XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşları XI Beynəlxalq Altay Topluluqları Simpoziumunda məruzə ilə çıxış ediblər
4-7 iyul 2023-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində XI Beynəlxalq Altay Topluluqları Simpoziumu keçirilib. Ənənəvi olaraq iki ildə bir dəfə keçirilən, altayşünas alimləri bir araya gətirən, onların fikir mübadiləsində və gələcək əməkdaşlığının inkişafında önəmli rol oynayan sözügedən simpozium Əl-Fərabi adına Qazax Milli Universitetinin ev sahibliyi və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinə bağlı TİKA, Türk Dünyası Bələdiyyələr Birliyi, TÜRKSOY, İSTESOB, İstanbul 29 Mayıs Universiteti, Ahi Kültürünü Araştırma və Eğitim Vəqfinin birgə təşkilatçılığı ilə keçirilib.
“Altay xalqlarında yer və su adları” mövzusunda keçirilən XI Beynəlxalq Altay Topluluqları Simpoziumunda Qırğızıstan, Özbəkistan, Türkiyə, Azərbaycan, Rusiya, Polşa, Macarıstan, Yaponiya, Tayvan və Monqolustandan 184 alim və tədqiqatçının məruzəsi dinlənilib.
Tədbiri giriş sözü ilə açan Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru, professor Janseit Tuymebayev simpoziumun əhəmiyyətindən danışaraq, qədim dövrlərdən günümüzədək şifahi və yazılı mənbələrdə rast gəlinən toponimlərdə fonetik və morfoloji dəyişikliklərin təhlil olunması istiqamətində müştərək araşdırmaların aparılmasının, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin önəmli olduğunu vurğulayıb.
Simpoziumda AMEA Folklor İnstitutunun əməkdaşları – filologiya üzrə fəlsəfə doktorları Qalib Sayılov və Aynur İbrahimova da məruzə ilə çıxış ediblər.
Simpoziumun açılış toplantısında çıxış edən dosent Qalib Sayılov bu kimi tədbirlərin türk xalqlarının mənəvi birliyinin qorunub saxlanmasında, elmi-mədəni əlaqələrin inkişafında əhəmiyyətindən bəhs edib. Simpoziumun bölmə iclasında dosent Aynur İbrahimova “Koroğlu” – “Goroğlu” dastanlarında epik məkan Çənlibel” adlı məruzəsində Çənlibel, Çamlıbel, Çembil toponiminin coğrafiyası ilə bağlı fərqli mülahizələrdən, sözün etimologiyasından və “Koroğlu” dastanında adı çəkilən toponimlərin bu gün coğrafi məkan olaraq mövcudluğundan söz açıb. Dosent Qalib Sayılov isə “Şamaxı toponiminin geneoloji və etimoloji təhlili” mövzusunda məruzə edib. Əməkdaşımız çıxışı zamanı Azərbaycanın ən qədim inzibati və mədəniyyət mərkəzlərindən olan Şamaxının tarixi İpək Yolunun fəaliyyətində, iqtisadi və mədəni əlaqələrin genişlənməsində mühüm rol oynadığı qeyd edib.
Simpoziumun rəsmi bağlanış mərasimində də çıxış edən Aynur İbrahimova Qazaxıstan və Azərbaycanı birləşdirən ortaq tarixdən danışaraq, simpoziumun işini yüksək qiymətləndirib və bu kimi tədbirlərin türk dövlətləri arasında elmi-mədəni münasibətlərin daha da inkişafına gətirib çıxaracağını vurğulayıb.
Tədbirin sonunda Beynəlxalq Altay Topluluqları Simpoziumu Təşkilat Komitəsinin həmsədri, Prof.Dr. İlhan Şahin çıxış edərək simpoziumun bütün iştirakçılarına dərin təşəkkürünü bildirib və konfransın növbəti illərdə Tayvan, Azərbaycan və Macarıstanda keçirilməsini hədəflədiklərini diqqətə çatdırıb.