XƏBƏRLƏR
Rəqəmsal folklor və süni intellekt şöbəsinin 2026-cı il üzrə fəaliyyət planı müzakirə olunub
AMEA Folklor İnstitutunun Rəqəmsal folklor və süni intellekt şöbəsinin 2026-cı il üzrə elmi və elmi-texniki fəaliyyətinə həsr olunmuş iclas keçirilib. Tədbirdə şöbənin əməkdaşları ilə yanaşı, Folklor İnstitutunun rəhbərliyi də iştirak edib.
İclası giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, Rəqəmsal folklor və süni intellekt şöbəsinin müdiri vəzifəsini icra edən filologiya elmləri doktoru Hikmət Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, həmçinin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” və AMEA Rəyasət Heyətinin müvafiq qərarları çərçivəsində ötən il Folklor İnstitutunda Rəqəmsal folklor və süni intellekt şöbəsi yaradıldığını qeyd edib. Hikmət Quliyev vurğulayıb ki, şöbənin 2026-cı il üzrə fəaliyyəti Elmi şurada geniş müzakirə olunub və rəqəmsal transformasiya proseslərinin, süni intellektin tətbiqinin elmi müəssisələr qarşısında yeni vəzifələr yaratdığı diqqətə çatdırılıb. O, folklorşünaslıq sahəsində bu yanaşmaların tətbiqinin zəruriliyini xüsusi qeyd edib.
İclasın gündəliyinə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirilən məsələlər daxil edilib. Bildirilib ki, ölkə miqyasında rəqəmsal idarəetmə modelinin formalaşdırılması, informasiya resurslarının inteqrasiyası və süni intellekt texnologiyalarının tətbiqi elmi müəssisələrin fəaliyyətində prioritet istiqamətlər kimi nəzərə alınmalıdır.
Daha sonra şöbənin əməkdaşlarının elmi və elmi-texniki fəaliyyətini əks etdirən 2026-cı il üzrə fəaliyyət planı müzakirə olunub. Qeyd edilib ki, şöbənin prioritet istiqamətləri arasında sosial-antropoloji folklorşünaslıq yanaşmaları əsasında rəqəmsal transformasiyaların yaratdığı yeni virtual sosial-mədəni dinamikanın öyrənilməsi və İnternet folklorunun müxtəlif aspektlərinin araşdırılması yer alır. Eyni zamanda, Milli Rəqəmsal Folklor Verilənlər Bazasının arxitekturasının formalaşdırılması, tədqiqat proseslərində süni intellektin tətbiqi və elmi-nəzəri məsələlərin təhlili də fəaliyyət planının əsas istiqamətləri kimi müəyyən edilib.
İclasda vurğulanıb ki, şöbənin fəaliyyəti yalnız rəqəmsallaşma və süni intellektin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda İnstitut miqyasında elektron elmi informasiya bazalarına inteqrasiyanın gücləndirilməsini, bu sahədə seminar və təlimlərin təşkili işlərini də əhatə edir. Qeyd olunub ki, şöbənin fəaliyyətində elmi tədqiqatçılarla bərabər, mühəndis-proqramçılar, elektron informasiya sistemlərinin idarə olunmasında və digər texniki sahələrdə çalışan mütəxəssislərin iştirakı da mühüm əhəmiyyət kəsb edir.
İclasda müzakirə olunan məsələlər, o cümlədən rəqəmsal transformasiyalar və süni intellektin tətbiqi ilə bağlı AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri, Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanova, elmi katib, filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasov və şöbənin əməkdaşları çıxış edərək, şöbənin qarşısında duran vəzifələrin İnstitutun müasir çağırış və tələblər səviyyəsində fəaliyyətinin təşkili baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.




