“Əzizə Cəfərzadə və xalq yaradıcılığı” adlı monoqrafiyanın təqdimatı keçirilib

“Əzizə Cəfərzadə və xalq yaradıcılığı” adlı monoqrafiyanın təqdimatı keçirilib

17 Fevral 2023, 12:19 / Konfranslar, İclaslar

Bu günlərdə AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülsümxanım Hasilovanın “Əzizə Cəfərzadə və xalq yaradıcılığı” monoqrafiyası çapdan çıxıb. Bununla bağlı 17 fevral 2023-cü il tarixində Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsində sözügedən kitabın təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan şöbə müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova monoqrafiyanın əhəmiyyətindən bəhs edərək bildirib ki, tədqiqatda Əzizə Cəfərzadənin nəsr əsərlərində folklor janrları və onların  təzahür formaları sistemli şəkildə araşdırılıb, yazıçının mahnı mətnlərindən, bayatılardan, inanclardan, xalq epik ənənəsindən istifadəsi məsələsinə  aydınlıq gətirilib.

Sonra söz kitabın müəllifi fil.ü.f.d. Gülsümxanım Hasilovaya verilib. O, monoqrafiyada Əzizə Cəfərzadənin bədii irsinin folklorizm problemi əsasında tədqiq olunduğunu, ədibin folklorşünaslıq görüşlərinin, toplayıcılıq fəaliyyətinin  təhlil olunduğunu diqqətə çatdırıb. Şöbə əməkdaşları fil.ü.f.d., dos. Sevinc Əliyeva, fil.ü.f.d., dos. Aynur İbrahimova, fil.ü.f.d. Gülnar Osmanova, böyük elmi işçi Gülnar İsmayılova, elmi işçi Sevda Qasımova, elmi işçi Tahirə Vəliyeva, böyük laborant Nigar İmaməliyeva və digərləri kitab haqqında təəssüratlarını bölüşüblər. Çıxışlar zamanı bildirilib ki, tədqiqatda Əzizə Cəfərzadənin nəsr yaradıcılığı ilə bayatı janrının əlaqəsi, yazıçının Novruz və Xıdır Nəbi bayramının özəlliklərinə münasibəti faktlarla araşdırılıb. Sonda iştirakçılar müəllifi təbrik edərək ona gələcək elmi fəaliyyətində uğurlar arzulayıblar. Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən 184 səhifəlik kitabın elmi redaktoru mərhum professor Kamran Əliyev, rəyçiləri isə filologiya elmləri doktoru, professor Yeganə İsmayılova və filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızıdır.