Folklor İnstitutunda “Novruz bayramı: kollektiv yaddaş və regional özəlliklər” mövzusunda elmi sessiya təşkil olunub

Folklor İnstitutunda “Novruz bayramı: kollektiv yaddaş və regional özəlliklər” mövzusunda elmi sessiya təşkil olunub

18 Mart 2026, 17:43 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunda Novruz bayramına həsr olunmuş “Novruz bayramı: kollektiv yaddaş və regional özəlliklər” mövzusunda elmi sessiya keçirilib. Tədbirdən əvvəl iştirakçılar institutun Novruz bayramı ilə bağlı nəşrlərindən ibarət təşkil olunmuş sərgi ilə tanış olublar.

Elmi sessiyanı giriş sözü ilə açan AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Novruz bayramının Azərbaycan xalqının kollektiv yaddaşında tutduğu yeri, mərasimin ritual-mifoloji köklərini elmi-nəzəri kontekstdə dəyərləndirib. O qeyd edib ki, Novruz yalnız təqvim mərasimi deyil, həm də mədəni kodları, arxaik dünya modellərini və sosial davranış normalarını özündə birləşdirən kompleks semantik sistemdir. Bu baxımdan bayramın öyrənilməsi folklorşünaslıq, etnologiya və mədəni antropologiya istiqamətlərində aparılan tədqiqatların kəsişmə nöqtəsində dayanır və xalqın tarixi təcrübəsinin rekonstruksiyası üçün mühüm elmi material təqdim edir.

Direktor çıxışında həmçinin vurğulayıb ki, qloballaşma şəraitində milli-mədəni irsin qorunması və sistemli şəkildə arxivləşdirilməsi prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, xüsusilə regional xüsusiyyətlərin, o cümlədən Qərbi və Güney Azərbaycana məxsus Novruz ənənələrinin toplanması və müqayisəli şəkildə tədqiqi ümumazərbaycan mədəniyyətinin bütöv mənzərəsini formalaşdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Hikmət Quliyev qeyd edib ki, bu kimi elmi sessiyalar həm mövcud biliklərin ümumiləşdirilməsinə, həm də yeni tədqiqat perspektivlərinin müəyyənləşdirilməsinə xidmət edir.

Sessiyada filologiya elmləri doktoru, dosent Mətanət Abbasova “Güney Azərbaycanda Novruz ənənələri” mövzusunda çıxış edərək, bu bölgənin ümumazərbaycan folklorunun ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, tarixi proseslər nəticəsində bölünmüş Azərbaycan coğrafiyasında xalq öz milli kimliyini qorumaq üçün əsasən şifahi xalq ədəbiyyatına söykənmiş, dilini, tarixini və mədəniyyətini məhz folklor vasitəsilə yaşadıb. Məruzəçi qeyd edib ki, Güney Azərbaycanda da Novruz bayramı xalqın milli-mənəvi dəyərlərini, dünyagörüşünü və tarixi yaddaşını özündə əks etdirən zəngin bir mədəni sistem kimi qorunub saxlanılır.

Məruzədə Güney Azərbaycanda Novruzla bağlı mərasim və adətlərin regional xüsusiyyətləri geniş şəkildə təhlil olunub. Bildirilib ki, çərşənbələr “Xəbərçi”, “Yalançı”, “Külə” və “Axır” kimi adlarla qeyd olunur, bəzi hallarda isə “oğru” və “doğru” çərşənbələr kimi fərqləndirilir. Məruzəçi “Nadara”, “Atil-batil” kimi mərasimlərdən, həmçinin “tonqal qalama”, “səməni cücərtmə”, “təkə oynatma”, “şal sallama” ənənəsindən bəhs edərək, bu ritualların bayramın sosial-mədəni funksiyalarını əks etdirdiyini diqqətə çatdırıb. O, su ilə bağlı inancların - “nisan suyu” və “çilyasin suyu” kimi qədim adətlərin də xalqın dünyagörüşündə mühüm yer tutduğunu qeyd edib və bütün bu adətlərin Novruzun yalnız bayram deyil, bütöv bir mədəni yaddaş sistemi olduğunu bir daha təsdiqlədiyini vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlkin Rüstəmzadə “Son illər Novruz bayramı ilə bağlı toplanmış materialların icmalı: yerli özəlliklər” mövzusunda çıxış edərək, bölgələr üzrə Novruz ənənələrinin zənginliyi və çoxşaxəliliyi barədə ətraflı məlumat verib. Bildirib ki, xalq arasında çərşənbələrin sabit ardıcıllığı müşahidə olunmur, lakin ümumilikdə bayrama qədər dörd çərşənbə qeyd edilir və sonuncu ilaxır çərşənbəyə təsadüf edir. Bu çərşənbələr çox vaxt dörd ünsürlə əlaqələndirilir, lakin onların oyanma ardıcıllığı barədə vahid təsəvvür yoxdur. Məsələn, Göyçə mahalı ərazisində çərşənbələr ünsürlərə görə deyil, həmin gün icra olunan fəaliyyətlərə əsasən adlandırılır: boş təki, kül-zibil təki, ölü təki və ilaxır təki. Bu bölgədə Novruz öncəsi keçirilən mərasimlər, oyunlar və təmizlik ayinləri bayramın sosial və ritual məzmununu aydın şəkildə əks etdirir.

