XƏBƏRLƏR
Folklor İnstitutunun direktoru Rəyasət Heyətinin iclasında "Novruz bayramı: ənənə və müasirlik" mövzusunda məruzə edib
AMEA-nın Rəyasət Heyətinin iclasında Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyevin “Novruz bayramı: ənənə və müasirlik” mövzusunda məruzəsi dinlənilib.
Hikmət Quliyev qeyd edib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemini özündə cəmləşdirən, onun milli və mədəni kimliyini, həyat fəlsəfəsini, mənəvi dünyasını, estetik zövqünü və inamlarını parlaq şəkildə əks etdirən Novruz bayramı xalqımızın tarixi-mədəni yaddaşında xüsusi yer tutan mühüm və çoxşaxəli mədəniyyət fenomenidir.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının dövlət siyasətində mədəniyyətin inkişafına göstərilən dəstək Novruz bayramı ilə bağlı adət və ənənələrin bərpası, yaşadılması və elmi baxımdan öyrənilməsi üçün əlverişli şərait formalaşdırıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və tarixinə dərindən bələd olması, milli-mənəvi dəyərlərə verdiyi önəm istər sovet dövründə, istərsə də müstəqillik illərində bu dəyərlərin qorunması və inkişafı istiqamətində mühüm addımların atılmasına, o cümlədən Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasına zəmin yaratmışdır.
Bu siyasətin davamı olaraq müasir dövrdə də Novruz bayramının dövlət səviyyəsində geniş qeyd olunduğunu deyən natiq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci ildə Şuşa şəhərində, Cıdır düzündə Novruz tonqalı qalamasının milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirilən dövlət siyasətinin ardıcıllığını ifadə edən rəmzi hadisə kimi qiymətləndirildiyini söyləyib.
“2009-cu ildə Novruz YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Assambleyası martın 21-ni Beynəlxalq Novruz Günü elan etmişdir. 2025-ci ildə Türk Dövlətləri Təşkilatının qərarı ilə Novruz bütün türk xalqlarının ortaq bayramı kimi təsdiq edilmişdir. Beləliklə, Novruz türk xalqlarının ümumi tarixi-mədəni irsi olmaqla yanaşı, Türk dünyasının mədəni birliyi və həmrəyliyini ifadə edən mühüm amillərdən biri kimi çıxış edir”, - deyə alim vurğulayıb.
Məruzəçi diqqətə çatdırıb ki, son illərdə AMEA-da həyata keçirilən institusional islahatlar və elmi fəaliyyətin yeni prioritet istiqamətlər üzrə təşkili Novruz bayramı fenomeninə həm milli maraqlar, həm də müasir elmi-metodoloji yanaşmalar kontekstində yenidən nəzər yetirilməsini zəruri edir. Hikmət Quliyev bildirib ki, kollektiv mədəni yaddaşda Novruz bayramı yalnız 21 mart tarixində qeyd olunan təqvim mərasimi deyil, Novruz ərəfəsinədək davam edən dörd çərşənbədən ibarət kompleks ritual sistemidir. Bu bayram kompleksinin konseptual əsasını Novruzqabağı çərşənbələr və onlarla bağlı icra olunan mərasim praktikaları təşkil edir. Azərbaycanın müxtəlif bölgələrində fərqli adlarla (məsələn, “yalançı çərşənbə”, “ölü çərşənbəsi” və s.) tanınan çərşənbələr ümumilikdə yaradılışın stixial əsaslarını ifadə edən dörd ünsür – su, od, hava və torpaqla əlaqələndirilir.
“Müxtəlif bölgələrdən qeydə alınan məlumatlara əsasən demək olar ki, Novruz bayramı ilə bağlı əsas rituallar ilaxır çərşənbədə icra olunur. Həmin gün icra edilən “yumurta döyüşdürmə”, “papaqatma”, “qapı pusma”, “çilə çıxarma”, “fala baxma” kimi mərasimlər Novruzun “Yeni gün” semantikasını – dünyanın, təbiətin və insanın yenilənməsini ifadə edən kosmoqonik ideyanın metaforik-simvolik təcəssümü kimi çıxış edir. Novruz fenomeninin ümumtürk və ümumşərq mədəni arealında formalaşmış ortaq mənəvi irs kontekstində öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Bu istiqamətdə bayramın ritual strukturu, mifoloji motivləri, simvolik atributları və mərasim davranışlarının müxtəlif mədəni mühitlərdə formalaşma xüsusiyyətlərinin araşdırılması zəruridir. Folklorşünaslıq, etnoqrafiya və antropologiya kimi elmi sahələrdə Novruzun regional və mədəni variantlarının müqayisəli şəkildə öyrənilməsi istiqamətində müvafiq elmi tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur”, - deyə alim diqqətə çatdırıb.
Filologiya elmləri doktoru Hikmət Quliyev çıxışının sonunda qeyd edib ki, müasir dövrdə qloballaşma prosesləri, rəqəmsal transformasiyalar və kommunikasiya texnologiyalarının sürətli inkişafı ənənəvi mərasim mədəniyyətinin yeni sosial kontekstlərdə təzahürünü aktuallaşdırır. Bu şəraitdə Novruz bayramı ilə bağlı adət və ənənələrin, mərasim davranışlarının və sosial ünsiyyət formalarının müasir transformasiya proseslərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə multidissiplinar yanaşma əsasında tədqiqatların aparılması, müvafiq elmi layihələrin və tədqiqat proqramlarının həyata keçirilməsi qarşıda duran mühüm vəzifələrdən hesab edilməlidir.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, filologiya elmləri doktoru Sərxan Xavəri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov və Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Akademiya uzun illər milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq ideallarının əsas daşıyıcı qüvvələrindən biri olmuşdur və bu gün təqdim edilən məruzə müasir qloballaşma şəraitində Novruz bayramı ənənəsinin yeni nəsillərə çatdırılması məqsədini daşıyır.
Dünyanın yaradılışı ilə bağlı fikirlərini bölüşən akademik İsa Həbibbəyli Novruz bayramının bir çox ölkələrdə qeyd olunmasına baxmayaraq, ümumtürk mədəniyyətinə daha yaxın olduğunu söyləyib. Qeyd edib ki, məruzəçi tərəfindən təklif edilən orta əsrlər Azərbaycan ədəbiyyatında Novruz bayramının tədqiqi məsələsi olduqca vacib məsələdir.
Qeyd olunanları nəzərə alaraq Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.









