Folklor İnstitutunda “Səməd Vurğun və folklor: milli kimlik və ana dili”  mövzusunda elmi sessiya keçirilib

Folklor İnstitutunda “Səməd Vurğun və folklor: milli kimlik və ana dili” mövzusunda elmi sessiya keçirilib

13 Mart 2026, 17:24 / Konfranslar, İclaslar

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş “Səməd Vurğun və folklor: milli kimlik və ana dili” mövzusunda elmi sessiya keçirilib.

Tədbirin əvvəlində Xalq şairi Səməd Vurğunun öz dilindən səsləndirdiyi şeirlər videoçarx formasında iştirakçılara nümayiş etdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilən sessiyanı giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev bildirib ki, dövlət başçısının imzaladığı bu Sərəncam dahi şairin zəngin poetik irsinin öyrənilməsi və təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.

O, çıxışında görkəmli Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığının Azərbaycan ədəbiyyatı ilə folklor ənənələri arasında möhkəm və üzvi bağlılıq təşkil etdiyini vurğulayıb. Alim qeyd edib ki, şairin poetik irsi milli-mədəni yaddaşın bədii ifadəsi kimi formalaşmış, xalqın mənəvi dünyasını, estetik zövqünü və dünyagörüşünü əks etdirən zəngin folklor qaynaqlarında qidalanmışdır. Direktor bildirib ki, Səməd Vurğunun poeziyasında xalq yaradıcılığına xas motivlər, obrazlar sistemi və poetik ifadə vasitələri yeni bədii məna qazanaraq milli ədəbiyyatın inkişafında mühüm rol oynamışdır. Bu baxımdan şairin yaradıcılığı həm milli kimliyin, həm də ana dilinin bədii-estetik potensialının ifadə olunduğu mühüm ədəbi hadisə kimi dəyərləndirilir.

Hikmət Quliyev çıxışında həmçinin vurğulayıb ki, Səməd Vurğunun poetik irsinin tədqiqi yalnız ədəbiyyatşünaslıq müstəvisində deyil, eyni zamanda folklorşünaslıq baxımından da xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, şairin yaradıcılığı folklor ənənələrinin yazılı ədəbiyyatda yeni bədii formalar qazanmasının parlaq nümunəsidir və bu xüsusiyyət Azərbaycan ədəbi prosesinin inkişaf dinamikasını anlamaq üçün mühüm elmi material təqdim edir. Direktor qeyd edib ki, Səməd Vurğun poeziyasında xalqın tarixi yaddaşı, milli dəyərlər sistemi və mənəvi-əxlaqi ideallar poetik ümumiləşdirmə səviyyəsində ifadə olunmuş, bu da şairin yaradıcılığını Azərbaycan mədəniyyətinin mühüm mənəvi sərvətlərindən birinə çevirmişdir. Alim çıxışının sonunda qeyd edib ki, Səməd Vurğunun yaradıcılığı kollektiv mədəni yaddaşın və xalq təfəkkürünün emosional-ekspressiv ifadəsini əks etdirən fərdi performativ diskurs kimi dəyərləndirilə bilər. Çünki şairin poetik dünyası folklorla yazılı ədəbiyyatın qovuşduğu müstəvidə formalaşaraq xalqın mənəvi dəyərlərinin və milli kimliyinin bədii-poetik təcəssümünə çevrilmişdir.

Elmi sessiyada ilk məruzə ilə çıxış edən filologiya elmləri doktoru, dosent Leyla Məmmədova “Aşıq yaradıcılığı və Səməd Vurğun poeziyasında gözəllik idealının bədii-estetik təcəssümü” mövzusunda məruzəsini təqdim edib. O qeyd edib ki, şifahi söz sənəti xalqın düşüncə tərzinin, arzu və istəklərinin, adət-ənənələrinin və həyat fəlsəfəsinin ifadəsi kimi formalaşmışdır. Bu baxımdan Azərbaycan folklorunun mühüm qollarından biri olan aşıq poeziyası əsrlər boyu xalqın mənəvi dünyasını yaşadan və nəsildən-nəslə ötürən zəngin söz xəzinəsi kimi xüsusi əhəmiyyət kəsb edir. XIV əsrdən başlayaraq inkişaf edən Azərbaycan aşıq sənəti XIX əsrdə daha da yetkinləşmiş, Təbriz, Qarabağ, Qazax, Borçalı və Qərbi Azərbaycanın müxtəlif bölgələrində yetişən ustad sənətkarlar xalqın daxili dünyasını, arzu və duyğularını saz və söz vasitəsilə ifadə etmişlər. Bu ənənənin ən görkəmli nümayəndələrindən biri olan Göyçə mahalının yetirməsi Aşıq Ələsgər isə zəngin yaradıcılığı ilə Azərbaycan aşıq şeirinin zirvələrindən birinə çevrilmişdir.

