasında özünü göstərir. Kamal Abdullanın yanaşmasının semiotik, psixoloji və mətnmərkəzli analiz prinsiplərinin sintezinə əsaslandığı qeyd edən alim, bu kontekstdə qorqudşünaslıqda yeni elmi diskursun formalaşdığını diqqətə çatdırıb. Vurğulayıb ki, bu konsepsiya çərçivəsində “Kitabi-Dədə Qorqud”a həm daxili mətn reallığı, həm də tədqiqatçı-subyekt münasibəti kontekstində baxış bucaqları genişlənmiş, abidənin hər yeni interpretasiyada fərqli semantik qatlarının üzə çıxarılması mümkün olub. Səfa Qarayev sözügedən tədqiqatların yalnız Azərbaycan folklorşünaslığı üçün deyil, ümumtürkoloji elmi mühit üçün də xüsusi əhəmiyyət kəsb etdiyini və yüksək elmi dəyərə layiq olduğunu qeyd edib.

Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafar­lı çıxış edərək Kamal Abdullanın “Gizli Dədə Qorqud” konsepsiyasının qorqudşünaslıqda semiotik-sinergetik yanaşma müstəvisində formalaşdırılmış yeni elmi istiqamət kimi dəyərləndirildiyini qeyd edib. Alim vurğulayıb ki, əsərdə “Kitabi-Dədə Qorqud” mətni çoxqatlı, kodlaşdırılmış semantik sistem kimi şərhi edilib. Bildirib ki, müəllif tərəfindən epik mətnin açıq narrativ səviyyəsi ilə yanaşı, gizli simvolik-semiotik qatlarının müəyyənləşdirilməsi, arxaik düşüncə modellərinin struktur-semantik rekonstruksiyası həyata keçirilib.

Çıxışında həmçinin professor Ramazan Qafarlı qeyd edib ki, tədqiqatda arxetipik şifrələr, “sükut zonaları”, mifoloji transformasiya mexanizmləri və semiotik kodlar sistemli şəkildə təhlilə cəlb olunaraq mətnin daxili semiosferi üzə çıxarılıb. Alim Kamal Abdullanın yanaşmasının dekonstruktiv və post-strukturalist metodologiya ilə səsləşdiyini, dual təfəkkür paradiqması əsasında sakral/profan, mərkəz/periferiya, söz/sükut kimi oppozisiyaların yenidən şərh edildiyini diqqətə çatdırıb. Nəticə etibarilə, əsərin yalnız filoloji təhlil nümunəsi kimi deyil, mifoloji yaddaşın yenidən mənalandırılması və alternativ interpretasiya modellərinin formalaşdırılması baxımından mühüm elmi təcrübə olduğu qeyd edilib.

Müzakirə zamanı Folklor İnstitunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy çıxış edərək vurğulayıb ki, Kamal Abdulla “Kitabi-Dədə Qorqud”a həsr olunmuş tədqiqatlarının oğuz epos düşüncəsinin kimlik və struktur qatlarını yeni elmi müstəvidə izah edib. Alim bildirib ki, Kamal Abdulla həm dilçi, həm də yazıçı kimi formalaşmış unikal intellektual potensialı ilə mətnə çoxqatlı yanaşma təqdim edir və onun tədqiqatları mətnin sistemli oxunuşu, analitik interpretasiyası və semantik dərinliklərinin üzə çıxarılması baxımından fərqlənir. Professor vurğulayıb ki, müəllifin “mif və poetika”, mifin gücsüzlüyü və yazı təfəkkürü kimi problemlərə yanaşması qorqudşünaslıqda əvvəllər sistemli şəkildə işlənilməmiş yeni elmi istiqamətlərin formalaşmasına şərait yaradıb.

