Folklor İnstitutunda “Heydər Əliyev və gənclik” adlı tədbir keçirilib

Folklor İnstitutunda “Heydər Əliyev və gənclik” adlı tədbir keçirilib

14 İyul 2023, 09:20 / Konfranslar, İclaslar

14 iyul 2023-cü il tarixində AMEA Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və gənclik” adlı tədbir keçirilib. Folklor İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə institut əməkdaşları ilə yanaşı, Qarabağ veteranı, jurnalist, filologiya üzrə fəlsəfə doktoru Tahir Paşazadə də iştirak edib.

Tədbiri giriş sözü ilə açan Folklor İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Xanım Mirzəyevə bildirib ki, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq gənclərimiz dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında müvəffəqiyyətlə təmsil olunur, öz bilik və bacarıqlarını nümayiş etdirirlər.

Sonra “Heydər Əliyevin gənclər siyasəti” mövzusunda çıxış edən fil.ü.f.d. Tahir Paşazadə Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətinin əsasında duran əsas müddəaları diqqətə çatdırıb. O bildirib ki, gənc nəslin milli-mənəvi ruhda tərbiyə olunması, gənclərin intellektual potensialının artırılması üçün təhsil islahatlarının aparılması, onların vətənpərvərlik ruhunda təşkilatlanmasını təmin etmək, dövlətin idarə olunmasında rolunu artırmaq kimi məsələlər Heydər Əliyevin gənclər siyasətinin əsasını təşkil edir.

Sonda çıxış üçün söz alan AMEA Folklor İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk vaxtlardan elm və mədəniyyətin inkişafı istiqamətində misilsiz xidmətlərindən, folklora və folklorşünaslığa münasibətin müsbət mənada dəyişməsindən danışaraq, Folklor İnstitutunun məhz Ulu Öndərin tövsiyəsi ilə yaradıldığını vurğulayıb.