Məruzədə həmçinin çərşənbələrlə yanaşı “cəmrə” anlayışının da mövcud olduğu vurğulanıb. Qeyd olunub ki, cəmrələr xalq inanclarında havaya, suya və torpağa düşərək təbiətin oyanmasını simvolizə edir və əkin-biçin dövrünün başlanmasına işarə verir. Bölgələrdə axır çərşənbə ilə bağlı su ayinləri, fal mərasimləri, hana başı yığıncaqları, sulaşma, yelləncək (“kuf”) gecələri kimi müxtəlif adətlər geniş yayılıb. Eyni zamanda, bəzi yerlərdə Novruz Həzrət Əli ilə əlaqələndirilərək “Əli bayramı”, “Əlinin qırmızı bayramı” kimi qeyd olunur, buna görə də bayram günlərində geyimlərdə qırmızı rəng üstünlük təşkil edir. Bütün bu nümunələr Novruz ənənələrinin regional xüsusiyyətlərini, inanclar sistemini və xalq yaddaşında qorunub saxlanan zəngin mədəni irsi nümayiş etdirir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Gülsümxanım Həsilova “Qərbi Azərbaycanda Novruz adətləri milli kimliyin göstəricisi kimi” mövzusunda çıxış edərək Qərbi Azərbaycan folklorunun öyrənilməsinin xüsusilə deportasiya proseslərindən sonra daha da аktuallaşdığını diqqətə çatdırıb. O bildirib ki, doğma torpaqlarından didərgin düşmüş insanların yaddaşında yaşayan zəngin söz xəzinəsi və mənəvi mədəni irs unudulmaq təhlükəsi ilə üz-üzə qalıb. Məruzəçi vurğulayıb ki, Qərbi Azərbaycan hər zaman zəngin şifahi ədəbiyyatı və mənəvi mədəniyyəti ilə seçilən bölgə olub və bu irsin toplanması, qorunması və gələcək nəsillərə çatdırılması ziyalıların qarşısında duran ən mühüm vəzifələrdəndir. O, həmçinin Novruz bayramının milli kimliyin daşıyıcısı kimi əhəmiyyətini qeyd edərək, bu ənənələrin öyrənilməsinin vacibliyini xüsusi olaraq önə çəkib.

Gülsümxanım Həsilova çıxışında Qərbi Azərbaycanda Novruz mərasimlərinin özünəməxsus regional xüsusiyyətlərini geniş şəkildə təhlil edib. Bildirib ki, bölgədə xüsusilə ilaxır çərşənbə əsas mərasimlərin icra olunduğu gün kimi qeyd edilir və çərşənbələr müxtəlif adlarla tanınır. Göyçə mahalında çərşənbələrin “boş təki”, “kül-zibil təki”, “ölü təki” və “ilaxır təki” kimi adlandırıldığını qeyd edən məruzəçi, bu günlərdə ev-eşiyin təmizlənməsi, qəbirüstü ziyarətlər və kollektiv mərasimlərin keçirildiyini vurğulayıb.

Elmi sessiya çıxışlarla davam edib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Filologiya elmləri doktoru, professor Almaz Həsənqızı Ordubadda Novruz mərasimlərində icra olunan arxaik rituallar, filologiya üzrə fəlsəfə doktoru dosent Elçin Abbasov, filologiya elmləri doktoru, dosent Şakir Albalıyev çərşənbələrin özəllikləri, şöbə müdiri Afaq Mustafayeva Novruz mərasimi zamanı bayram xonçalarının atributları, xüsusilə də mərasimlərdə mühüm rol oynayan xalçalar və onlarla bağlı inanc və deyimlər haqqında, filologiya üzrə fəlsəfə doktoru Vüsalə Nəsibova və doktorant Cəmilə Novruzova isə müasir dövrdə mərasimlərə daxil olan yad elementlər barədə çıxış edərək fikirlərini bölüşüblər.