Folklor İnstitutunda “Elmdə qadın və qızlar: folklor, gender və texnologiya” mövzusunda elmi tədbir keçirilib

Folklor İnstitutunda “Elmdə qadın və qızlar: folklor, gender və texnologiya” mövzusunda elmi tədbir keçirilib

13 Fevral 2026, 22:39 / Konfranslar, İclaslar

11 fevral – “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə AMEA Folklor İnstitutunda “Elmdə qadın və qızlar: folklor, gender və texnologiya” mövzusunda tədbir keçirilib. Tədbir AMEA Folklor İnstitutu Qadınlar şurasının təşəbbüsü ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan AMEA Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova bildirib ki, bu gün Birləşmiş Millətlər Təşkilatının 2015-ci il tarixli qətnaməsinə əsasən, dünya üzrə qadınların və qızların elmi fəaliyyətə cəlb olunmasının təşviq edilməsi, elmdə gender bərabərliyinin təmin olunması məqsədini güdür. O, qadınların və qızların STEAM sahələrində iştirakının yalnız gender bərabərliyi deyil, həm də elmin inkişafı, müxtəliflik və innovasiya baxımından vacib olduğunu vurğulayıb.

Afaq Ramazanova, həmçinin 11 fevral tarixinin rəmzi əhəmiyyətinə diqqət çəkərək, bu günün, ilk qadın Nobel mükafatı laureatı Mari Kürinin doğum günü ilə əlaqəli olduğunu qeyd edib. Onun iki dəfə, 1903-cü ildə fizika və 1911-ci ildə kimya sahəsində Nobel mükafatı qazanaraq tarixə düşməsi qadınların elmdəki rolunun güclənməsinə böyük təsir göstərmişdir. Ramazanova Azərbaycan tarixində də qadınların elmi və ictimai həyatda fəal iştirakını vurğulayıb, Xurşidbanu Natəvan və Sara xatun kimi tarixi şəxsiyyətlərin bu prosesdəki önəmli yerini qeyd edib.

Afaq Ramazanova bildirib ki, qadınların elmdə fəal iştirakı, cəmiyyətin daha yaradıcı, dayanıqlı və ədalətli gələcəyinin qurulmasında mühüm rol oynayır. O, elmdə inklüziv mühitin yaradılmasının və qadınların qərarvermə və liderlik mövqelərində daha çox təmsil olunmasının vacibliyini qeyd edib, bu cür təşəbbüslərin daha genişlənməsinin elmin inkişafına müsbət təsir edəcəyini vurğulayıb.

Daha sonra AMEA Folklor İnstitutu Qadınlar şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva çıxışında bildirib ki, 11 fevral tarixi Qadınlar və Qızların Elmdə Beynəlxalq Günü kimi qeyd olunur və bu gün gender bərabərliyinin elmdə təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, UNESCO ilə BMT-nin son illərə dair məlumatları görə, qadınlar hələ də dünya üzrə tədqiqatçıların üçdə birindən azını təşkil edir.

Xəyalə Ağayeva vurğulayıb ki, Azərbaycanda son illərin statistik göstəriciləri elm sahəsində qadınların, xüsusilə gənc qadın tədqiqatçıların rolunun artdığını nümayiş etdirir. Son illərdə ali məktəblərə qəbul olunan gənclərin, eləcə də fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnən şəxslərin arasında qadınların üstünlük təşkil etdiyi müşahidə olunmaqdadır. Bu faktlar ölkəmizdə gender bərabərliyi istiqamətində aparılan məqsədyönlü siyasətin real nəticələr verdiyini təsdiqləyir.

Çıxışında Azərbaycan folklorunda qadın obrazına da toxunan Xəyalə Ağayeva bildirib ki, folklor nümunələrində qadın bir tərəfdən ana, ailə qoruyucusu kimi təqdim olunur, digər tərəfdən isə ağıllı, tədbirli, mübariz və sosial təsir gücünə malik subyekt kimi çıxış edir. Onun sözlərinə görə, qadınların elmdə fəallığı yalnız fərdi nailiyyət deyil, həm də cəmiyyətin modernləşməsi və davamlı inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Daha sonra tədbirdə bir sıra elmi məruzələr dinlənilib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərova “Dastanlarda qadın obrazları və gender baxışı: ənənədən müasir düşüncəyə” mövzusunda məruzə ilə çıxış edərək dastan mətnlərində qadın obrazlarının tarixi inkişaf yolunu və onların müasir gender yanaşmaları kontekstində təhlilini təqdim edib. O, qeyd edib ki, "Kitabi-Dədə Qorqud" dastanında qadına münasibət anaya sonsuz ehtiram, ər-arvad və valideyn-övlad münasibətləri kontekstində aydın şəkildə ifadə edilir. Dastanın müxtəlif boylarında qadınların cəsarəti, sədaqəti, ağlı və iradəsi önə çıxır. O, Dirsə xanın xatunu, Burla xatun, Banıçiçək, Dəli Domrulun xatunu və Selcan xatun kimi obrazların cəmiyyətin təəssübünü çəkən mərd xarakterli qadınları təmsil etdiyini qeyd edib.

Filologiya üzrə fəlsəfə doktoru Nərmin Babayeva “Folklorda qadın: mifoloji düşüncədən çağdaş elmi yanaşmalara” mövzusunda məruzəsində folklor nümunələrində qadınla bağlı mifoloji təsəvvürlərin formalaşması və bu təsəvvürlərin çağdaş elmi diskursda necə şərh olunduğunu diqqətə çatdırıb. O, folklorda qadın obrazının mifoloji təfəkkürdən müasir elmi interpretasiyalara qədər keçdiyi semantik və funksional transformasiyanı araşdırıb. Nərmin Babayeva bildirib ki, qadın obrazı ilkin inanclarda həyatın yaranması, bərəkət, qoruyuculuq və kosmik nizam ideyaları ilə əlaqələndirilərək ana kultu çərçivəsində müqəddəsləşib. Onun sözlərinə görə, Azərbaycan folklorunda ana-torpaq və ana-su anlayışları qadının təbiət və kosmik proseslərlə üzvi bağlılığını əks etdirir.

Daha sonra Folklor İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, doktorant Cəmilə Novruzova “Ənənəvi qadın bilikləri və müasir STEAM düşüncəsi arasında körpülər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə vurğulanıb ki, tarix boyu qadınların yaratdığı və nəsildən-nəslə ötürdüyü biliklər rəsmi elm anlayışından kənarda qalsa da, mahiyyət etibarilə müşahidə, təcrübə və sistemli düşüncəyə əsaslanan tətbiqi elmdir. Xalq təbabəti, toxuculuq, xalçaçılıq, qida hazırlanması, ornamentika kimi sahələrdə formalaşan bu biliklərin müasir STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) yanaşması ilə dərin paralellər təşkil etdiyi diqqətə çatdırılıb. O, məruzəsində xüsusilə qadın folklorunun, laylaların, mərasim mətnlərinin və inancların elmi düşüncənin ilkin formaları kimi çıxış etdiyi qeyd edib. Cəmilə Novruzova bildirib ki, folklor keçmişin donmuş yaddaşı deyil, mədəni yaddaşı elmi gələcəklə birləşdirən canlı bilik sistemidir və ənənəvi qadın biliklərini müasir elmi dillə oxumaq inklüziv və interdisiplinar düşüncənin formalaşmasına mühüm töhfə verir.

Tədbir müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 Sonda Folklor İnstitutunun elmi və ictimai həyatında fərqlənən bəzi qadın əməkdaşları - Sevinc Qasımova, Sevda Həsənova, Xalidə Hüseynova, Naibə Haqverdiyeva və Həlimət Məmmədova Təşəkkürnamələrlə təltif olunublar.