XƏBƏRLƏR
Bəzi ad və soyadlarımız(ın yazılışın)da yanlışlıqlar
Hələ orta məktəbdə oxuduğum illərdə bəzi ad və soyadlarımız və onların yazılışı məsələləri məni çox düşündürürdü. Bu adlar niyə belədir, bu soyadlar niyə təhrif olunaraq yazılır və s. kimi suallara cavab axtarmağa çalışırdım. Zaman keçdikcə bəzi sualları özlüyümdə aydınlaşdırırdım. Bunların biri də sovet dövrü rus dilçiliyi və qrammatikasına uyğunlaşdırma prinsipindən irəli gəlirdi. Misal üçün, sinfimizdə oxuyan uşaqlardan biri – İlqar İbrahimoğlunun soyadı Quliyev idi. Düşünürdüm ki, niyə məhz Quluyev yox, Quliyev yazılır. Yaxud da Allahquluyev yox, Allahquliyev və s. Deməli, rusların orfoepiyasında Quluyev Kuliyev şəklində səsləndiyinə görə, bizim də soyadımız Quluyev yox, Quliyev şəklində orfoqrafiyamızda təsbit olunmuşdu. Halbuki sözün kökünün Qulu olduğu məlumdur və ada soyad şəkilçisi əlavə olunmaqla heç bir dəyişikliyə məruz qalmamalıdır: Qulu-yev şəklində deyilməli və yazılmalıdır. İstərdim ki, ümumiyyətlə Qulu adının özünə və mənasına da, yeri gəlmişkən, toxunum. Əslində, insana sadəcə Qulu adı qoymaq (və eləcə də soyad şəklində işlətmək) məntiqi baxımdan düzgün deyildir. Bu adın ərəbcə qarşılığı olan Əbdül adını da sadəcə bu şəkildə insan adında ifadə eləmək yenə yarımçıq səslənir. Niyə? Biraz düşünsək, cavabı özümüz taparıq: Qulu adı nəyi ifadə edir? Kimin, ya nəyin qulu? Deməli, adın əvvəlində hansısa bir təyinedici söz (ad) gəlməlidir ki, ad öz mənasını söz birləşməsi olaraq tamamlasın: Allahqulu, Tanrıqulu, Yaradanqulu, İmamqulu, Əliqulu və s. şəklində. Bu zaman qulu ifadəsinin Allahın, ya imamın, ya imamlardan birinin (Əli, Hüseyn və s.) qulu olması məsələsi tam ifadəsini tapmış olur. Düzdür, o başqa mövzudur ki, dilimizdə danışıq zamanı sözün (və ya sözlərin) düşümü hadisəsi baş verir, lakin şifahi məntiqi təfəkkürdə həmin sözlər yaşayır, yaxud avtomatik olaraq bərpa olunur. Məsələn, körpə vaxtı bir uşağı oxşayıb-əzizləyərkən, ona “qurban olum” deyirsən, hətta burdakı “qurban” ifadəsini də dildə uşağın dili ilə ifadə edirmiş kimi “quban olum”, “qubuş olum” formasına salırsan. Körpə uşaq axı “r” səsini tələffüz edə bilmir, bu baxımdan da uşağın dilincə “qurban” sözünü “quban”, yaxud “qubuş” şəklində işlədərək uşağı əzizləyirsən. Daha sonra isə “qurban (qubuş) olum” ifadəsindən də “olum” ifadəsi ixtisara düşür və sadəcə “Qurban” və ya onun əzizləmə forması olan “Qubuş” sözü onomastik vahidə çevrilməklə insan adına dönür. Konkret misal deyim ki, mənim anam Qərənfilin atasının adı, yəni mənim ana babamın adı Qubuşdur.