Məruzəçi vurğulayıb ki, folklor nümunələri klassik ədəbiyyat nümayəndələri üçün də mühüm ilham mənbəyi olmuşdur. Bu baxımdan xalq şairi Səməd Vurğunun yaradıcılığı da aşıq poeziyasının estetik və poetik ənənələri ilə sıx bağlıdır. Şair aşıq şeirinin poetik imkanlarından yaradıcılıqla istifadə edərək qoşma və gəraylı kimi janrlarda nümunələr yaratmış, xalq poetikasına xas olan obrazlılıq və estetik duyumu öz lirikasında yüksək bədii səviyyədə təqdim etmişdir. Aşıq Ələsgər kimi Səməd Vurğun da gözəlliyi tərənnüm edən şairlərdəndir və onun lirik irsində gözəllik idealının ifadəsi məhz aşıq poeziyasından qaynaqlanan estetik ənənələrlə sıx bağlı şəkildə təzahür edir.

Sessiyada növbəti məruzə ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Ceyran şeirinə Qazax aşıq mühitində yazılmış nəzirələr: ənənə və poetik xüsusiyyətlər” mövzusunda məruzəsini təqdim edib. Məruzədə Səməd Vurğunun məşhur “Ceyran” şeirinin xalq mühitində yaşama formaları və aşıqlar tərəfindən ona yazılmış nəzirələrin poetik xüsusiyyətləri elmi şəkildə təhlil olunub. Tədqiqatçı qeyd edib ki, Azərbaycan aşıq mühitində klassik poetik nümunələrə nəzirə yazmaq ənənəsi geniş yayılmışdır və bu ənənə xalq poetikasının davamlılığını təmin edən mühüm yaradıcılıq formalarından biridir.

Məruzədə vurğulanıb ki, Qazax aşıq mühitində yaranmış nəzirələr şairin poetik nüfuzunu və onun yaradıcılığının xalq yaddaşında necə yaşadığını göstərən mühüm faktorlardandır. Bildirilib ki, bu nəzirələr folklor ənənələrinə uyğun şəkildə formalaşmış, aşıq şeirinə xas olan poetik struktur, qafiyə və obrazlı ifadə vasitələrini qoruyub saxlamışdır. Bu baxımdan həmin nümunələr yazılı ədəbiyyat ilə aşıq poeziyası arasındakı qarşılıqlı təsirin öyrənilməsi üçün mühüm elmi material kimi qiymətləndirilib.

Elmi sessiyada “Səməd Vurğun yaradıcılığında milli məfkurə və türklük” mövzusunda məruzə ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə görkəmli Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığında milli ideya və türklük düşüncəsinin poetik ifadə imkanlarını təhlil edib. Məruzəçi qeyd edib ki, şairin əsərlərində xalqın tarixi yaddaşı, etnik-mədəni mənsubiyyət və milli özünüdərk ideyaları bədii şəkildə təqdim olunur. Bildirilib ki, Səməd Vurğun poeziyasında türk dünyasına mənəvi bağlılıq, ortaq mədəni dəyərlər və milli birlik ideyası müxtəlif obrazlar, poetik simvollar və bədii ümumiləşdirmələr vasitəsilə ifadə edilmişdir.

Məruzədə həmçinin vurğulanıb ki, şairin poetik irsi Azərbaycan ədəbiyyatında milli ideyanın bədii-estetik təcəssümü baxımından xüsusi əhəmiyyətə malikdir. Onun əsərlərində milli kimlik, vətən anlayışı və mənəvi dəyərlər sistemi poetik konsepsiya səviyyəsində təqdim olunur və bu xüsusiyyətlər Səməd Vurğunun yaradıcılığını yalnız ədəbi hadisə deyil, eyni zamanda milli-mədəni düşüncənin formalaşmasına təsir göstərən mühüm ideya-estetik mənbə kimi səciyyələndirməyə imkan verir.

Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva “Səməd Vurğun yaradıcılığında folklor ənənələri və milli ruh” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Səməd Vurğun əsərlərində dastan motivləri, aşıq poeziyası, bayatı üslubu, xalq dili və mifoloji-təbiət obrazları kimi folklor elementləri geniş şəkildə istifadə olunub. “Vaqif”, “Komsomol poeması”, “Muğan”, “Azərbaycan” və “Aygün” kimi əsərlərdə xalqın qəhrəmanlıq idealları, milli yaddaşı və təbiət təsvirləri poetik şəkildə təqdim edilir, bu da şairin milli ruhu yaradıcılığının əsas mövzularından birinə çevirməsini göstərir.

Məruzədə vurğulanıb ki, Səməd Vurğunun yaradıcılığında folklor elementləri yalnız bədii vasitə kimi deyil, həm də xalqın tarixi yaddaşını və mənəvi dəyərlərini qoruyan mühüm ideya mənbəyidir. Aşıq poeziyası və bayatı lirikasına xas ritm, emosional ton və sadə dil oxucuya yaxınlıq yaradır, xalq dili və atalar sözlərinin istifadəsi isə əsərlərə milli kolorit əlavə edir. Çıxışın sonunda Xəyalə Ağayeva qeyd edib ki,  Səməd Vurğun Azərbaycan ədəbiyyatında folklor ənənələrinin və milli ruhun parlaq ifadəsi kimi yüksək qiymətləndirilir.

Elmi sessiyanın sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.