MİLLİ TERMİNOLOJİ DÜŞÜNCƏ VƏ FOLKLOR: DİLİN DAXİLİ MƏNBƏLƏRİNƏ DÖNÜŞ

MİLLİ TERMİNOLOJİ DÜŞÜNCƏ VƏ FOLKLOR: DİLİN DAXİLİ MƏNBƏLƏRİNƏ DÖNÜŞ

11 Fevral 2026, 14:56 / Müsahibələr, çıxışlar

Terminologiyanın inkişafında milli dil düşüncəsinin əsas götürülməsi, əslində, dilin öz daxili yaradıcılıq mexanizmlərinə güvənmək deməkdir. Müasir elmi diskursda terminlərin böyük hissəsi xarici dillərdən birbaşa alınma yolu ilə formalaşır. Bu proses qaçılmazdır, lakin problem terminoloji sistemin milli dilin semantik və struktur imkanları hesabına deyil, yad modellərin mexaniki köçürülməsi əsasında qurulması zamanı yaranır. Məhz bu nöqtədə folklor mühüm və çox zaman lazımi qədər qiymətləndirilməyən mənbə kimi ön plana çıxır.

Folklor dili terminoloji baxımdan “elmi” görünməsə də, əslində anlayış yaratma mexanizmlərinin ən təbii modelini özündə saxlayır. Xalq təfəkkürü yüzillər boyu mürəkkəb hadisələri sadə, lakin dəqiq anlayışlarla ifadə etmişdir. Nağıllarda, mifoloji təsəvvürlərdə, atalar sözlərində və deyimlərdə işlənən anlayışlar abstrakt məzmunu konkret obrazlar üzərindən təqdim edir. Bu isə terminologiyanın əsas prinsiplərindən biri olan mənanın şəffaflığı ilə tam üst-üstə düşür.

Folklor mətnlərində anlayışların adlandırılması prosesi əsasən onların funksional mahiyyətinə söykənir. Burada termin xarakterli söz və ifadələr izaha ehtiyac duymadan, birbaşa gördüyü işi və ya icra etdiyi təsiri bildirir. Bu cür adlandırma modeli anlayışla onun məzmunu arasında təbii və şəffaf əlaqə yaradır, nəticədə söz həm informativ, həm də yadda qalan olur. Belə funksional adlandırma prinsipi terminologiya üçün son dərəcə səmərəli mexanizm hesab edilə bilər.

Məsələn, folklor mətnlərində hadisələr və anlayışlar çox vaxt onların funksiyasına və təsir gücünə görə adlandırılır: “yol kəsən”, “can alan”, “dil bağlayan”, “uğur gətirən”, “göz dəyməsi”. Bu tip adlandırmalar anlayışın mahiyyətini izah etmədən, onu birbaşa gördüyü iş vasitəsilə təqdim edir və sözlə məna arasında təbii uyğunluq yaradır. Nəticədə termin yalnız adlandırıcı yox, eyni zamanda izahlı funksiya daşıyır ki, bu da terminoloji baxımdan son dərəcə məhsuldar modeldir.

Folklor mətnlərində rast gəlinən “bərəkət gətirən”, “ruhu çağıran”, “yol göstərən”, “can qoruyan”, “uğur açan” kimi ifadələr də eyni adlandırma məntiqinə söykənir. Bu söz birləşmələri anlayışın abstrakt təsvirindən çox, onun real funksiyasını ön plana çəkir və məna baxımından dinamik dil vahidləri yaradır. Belə adlandırmalar dilin semantik elastikliyini və obrazlı təfəkkür imkanlarını açıq şəkildə nümayiş etdirir. Eyni zamanda folklorda insan xarakterini və davranış modelini ifadə edən “ağzı dualı”, “sözü kəsərli”, “əli açıq”, “gözü tox”, “ürəyi geniş” kimi ifadələr də terminoloji düşüncə baxımından diqqətəlayiqdir. Bu tip ifadələr anlayışı psixoloji və sosial funksiyası ilə təqdim edir və milli dilin kateqoriyalaşdırma mexanizmini aydın şəkildə ortaya qoyur.

