XƏBƏRLƏR
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Novruz bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
Hörmətli həmkarlar!
Sizi Azərbaycan xalqının əsrlərdən bəri yaşadaraq bu günə gətirdiyi, ən qədim və əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni elmi nailiyyətlər arzulayıram.
Novruz bayramı minilliklər boyu xalqımızın milli-mənəvi dəyərlərini, birlik və həmrəyliyini özündə yaşadan doğma bir bayram olmuşdur. Baharın gəlişini, təbiətin oyanışını, həyatın yenilənməsini əks etdirən bu əziz bayram daim xalqımıza sevinc bəxş etmişdir.
Xalqımızın milli kimliyini, mənəvi dəyərlərini və adət-ənənələrini daim yüksək tutmuş Ümummilli Lider Heydər Əliyev sovet hakimiyyəti illərində də Novruz ənənəsinin davam etdirilməsinə çalışmış, müstəqillik dövründə isə bu bayramın dövlət səviyyəsində qeyd olunmasına xüsusi önəm verərək el şənliklərində şəxsən iştirak etmişdir.
Bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Novruz bayramını xalqımızla birgə, geniş təntənəli şəkildə qeyd edirlər.
Prezident İlham Əliyevin 2021-ci ilin mart ayında Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırması və xalqımıza müraciəti, torpaqlarımızın işğaldan azad edilməsindən sonra ilk Novruz bayramını burada qeyd etməsi müstəqillik dövrümüzün, Ali Baş Komandanımızın liderliyində dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş ölkəmizin tarixində unudulmaz hadisələrdən biridir.
Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi də mütəmadi olaraq ölkəmizin mədəni irsinin araşdırılmasında, gənc nəsil arasında Novruz bayramının adət-ənənələrinin yaşadılması və təbliğində mühüm rol oynayır.
Əziz həmkarlar!
Bir daha sizləri Novruz bayramı münasibətilə təbrik edir, cansağlığı, evlərinizə sevinc, süfrələrinizə bərəkət, xalqımıza əmin-amanlıq arzulayıram.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik