XƏBƏRLƏR
Ana dilinin saflığı: milli kimliyin və dövlətçilik düşüncəsinin təməli
Ümummilli lider Heydər Əliyev deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Lakin mədəniyyətin və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşdirilməsinə, onun söz ehtiyatının zənginləşməsinə daha çox qayğı göstərmək lazımdır”.
Tarix boyu xalqımıza müxtəlif istiqamətlərdən təsirlər olmuş, bu təsirlər mədəniyyətimizə, elmimizə və dilimizə də sirayət etmişdir. Lakin bütün tarixi sınaqlara baxmayaraq, Azərbaycan dili milli kimliyimizin əsas dayağı kimi qorunub saxlanılmışdır. Dahi şəxsiyyətlərimiz ana dilini, milli şüuru və milli məfkurəni yaşatmış, onun inkişafı üçün ardıcıl fəaliyyət göstərmişlər. Ana dilinin ölkədə hakim mövqeyə yüksəlməsi təkcə onun dövlət dili elan olunması ilə deyil, cəmiyyət həyatının bütün sahələrində tətbiqi və inkişafı ilə mümkün olmuşdur. Bu isə böyük səylərin və qətiyyətli siyasi iradənin nəticəsidir.
Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi müstəqil dövlət quruculuğunun mühüm istiqamətlərindəndir. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə ana dilinə xüsusi diqqət yetirmiş, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsində müstəsna rol oynamışdır. Müstəqillik illərində isə Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, dövlət dili kimi hüquqi statusu daha da möhkəmləndirilmişdir. Ulu öndər çıxışlarında xalq dilinin zəngin ifadə imkanlarından ustalıqla istifadə edərək ana dilinə olan bağlılığını əməli fəaliyyəti ilə təsdiqləmişdir.
Bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ictimai-tarixi əhəmiyyətinə görə xüsusi yer tutur. Həmçinin 9 aprel 2013-cü il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” dil və nitq mədəniyyətinin yüksəldilməsi, ədəbi dil normalarının qorunması və qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından mühüm sənəd kimi dəyərləndirilir.
3 noyabr 2025-ci ildə AMEA-nın 80 illik yubileyində çıxış edən Prezident İlham Əliyev ana dilinin qorunmasının strateji əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edtdi ki, “Bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir”.
Azərbaycan dilinin qorunması hər bir vətəndaşın mənəvi borcudur. Dilimizin zənginliyi və gözəlliyi onun heç bir başqa dilin kölgəsində qalmamasını təmin edir. Bu məsələ cəmiyyət tərəfindən də həssaslıqla qarşılanır və geniş ictimai dəstək qazanır.
Dilimizin tarixi inkişaf mərhələləri yalnız yazılı ədəbiyyatda deyil, şifahi xalq yaradıcılığında da aydın şəkildə əks olunur. Folklor ana dilini qoruyub saxlayan və yaşadan əsas mənbələrdən biridir. Nağıllar, dastanlar, bayatılar və digər folklor janrları Azərbaycan dilinin zənginliyini, obrazlılığını və ifadə imkanlarını bu günə qədər yaşatmışdır. Dövlət dil və folklorun qorunması və inkişafı üçün müvafiq siyasi və hüquqi mühit formalaşdırır. Bu baxımdan ana dili, dövlət və folklor bir-biri ilə qarşılıqlı əlaqədə olan vahid dəyərlər sistemini təşkil edir.
Bu gün ana dilinin saflığının qorunmaması gələcəkdə daha ciddi mədəni itkilərə yol aça bilər. Dil zəiflədikcə folklorun, ədəbiyyatın, mədəniyyətin, tarixin və elmin dayaqları da sarsılar. Çünki dil düşüncənin, milli yaddaşın və kimliyin əsas ifadə vasitəsidir.
Rəqəmsal transformasiyalar dövründə folklor nümunələrinin toplanması və rəqəmsallaşdırılması dilin saflığının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu materiallardan yalnız bugünkü nəsil deyil, gələcək nəsillər də istifadə edəcəkdir. Ona görə də bağça və məktəblərdən başlayaraq ali təhsil müəssisələrinə, media qurumlarına və digər təşkilatlara qədər bütün səviyyələrdə dil mədəniyyətinin yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilməli, maarifləndirici fəaliyyət daha da gücləndirilməlidir.
Ana dilini qorumaq milli kimliyi, tarixi yaddaşı və mənəvi bütövlüyü qorumaq deməkdir. Bu məsuliyyət isə hər birimizin üzərinə düşür.