Müasir termin yaradıcılığında isə tez-tez fərqli yanaşma müşahidə olunur. Anlayışın milli dilin semantik imkanları hesabına açılması əvəzinə, xarici dil formalarının olduğu kimi saxlanılması terminlə cəmiyyət arasında məsafə yaradır. Bu halda termin məzmunu açıqlayan dil vahidi yox, yalnız dar mütəxəssis çevrəsi üçün anlaşılan şərti işarəyə çevrilir. Nəticədə termin canlı dil prosesindən uzaqlaşır və kommunikativ funksiyasını qismən itirir.

Hesab edirik ki, milli terminoloji düşüncə həmçinin folklorun bu təcrübəsindən də bəhrələnməlidir. Folklor dili göstərir ki, anlayış yaratmaq üçün mütləq xarici modelə ehtiyac yoxdur, dilin öz daxili söz yaradıcılığı imkanları, semantik genişlənmə və metaforik düşüncə mexanizmləri kifayət qədər zəngindir. Bu baxımdan folklor terminologiya üçün canlı laboratoriya rolunu oynaya bilər.

Ana dilinin inkişafında milli dil düşüncəsinin əsas götürülməsi məsələsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində etdiyi proqram xarakterli çıxışında da xüsusi yer tutmuşdur. Cənab Prezident həmin çıxışında ana dilinin saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, bu prosesdə milli potensiala, ana dilimizin daxili imkanlarına söykənməyin strateji əhəmiyyət daşıdığını qeyd etmişdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin dilin lazımsız alınma sözlərdən qorunması ilə bağlı çağırışları məhz milli düşüncə xəttinə söykənir. Bu çağırış terminlərin tamamilə təcrid olunması deyil, onların milli dil məntiqinə uyğunlaşdırılması tələbidir. Folklor isə bu məntiqin tarixi yaddaşıdır.

Prezidentin ana dili ilə bağlı fikirləri 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə də davam etdirilmişdir. Həmin müsahibədə dilin saflığının qorunması, lazımsız alınma sözlərin istifadə olunmaması və milli düşüncə sisteminə uyğun ifadə vasitələrinin seçilməsi məsələləri ön plana çəkilmişdir. Bu baxımdan, düşünürük ki, termin anlayışı yalnız elmi texniki kateqoriya kimi deyil, milli şüurun və dil yaddaşının bir hissəsi qəbul edilməlidir.

Odur ki, cənab Prezidentin dilin saflığının qorunması ilə bağlı vurğuladığı məqamlar milli düşüncənin təbii və tarixi mənbəyi kimi folklorun imkanlarına nəzər yetirməyi zəruri edir. Folklor mətnlərində anlayışların adlandırılma üsulu – funksiyaya, keyfiyyətə və obrazlı təfəkkürə əsaslanması – milli termin yaradıcılığı üçün mühüm model təqdim edir. Prezidentin dilin daxili imkanlarına söykənməklə inkişaf etməsi çağırışı folklorun bu potensialı barədə daha dərindən düşünməyi аktuallaşdırır.

Xalq biliyi mətnlərində terminoloji sabitlik də diqqət çəkir. Atalar sözlərində eyni anlayış yüzillər boyu dəyişmədən yaşaya bilir. Bu, terminologiya üçün çox vacib keyfiyyətdir. Çünki termin yalnız yaradılmamalı, eyni zamanda yaşamalı və qəbul edilməlidir. Cəmiyyətin dil yaddaşında qarşılığı olmayan termin uzunömürlü olmur.

Hesab edirik ki, folklor təfəkkürünün terminoloji potensialı, xüsusilə humanitar elmlər, sosial sahələr və mədəniyyətlə əlaqəli disiplinlər üçün əvəzsiz mənbədir. Burada termin yalnız anlayışı ifadə etmir, eyni zamanda milli dünyagörüşü də daşıyır. Bu isə elmin milli zəmin üzərində inkişafını təmin edən əsas şərtlərdən biridir. Belə demək olar ki, terminologiyanın milli əsasda inkişafı folklordan uzaq düşünülə bilməz. Folklor dili yalnız keçmişin poetik mirası deyil, milli terminoloji təfəkkürün genetik kodudur. Bu kod əsasında formalaşan terminoloji sistem isə elmi dəqiqliklə yanaşı, məzmunun aydın qavranılmasını da təmin edir.

 

Səadət İbrahimli

AMEA Folklor İnstitutunun elmi işçisi