XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşları “Humanitar elmdə Azərbaycan qadını” mövzusunda seminarda iştirak ediblər
15 fevral 2023-cü il tarixində AMEA Folklor İnstitutunun əməkdaşları – Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova və Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova AMEA Nəsimi adına Dilçilik İnstitutu və Folklor İnstitutunun Qadınlar Şuralarının birgə təşkilatçılığı ilə “Humanitar elmdə Azərbaycan qadını” mövzusunda ictimai-elmi seminarda iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli qadınların cəmiyyətdə rolunu qeyd edib, onların Azərbaycan elmindəki uğurlarından söz açıb. Sonra Dilçilik İnstitutunun Qadınlar Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Həsənli-Qəribova 11 fevral – “Qadınlar və qızlar elmdə” Beynəlxalq günü haqqında məlumat verib. Daha sonra “Qarabağın qadın şairləri”, “Azərbaycan maarifçi qadınları”, “İlkə imza atmış Azərbaycanlı qadınlar”, “İlk qadın dilçi alimlər” mövzularında məruzələr dinlənilib. Tədbirdə Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, fil.e.d.,dos. Leyla Məmmədova “Qarabağın qadın şairləri” mövzusunda məruzə edərək, Qarabağda dünyaya göz açan, bu torpağın yetirməsi olan məşhur qadın şairlər Aşıq Pəri, Ağabəyim ağa, Xurşidbanu Natəvan və Fatma xanım Kəminənin poetik irsi, onların ədəbi-ictimai fəaliyyəti haqqında danışıb.
Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d.,dos. İlhamə Qəsəbova isə “İlkə imza atmış Azərbaycanlı qadınlar” adlı məruzəsində Tamara Əliyeva, Məsumə Məlikova, Dünya Ağalarova, Zərifə Əliyeva, Aida İmanquliyeva, Adilə Namazova və başqa qadın alimlərimizin müxtəlif elm sahələrində ilkə imza ataraq göstərdikləri xidmətlərdən, əldə etdikləri uğurlardan bəhs edib.