XƏBƏRLƏR
Folklor İnstitutunda türk xalqlarının mərasim folkloru uğurla araşdırılır
AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlilin “Türk xalqlarının mərasim folkloru” adlı yeni monoqrafiyası nəşr olunub.
Monoqrafiyada müəllifin uzun illər apardığı sistemli elmi araşdırmaların mühüm bir hissəsi ümumiləşdirilmişdir. Tədqiqat türk xalqlarının mərasim folklorunun genezisi, struktur-semantik xüsusiyyətləri və funksional mahiyyəti kontekstində aparılmış, arxaik ritual modellərdən başlayaraq müasir mərasim praktikalarınadək uzanan inkişaf xətti izlənilmişdir. Əsərdə mərasim fenomeni yalnız təsviri material kimi deyil, mədəni yaddaşın və kollektiv identikliyin formalaşmasında iştirak edən kompleks simvolik sistem kimi təhlil edilir.
Müəllif mərasim mədəniyyətini yalnız etnoqrafik faktlar toplusu kimi deyil, həm də eposda qorunaraq nəsildən-nəslə ötürülən mənəvi dəyərlər sistemi kimi araşdırıb. Eyni zamanda monoqrafiyada türk xalqlarının ortaq mərasim mədəniyyətindən qaynaqlanan mədəni institutlar və mənəvi dəyər konseptləri folklorşünaslığın müasir nailiyyətləri əsasında izah olunmuş, onların tarixi inkişaf mərhələləri və çağdaş dövrdəki funksional əhəmiyyəti aydınlaşdırılmışdır.
Kitab struktur etibarilə üç əsas hissədən ibarətdir. Birinci hissədə mərasim yaradıcılığının nəzəri-metodoloji əsasları, qədim dövr ritual düşüncəsi, əski türklərdə bayram anlayışı və əcdad kultu kimi məsələlər araşdırılır. Bu bölmədə arxaik mifoloji təsəvvürlərin mərasim davranış modellərinə transformasiyası və onların mədəni sistemdə daşıdığı sakral məna qatları elmi şəkildə əsaslandırılır.
İkinci hissədə türk xalqlarının mövsüm mərasimləri, orta əsrlər oğuz mərasim kompleksi və müasir dövrdə mərasim folklorunun transformasiya prosesləri təhlil olunur. Müəllif tarixi mərhələlər üzrə mərasim formalarının dəyişmə mexanizmlərini, sosial institutlarla qarşılıqlı əlaqəsini və ənənə ilə yenilik arasında yaranan semantik dinamikanı müqayisəli aspektdə təqdim edir.
Üçüncü hissə mərasim və epos münasibətlərinə həsr edilmişdir. Burada ritualın funksional strukturu və eposdakı rudimentləri, inisiasiya, sakrallaşdırma və qurban mexanizmləri, eposun oyun arxetipi, advermə mərasimi və qəhrəmanın ad alması, evlənməsi və toy mərasimi, ölümü və yas mərasimi kimi motivlərin epik mətndə transformasiyası struktur-tipoloji və funksional-semantik yanaşma əsasında araşdırılır. Tədqiqat nəticəsində mərasimlə epos arasında genetik və semantik bağlılıq elmi arqumentlərlə əsaslandırılır, ritual modellərin epik süjet quruculuğundakı rolu sistemli şəkildə izah edilir.
Kitabın nəticə hissəsində müəllif türk xalqlarının mərasim folklorunun arxaik ritual təfəkküründən qaynaqlandığını və bu sahənin qədim sakral dünyagörüşünün davamı kimi formalaşdığını elmi faktlarla əsaslandırır. Araşdırma göstərir ki, ibtidai mərasim və rituallar zamanla ilkin funksional çərçivəsindən çıxaraq folklor mətnlərində, mədəni institutlarda və kollektiv yaddaşda müxtəlif formalarda yaşamağa davam etmişdir. Bu baxımdan mərasim folkloru türk xalqlarının mənəvi-mədəni sistemində əsas struktur qat kimi dəyərləndirilir.
Monoqrafiyada ritualın transformasiya mexanizmləri xüsusi olaraq vurğulanır. Filologiya elmləri doktoru Ağaverdi Xəlil göstərir ki, ritual icraçısı söyləyiciyə çevrilmiş, ritual kompleksi narrativləşərək epik və digər verbal folklor formalarına keçmişdir. Ritual deyimləri və davranış modelləri sonrakı mərasim folklorunda qorunmuş, ritual personajı isə epik qəhrəman səviyyəsinə qədər inkişaf etmişdir. Beləliklə, araşdırmada ritualdan eposa doğru ardıcıl inkişaf xətti elmi şəkildə əsaslandırılmışdır.
Eyni zamanda əsərdə türk xalqlarının mərasim folklorunun ortaq ritual-mifoloji köklərə bağlı olduğu qənaəti irəli sürülür və bu irsin müqayisəli-tarixi kontekstdə öyrənilməsinin vacibliyi qeyd olunur. “Soy”, “boy”, “toy”, “şölen”, “yağma”, “yuğ” kimi arxaik anlayışların transformasiya olunaraq müasir ənənəvi mədəniyyətdə, xüsusilə toy və yas mərasimlərində yaşaması mərasim sisteminin davamlılığını göstərən mühüm fakt kimi təqdim edilir.
Filologiya elmləri doktoru Ağaverdi Xəlilin “Türk xalqlarının mərasim folkloru” monoqrafiyası, ümumilikdə mərasim mədəniyyətinin nəzəri dərki baxımından mühüm elmi əhəmiyyət daşıyır. Əsər folklorşünaslıqla yanaşı, etnologiya, mədəniyyətşünaslıq və humanitar elmlərin digər sahələri üçün də aktual elmi mənbə kimi dəyərləndirilə bilər. Kitab tədqiqatçılar, ali məktəb müəllimləri, doktorant və magistrantlar, eləcə də mərasim mədəniyyətinin nəzəri problemləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, 304 səhifə həcmində çap edilən kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Nəşr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin işğaldan azad edilməsi nəticəsində mərasim mədəniyyətimizə daxil olan Zəfər bayramının beş illiyinə həsr edilib.
Kitabla tanış olmaq üçün link.