Elə “Qulu” adının yaranıb – formalaşması da buna bənzər bir mərhələdən keçmişdir. Belə ki, uşaq doğulanda onu sevib-əzizləmişlər, onu Allahın, Tanrının, yaxud Əlinin, Hüseynin qulu kimi tanıyıb, qəbul etdiklərindən, uşağa Allahın qulu – Allahqulu və s. şəklində müraciət etmişlər. Tədricən ürəklərində-fikirlərində Allah, yaxud imam, ya Əli və s. ifadəsini saxlamaqla sadəcə “Qulu” deyə əzizləmişlər. Şifahi təfəkkürdə, xəyali düşüncədə təyinedici ad saxlanılmış, sadəcə “Qulu” sözü işlək dövriyyədə olmuş, nəticədə isə yazılışda sadəcə Qulu sözü sabitləşib qalmışdır. Bu da xəyali düşüncədə öyülüb-təriflənən adların – Allahın, imamın və s. yazılışdakı – orfoqrafiyadakı ixtisarına səbəb olmuşdur. Burada sovet ideologiyasından doğan bir səbəb də şübhəsiz ki, məsələyə təsirsiz ötüşməmişdir. Bu, sovet ateist ideologiyasına uyğun olaraq Allah, imam və s. ifadələrinin məqsədli şəkildə dildən-sözdən (addan) sıxışdırılıb çıxarılması amili ilə də bağlıdır. Paralel şəkildə bu, Əbdül adına da şamil edilməlidir: Əbdülla (Abdulla) – Allahın qulu, Əbdüləli – Əlinin qulu, Əbdülkərim – Kərimin qulu və s. adlarından da müvafiq təyinedici adlar sıxışdırılıb çıxarılmışdır. Buradaca qeyd edim ki, Allahın 1001 adı var və bu adları Allahın yerdəki oxşarı olaraq insan adına qoyur, xüsusi isim kimi işlədirik. Deyək ki, Allah dünyada birdir, vahiddir və bu ada müvafiq də xüsusi ad olaraq vahid adını övladlarımıza qoyuruq. Ancaq Allahın şəriksiz olan bir Xaliq adı var ki, bu da mənaca xəlq edən – yaradan deməkdir. Xaliq adını da sadəcə insan adına qoymaq günahdır. Əvvəlinə Əbdül sözü artıqmaqla Əbdülxaliq –yəni Xaliqin (Allahın) qulu, yaxud sonuna “verdi” sözü artırmaqla Xaliqverdi –yəni Allahverdi kimi işlətmək məntiqə uyğundur.
Eləcə də Verdiyev, Verdizadə soyadlarının kökündə dayanan Verdi şəxs adı da məntiqi baxımdan düzgün deyil. Tanrıverdi, Pirverdi, Ocaqverdi, Allahverdi və s. şəklində bu adın da əvvəlinə müəyyən təyinedici sözlər artırılmalıdır ki, ad yarımçıq səslənməsin. Çünki övlad dünyaya gələndə sevincini bildirmək üçün onu ailəyə ulu Tanrının, Allahın bəxş etdiyini düşünüb, Allahverdi, Tanrıverdi və s. şəklində adlandırırsan. Yaxud da ki, uşağın olmasını niyyət edib pirə-ocağa nəzir verib, qurbanlar kəsirsən və nəticədə doğulan uşağın mistik qüvvələr tərəfindən pir, ocaq vasitəsilə ailəyə bəxş edildiyini (verildiyini) düşünüb uşağa Pirverdi, Ocaqverdi və s. bu kimi adlar qoyursan. Çox şübhəsiz ki, bu kimi adlara xurafat, mövhumat donu geyindirən sovet dövrünün ateist təbliğatı da mühüm təsir göstərmiş, nəticədə “verdi” şəklində yarımçıq səslənən şəxs adları və soyadlar meydana gəlmişdir. Bütün bunlarla yanaşı, “oğlu” və “qızı” ifadələrimiz də rus dilində verilərkən, “oqlı” və “kızı” şəklində işlədilmişdir. Məsələn, Albalıyev Şakir Əlif “oqlu” yox, “oqlı” şəklində yazılmışdır. “ğ” səsinin rus qrafikasında “q” hərfi ilə əvəzlənməsi təbiidir, çünki ruslarda “ğ” hərfi və ya səsi yoxdur. Amma “u” hərfi ki vardır. Onda nəyə görə məhz “oqlu” yox, “oqlı” şəklində yazılmaqla sözümüz təhrif olunmalıdır. Mən rus ordusunda əsgərlikdə olarkən komandirimiz olan Sergey Vaxalin mənim adımı-soyadımı belə oxuduğunu indi də xatırlayıram: “Albalıyev Şakir Alif aqlı”, fikir verin, hətta “oqlı” yox, “aqlı” şəklində tələffüz etdi. Çünki ruslarda “o” hərfini “a” səsi ilə tələffüz etmək onların orfoepik normalarına uyğundur.
Bunlardan başqa, bir sıra soyadlarımız bu gün də rus orfoqrafiyasına uyğunlaşdırılmış şəkildə yazılır və deyilir. Məsələn, Surxayev, Qaçayev, Sadayev və s. Halbuki bu soyadın kökündə Qaçay, Saday, Surxay adları dayanır. Sonu samitlə bitən adlara isə soyad şəkilçisi olaraq “yev” yox, “ov” şəkilçisi artırılmalıdır. Ona görə də yuxarıdakı soyadlar Surxayov, Qaçayov, Sadayov şəklində orfoqrafiyada nizamlanmalıdır. Əks təqdirdə belə anlaşılır ki, sözün kökündə Qaçay, Surxay, Saday adları yox, Qaça, Surxa, Sada tipli yarımçıq tipli adlar dayanır.
Son olaraq qeyd edim ki, adlar – şəxs adları və soyadlar dilimizin ayrılmaz tərkib hissəsidir və dilimizin – adlarımızın deyiliş və yazılışlarındakı nöqsanları – təhrifləri aradan qaldırmalıyıq.
AMEA Folklor İnstitutu
Şakir Albalıyev
Filologiya elmləri doktoru, dosent