Folklor İnstitutunun Elmi Şurasında 2026-cı il üzrə nəşrlərin vəziyyəti, Elm Gününə həsr olunmuş tədbirlər və beynəlxalq elmi fəaliyyət müzakirə olunub

Folklor İnstitutunun Elmi Şurasında 2026-cı il üzrə nəşrlərin vəziyyəti, Elm Gününə həsr olunmuş tədbirlər və beynəlxalq elmi fəaliyyət müzakirə olunub

17 Mart 2026, 09:36 / Konfranslar, İclaslar

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Hibrid formatda keçirilən iclasda Elmi şuranın üzvləri və gündəlikdəki məsələlərlə əlaqədar müvafiq şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev gündəlikdə duran məsələlər haqqında məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə hər il 27 mart tarixi “Elm Günü” kimi qeyd olunur. Alim vurğulayıb ki, Elm Gününün təsis edilməsi elmi fəaliyyət sahəsində çalışan alim və mütəxəssislərin əməyinin qiymətləndirilməsi, elmin təbliği və təşviqi, Azərbaycan elminin müxtəlif sahələrində əldə olunan nailiyyətlərin qiymətləndirilməsi, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və elmi tədbirlərin təşkili baxımından xüsusi əhəmiyyət daşıyır.

Sonra elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov AMEA Folklor İnstitutunun Elmi Şurasının tərkibində nəzərdə tutulan dəyişikliklər haqqında məlumat verib. Müzakirələr zamanı Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, dosent Tacir Qurbanovun və Gənc Alim və Mütəxəssislər Şurasının yeni sədri seçilmiş doktorant Cəmilə Novruzovanın Elmi Şuranın tərkibinə daxil edilməsi barədə AMEA-nın Humanitar Elmlər Bölməsi qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edilib.

İclasda institutun 2026-cı ildə nəşri nəzərdə tutulan kitabları da müzakirə olunub. Elmi katib, dosent Elçin Abbasov nəşrə hazırlanan folklor antologiyaları, elmi-tədqiqat işləri, monoqrafiya və kollektiv əsərlər, həmçinin yerli və beynəlxalq konfransların materialları barədə məlumat verib. Qeyd olunub ki, 2026-cı ildə “Azərbaycan Folkloru Antologiyası”nın Qərbi Azərbaycan, Güney Azərbaycan və azsaylı xalqların folkloru üzrə seriyalarının, aşıq yaradıcılığı ilə bağlı toplama və tədqiqat işlərinin, qorqudşünaslıq və eposşünaslıq istiqamətində aparılan araşdırmaların, mərasim folkloruna dair tədqiqatların, eləcə də şəhər folkloru və müxtəlif sosial qrupların folkloru üzrə elmi işlərin nəşri planlaşdırılır.

Daha sonra institutun elmi-tədqiqat şöbələrinin 2026-cı il üzrə fəaliyyət planında nəzərdə tutulan işlərin icra vəziyyəti müzakirə edilib. Şöbə rəhbərləri beynəlxalq elmi jurnallarda nəşr olunması planlaşdırılan və redaktə prosesində olan məqalələrin vəziyyəti, elmmetrik göstəricilərin yüksəldilməsi, şöbələrdə elmi seminarların təşkili, eləcə də beynəlxalq elmi konfranslarda iştirak barədə məlumat veriblər.

Bu mövzuda çıxış edən institutun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev cari ilin iyun ayında keçiriləcək “VIII Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə Beynəlxalq Elmi Simpozium” barədə məlumat verib. Qeyd olunub ki, sonuncusu 2011-ci ildə keçirilən simpozium bu il yenidən təşkil olunacaq və tədbir çərçivəsində “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusuna həsr olunacaq. Türkoloji Qurultayın 100 illiyinə ithaf ediləcək bu elmi konfransın məqsədi türkoloji folklorşünaslığın nəzəri-metodoloji çərçivəsinin və tətbiqi istiqamətlərinin müzakirəsi üçün mühüm elmi platforma yaratmaqdır.

İclasın davamında yaxın zamanlarda yubileyi qeyd olunan institut əməkdaşları təşəkkürnamə ilə təltif olunublar. Filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Qurbanov, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, filologiya üzrə fəlsəfə doktoru, dosent Çiçək Əfəndiyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa İbrahimova və böyük elmi işçi Akifə Xəlilova uzunmüddətli elmi fəaliyyətlərinə görə təbrik ediliblər.

Sonda iclas iştirakçıları Folklor İnstitutunun elmi fəaliyyətinin inkişafı, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və Azərbaycan folklorşünaslığının gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. İclas gündəlikdə duran məsələlər üzrə müvafiq qərarların qəbul edilməsi ilə başa çatıb.