XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşı Daşkənddə beynəlxalq simpoziumda məruzə edib
02–04 aprel 2026-cı il tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində, Özbəkistan Elmlər Akademiyasında görkəmli folklorşünas alim, əməkdar elm xadimi, akademik Törə Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş III Beynəlxalq Türk Xalq Kültürü Simpoziumu keçirilib.
Simpoziumda AMEA Folklor İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Aynur Aydın qızı İbrahimova “Özbək dastançılıq məktəblərinin özünəməxsus xüsusiyyətləri (Xarəzm dastançılıq məktəbləri timsalında)” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Xarəzm baxşı ifaçılığının təşəkkülünün dastan janrının formalaşması prosesi ilə üzvi şəkildə bağlı olduğu elmi əsaslarla izah edilib, Xarəzm bölgəsində bu sənətin yaranma və inkişaf mərhələləri təhlil olunub. Bununla yanaşı, baxşılıq ənənəsində pir statusu qazanmış Aşıq Aydın haqqında qaynaqlara əsaslanan məlumatların bu günədək qorunub saxlanıldığı diqqətə çatdırılıb, onunla bağlı dastan nümunələrinin tarixi-genetik xüsusiyyətləri sistemli şəkildə şərh edilib.
Eyni zamanda, Aynur İbrahimova simpozium çərçivəsində “Qorqud Ata” panelində moderator kimi çıxış edib.
Qeyd edək ki, “Türk xalqları folklorunun müqayisəli tədqiqi: yerli xüsusiyyətlər və elmi-nəzəri yanaşmalar” mövzusuna həsr olunan beynəlxalq elmi tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Almaniya, Koreya və Qırğızıstandan ümumilikdə 219 alim və tədqiqatçı iştirak edib, 204 elmi məruzə təqdim olunub. Simpozium çərçivəsində məruzələr “Alpamış”, “Qorqud Ata”, “Saqibülbül”, “Koroğlu”, “Malika Ayyar”, “Kuntugmuş”, “Aşıq Qərib” və digər tematik bölmələr üzrə dinlənilib.
Simpozium Özbəkistan Elmlər Akademiyası, Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutu, Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyi, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Dil və Ədəbiyyat Universiteti, Özbəkistan Yazıçılar Birliyi, Türk Kültürü Araşdırmaları İnstitutu, Ege Universiteti, AMEA Folklor İnstitutu, Ankara Hacı Bayram Vəli Universiteti, Cənubi Koreyanın Dongduk Universitetinin Avrasiya Araşdırmaları İnstitutu, Türk Arxeoloji Mədəni İrs İnstitutu və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) kimi bir sıra nüfuzlu elmi və ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbir çərçivəsində akademik Törə Mirzəyevin üçcildlik əsərlərinin təqdimatı baş tutub.



