XƏBƏRLƏR
NOVRUZ MƏRASİM SİSTEMİNDƏ YEL ÇƏRŞƏNBƏSİNİN FOLKLOR MOTİVLƏRİ
Novruz bayramı Azərbaycan xalqının qədim mərasim ənənələrini özündə birləşdirən mühüm bayramlardan biridir. Novruz insana həyat verən, ilk insanın yaranmasında bilavasitə iştirak edən dörd müqəddəs varlığın adıyla bağlıdır ki, bunlar su, od, yel və torpaqdır. Mərasim folklorumuzda törəniş təsəvvürləri yaradan həmin müqəddəs varlıqlar ilaxır çərşənbələrin rəmzinə çevrilmiş, yaradılış və həyatvericilik funksiyasını formalaşdırmışdır.
Novruz bayramının mifik fəlsəfəsinə görə, təbiət qışda ölür yazda dirilir. Dirilmə oyanma şəklində olur. Dörd ilaxır çərşənbə yazın, yeni ilin ərəfəsidir. Hər çərşənbədə bir ünsür oyanır və bunların oyanması ilə bütün təbiət dirilir və yeni il başlanır. Bu, Novruzun fəlsəfəsidir və dörd çərşənbənin dörd ünsürla bağlılığı Novruzun təbiət, dünya, ümumiyyətlə, varlıq aləmi haqqındakı fəlsəfəsini ortaya qoyur.
Bu dörd çərşənbə xalq təqvimində qışın son ayı olan Boz ayın dörd çərşənbəsidir. Boz ay həm qışın, həm də ilin son ayıdır. Onun dörd çərşənbəsi köhnə ilin sonu – yeni ilin ərəfəsi kimi xalq içərisində əlamətdar günlər kimi xüsusi fərqləndirilir və qeyd olunur. İlaxır çərşənbələrinin üçüncüsü – Yel çərşənbəsidir. O, xalq arasında “Külək oynadan çərşənbə”, “Yelli çərşənbə”, “Küləkli çərşənbə” adları ilə də tanınır. Qədim etiqatlara görə çərşənbədə oyanan yel və külək ərzi gəlir, oyanmış odu, suyu hərəkətə gətirir. Yel çərşənbəsində əsən isti və ya soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr Yelin özünün təmizlənməsi kimi qəbul edilir.
Əski etiqatlara görə, “qara nəhrdə” yatmış dörd cür Külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir, hər biri isə bir libasda özünü göstərir. Libasların adı ilə onların özünün xarakterinin arasında bir oxşarlıq nəzərə çarpır. Burada rənglərin mifik mənaları xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan mifologiyasında Ağ yel – ağ libasda, Qara yel – qara libasda, xəzri – göy libasda, Gilavar – qırmızı libasda təsəvvür edilir.
Xalq hələ qədim dövrlərdə küləyə Allahın qüdrəti kimi baxmış, ona mehr və məhəbbət göstərmişdir. Hətta bu barədə dini ədəbiyyatlarda da müəyyən məlumatlar var. Qurani- Kərimdə də küləyin Allah tərəfindən göndərildiyi və onun mərhəmətli, qəzəbli xüsusiyyətlərə malik olduğu bildirilir. Nənələr həmişə söyləyib “Yel əsdirəni söyməzlər”, “Yelin adına nəzir deyərlər”.
İnanclara görə, Yel çərşənbəsi axşamı ağac altında durub niyyət edərlər, Yel babanı köməyə çağırarlar. Əyər həmin anda meh hiss etsən və ağacın budaqları torpağa toxunsa, deməli, arzun yerinə yetəcək.
Qədim zamanlarda xırmanın mövcud olduğu vaxtlarda Yellə bağlı yaranmış ən çox inanclar taxılla, çörəklə, xırmanla bağlı olardı. Novruz bayramı günlərində və ilaxır çərşənbədə əkin-biçinlə bağlı “Yel baba” nəğməsi oxunar, əsasən uşaqlar “Yel babanı” tamaşa kimi de oynayardılar. Deyilənə görə, Yel baba ilə Əkinçi baba qardaş imişlər. Bahar torpağa hərarət gətirəndə onlar birlikdə tarlanı şumlayıb əkinlərini əkərmişlər. Bundan sonra tarladakı işlərə Əkinçi baba cavabdeh imiş. O, məhsula su verər, ot-alaqdan təmizləyib becərər, yetişəndə isə biçib xırmana gətirərmiş. Arpa-buğda dənini küləşdən, samandan ayırmaq isə Yel babanın işi imiş. Yel baba başqaların da taxılını xırmanda sovurub əvəzində pay alarmış. Bir kərə adamlar yenə arpa-buğdanı xırmanda döyüb gözləyirlər ki, Yel baba gəlib onu sovursun. Amma o gəlib çıxmır ki, çıxmır. Səbri tükənmiş adamlar taxılı özləri sovurmağa başlayır və :
Yel baba amana gəl,
Dolanıb xırmana gəl,
Bir bəhanən yoxdursa
Xəlbirə samana gəl.
A Yel baba, Yel baba
Saman sənin, dən mənim
Ləçəyi mindər-mindər
Yönünü bizə döndər.
Yönünü döndərmirsən,
Mehini bizə göndər.
A Yel baba, Yel baba
Saman sənin, dən mənim, -
deyə oxuyurlar. Elə bu vaxt gəlib xırmana yetişən Yel baba eşitdiyi sözlərdən inciyib geri dönür. Adamlar öz əməllərindən peşman olurlar. Hamı Yel babanın arxasınca qaçır və onu səsləyə-səsləyə oxuyurlar:
A Yel baba, Yel baba
Quban sana, gəl baba
Taxılmız yerdə qaldı,
Yaxamız əldə qaldı.
A Yel baba, Yel baba
Quban sana, gəl baba
Bu nəğmə Yel babanın xoşuna gəlir. Geri qayıdıb xırmandakı qalan buğdanı, arpanı sovurub samandan ayırır.
Yel həm də xeyrxahlıq simvoludur. Azərbaycan mifik təfəkküründə yol göstərən bələdçi kimi də təsvir olunub. Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyrxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu azmışları mənzil başına çatdırır.
Yel çərşənbəsi xalqımızın qədim dünyagörüşünü və təbiət hadisələrinə münasibətini əks etdirən mühüm mərasimlərdən biridir. Bu çərşənbə təbiətdə havanın və küləyin oyanmasını, canlı aləmin hərəkətə gəlməsini simvolizə edir. Əsrlər boyu formalaşmış adət və inanclar göstərir ki, xalqımız təbiətin hər bir ünsürünə xüsusi hörmətlə yanaşmışdır. Bu baxımdan Yel çərşənbəsi də Novruz bayramı ənənələri içərisində mühüm yer tutur və milli-mədəni irsimizin qorunub saxlanmasına xidmət edir.
Sevinc Qasımova
AMEA Folklor İnstitutu
Filologiya üzrə fəlsəfə doktoru