XƏBƏRLƏR
Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.
Ölkəmizdə səhiyyənin və tibb elminin inkişafına verdiyi əhəmiyyətli töhfələri, milli mənəvi-əxlaqi dəyərlərə, eyni zamanda, müasirlik və inkişafa bağlılığı, xeyirxah və nəcib əməlləri, mənalı ömrü ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış akademik Zərifə Əliyevanın adı XX əsr Azərbaycanın tarixinin ən görkəmli və yaradıcı simaları sırasına qızıl hərflərlə yazılmışdır.
Əliyeva Zərifə Əziz qızı 28 aprel 1923-cü ildə Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini (1947) fərqlənmə diplomu ilə bitirmişdir. 1947-1949-cu illərdə Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda (Moskva ş.) diplomdan sonrakı hazırlıq fəaliyyəti nəticəsində oftalmologiya ixtisası üzrə mütəxəssis kimi təkmilləşmişdir.
Zərifə xanım Əliyeva 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda tibb elmləri üzrə namizədlik, 1976-cı ildə H.Helmqolts adına ET Göz Xəstəlikləri İnstitutunda (Moskva ş.) “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda tibb elmləri üzrə doktorluq dissertasiyalarını müdafiə etmiş, professor elmi adı almış (1977), Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir (1983). Alim Moskva ET Göz Xəstəlikləri İnstitutunda elmi işçi (1949), böyük elmi işçi (1960-1967), Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri vəzifələrində çalışmışdır (1967-1985).
Həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbi olmuş Zərifə Əliyevanın həkimlik fəaliyyəti və uzunmüddətli elmi araşdırmaları Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə və AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya institutlarında oftalmologiya elminin müxtəlif aktual nəzəri və praktiki problemlərinə həsr edilmişdir. Bu tədqiqatların nəticələri kimi irəli sürülən yeni və effektiv müalicə metodları, kompleks profilaktik tədbirlər hər zaman təqdirlə qarşılanmış, müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır.
Geniş dünyagörüşü, fitri istedadı, dərin bilikləri və intellekti ilə seçilmiş bu böyük alimin göz xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi üzrə apardığı uğurlu tədqiqatlar 70-ci illərdə Bakı Məişət Kondisionerləri zavodunda onun təşəbbüsü ilə təşkil edilmiş və Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi hesab edilən ixtisaslaşdırılmış Görmə orqanlarının peşə patologiyası elmi tədqiqat laboratoriyasında daha da dərinləşdirilmişdir.
Akademik Zərifə Əliyeva eksperimental tədqiqatlar nəticəsində istehsalatda aşağı intensivlikli zərərli maddələrin görmə orqanına təsirinin mühüm qanunauyğunluqlarını aşkar etmişdir. Onun oftalmologiya sahəsində çoxşaxəli elmi fəaliyyətinin əsas istiqamətini traxoma xəstəliyinin klinikası, görmə orqanının fiziologiyası və peşə xəstəliklərinin təsiri nəticəsində baş verən göz patologiyalarının profilaktikası, diaqnostikası və müalicəsi, kimya sənayesi müəssisələrinin işçilərində görmə orqanının vəziyyəti, herpetik göz xəstəlikləri, ağır virus konyunktivitləri, gözün hidrodinamik sisteminin fizioloji-anatomik xarakteristikası, göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi, şəkərli diabet zamanı göz xəstəlikləri, terapevtik oftalmologiya, qlaukoma problemləri və s. təşkil etmişdir. Alim eyni zamanda perspektivli müalicə üsulu olan iridodiaqnostikanın korrelyasiya xüsusiyyətləri üzrə tədqiqatlar aparmış, bunun əsasında profilaktik tədbirlər planı işləyib hazırlamışdır.
Akademik Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmış, bu sahədə əldə etdiyi elmi nəticələr respublikada və xarici ölkələrdə çap olunmuş 150-dən çox elmi əsərdə öz əksini tapmışdır. Alim 12 monoqrafiya, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi olmuşdur.
Böyük alimin “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Gözyaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Gözyaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlamışdır. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazmışdır.
Akademik Zərifə Əliyevanın elmi-pedaqoji fəaliyyəti respublikada yüksəkixtisaslı gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslinin yetişməsinə və oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə onlarla elmlər namizədi və elmlər doktoru hazırlanmışdır.
Akademik Zərifə Əliyeva həkimlik, elmi və elmi-təşkilati fəaliyyəti ilə yanaşı, respublikanın ictimai həyatında fəal iştirak edərək böyük xidmətlər göstərmişdir. Alim SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, Ümumittifaq «Bilik» Cəmiyyətinin və SSRİ Oftalmoloqlar Elmi Cəmiyyətinin idarə heyətlərinin, «Oftalmologiyanın xəbərləri» jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Akademik Zərifə Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının “Akademik M.Averbax” mükafatı ilə təltif olunan (1981) ilk qadın alim olmuş, Əməkdar elm xadimi fəxri adına (1982) layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” ordeni (1982) ilə təltif edilmişdir. AR Səhiyyə Nazirliyinin Milli Oftalmologiya Mərkəzi akademik Zərifə xanım Əliyevanın adını daşıyır.
Müasirlərinin qeyd etdiyi kimi, Zərifə xanım qeyri-adi ana idi və övladlarına münasibəti də son dərəcə özünəməxsus idi. Bu cür qayğıkeş və dərin sevgi ilə yoğrulmuş münasibətə nadir hallarda rast gəlinir. O, övladlarını Ulu Tanrının bəxş etdiyi müqəddəs bir nur payı kimi qəbul edirdi. Analıq məsuliyyətini yerinə yetirərkən özünü əsirgəmir, heç bir çətinlikdən çəkinmirdi. Bəzən analar övlad sevgisində elə ucalıqlara yüksəlirlər ki, bu, ətrafdakıları heyran qoyur. Zərifə xanım da məhz belə fədakar analardan biri idi.
Akademik Zərifə Əliyeva 15 aprel 1985-ci ildə Moskva şəhərində vəfat etmiş, 1994-cü ildə cənazəsi Bakıya gətirilərək I Fəxri Xiyabanda dəfn olunmuşdur.
Böyük oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi heç zaman unudulmayacaq, xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.