Professor Seyfəddin Rzasoy çıxışında həmçinin qeyd edib ki, Kamal Abdullanın əsərlərində Dəli Domrul, Təpəgöz, Beyrək kimi obrazlarla bağlı suallar ənənəvi izah modellərindən kənara çıxarılaraq fərqli interpretativ çərçivədə cavablandırılır, bu isə folklor mətnlərinin semantik yenidən oxunuşunu təmin edir. Professor bu yanaşmanın yalnız fərdi elmi nailiyyət kimi deyil, ümumilikdə Azərbaycan folklorşünaslıq elminin inkişaf səviyyəsinin göstəricisi kimi dəyərləndirilməsinin mümkün olduğunu qeyd edib. Eyni zamanda vurğulayıb ki, sözügedən kitabın yüksək elmi dəyərə layiq görülməsi həm müəllifin yaradıcılıq uğuru, həm də Azərbaycan folklorşünaslıq elminə verilən strateji əhəmiyyətin ifadəsi kimi qiymətləndirilməlidir.

Daha sonra Folklor İnstitunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlilin çıxışı dinlənilib. O, Kamal Abdullanın tədqiqatında “Kitabi-Dədə Qorqud” mətnində qəhrəmanlıq modelinin yalnız epik-təsviri səviyyədə deyil, həm də funksional və davranış strategiyaları kontekstində dəyərləndirildiyini qeyd edib. Alim bildirib ki, mətn daxilində təqdim olunan hadisələr və obrazların fəaliyyəti müəyyən taktiki hərəkətlər sistemi kimi şərh edilərək qəhrəman davranışının struktur xüsusiyyətləri və məqsədyönlü fəaliyyəti ön plana çıxarılıb.

Çıxışında Ağaverdi Xəlil vurğulayıb ki, Kamal Abdullanın “Gizli Dədə Qorqud: yeni mənalar axtarışında” monoqrafiyasında bu yanaşma çərçivəsində qarşıdurma, mübarizə və fəaliyyət aktları sadəcə süjet elementi kimi deyil, semantik yük daşıyan struktur komponentlər kimi təhlil edilib. Qəhrəmanların aktiv mövqeyi, qərarvermə mexanizmləri və situativ davranış modelləri sistemli şəkildə araşdırılaraq, onların epik mətn daxilində funksional rolu müəyyənləşdirilib. Sonda alim qeyd olunan yanaşmanın folklor mətnlərinin interpretasiyasında yeni analitik imkanlar açdığını və elmi baxımdan əhəmiyyətli nəticələr ortaya qoyduğunu diqqətə çatdırıb.

Müzakirədə İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova və elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasovun da çıxışı dinlənilib. Onlar çıxışlarında Kamal Abdullanın “Gizli Dədə Qorqud: yeni mənalar axtarışında” monoqrafiyasının müasir folklorşünaslıqda nəzəri-metodoloji yenilikləri ilə seçildiyini vurğulayıb, əsərdə “Kitabi-Dədə Qorqud” mətninin çoxqatlı semantik strukturu əsasında sistemli təhlilin aparıldığını qeyd ediblər. Bildirilib ki, tədqiqatda tətbiq olunan yanaşmalar milli-mədəni irsin öyrənilməsində yeni interpretasiya imkanları açaraq qorqudşünaslıqda aktual elmi istiqamətlərin formalaşmasına töhfə verib, nəticə etibarilə əsərin yüksək elmi dəyərə malik olduğu və nəşr baxımından əhəmiyyətli elmi hadisə kimi qiymətləndirildiyi diqqətə çatdırılıb.

Cari məsələlər bölməsində Nərmin Babayevanın “Etioloji miflərin semantikası” monoqrafiyasının nəşri məsələsinə baxılıb. Elmi katib, filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasov mövzu ilə bağlı məlumat verərək əsərin elmi aktuallığını və nəşrinin məqsədəuyğunluğunu əsaslandırıb. Müzakirələrdən sonra monoqrafiyanın nəşrə tövsiyə olunması barədə qərar qəbul edilib.

İclasın sonunda gündəlikdə yer alan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.