Folklor İnstitutunda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Folklor İnstitutunda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

24 Fevral 2023, 12:06 / Konfranslar, İclaslar

24 fevral 2023-cü il tarixində AMEA Folklor İnstitutunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açaraq, Xocalı soyqırımının ermənilərin tarixən xalqımıza qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Folklor studiyasının hazırladığı “Xocalı fəryadı” sənədli filmi nümayiş olunub. Filmin nümayişindən sonra akademik sözünə əlavə olaraq qeyd edib ki, biz bu faciədən nəticə çıxarmalıyıq. Hər birimiz bir vətəndaş olaraq öz cəbhəmizdə dövlətimizin, iqtisadiyyatımızın inkişaf etdirilməsi, hərbi gücümüzün artırılması üçün səylə çalışmalıyıq. Xocalı soyqırımını həmişə xatırlamalı və eyni zamanda öz mətinliyimizi, dəyanətimizi itirməməliyik.

Daha sonra söz tədbirdə qonaq qismində iştirak edən Xocalı sakini, vaxtilə Xocalıda Telefon Qovşağında telefonçu kimi çalışmış, soyqırım dəhşətinin birbaşa şahidi Dürdanə Ağayevaya verilib. O, Xocalı qətliamı zamanı əsirlikdə olduğu 8 gün müddətində məruz qaldığı ağılasığmaz işgəncələr, erməni vəhşiliyi və vandalizmi haqqında danışıb. Dürdanə Ağayeva çıxışı zamanı Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının, bu cinayətə dünya səviyyəsində hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıb.

İnstitutun Müasir folklor şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat çıxış edərək Xocalı faciəsinin xalqımıza qarşı törədilmiş ən dəhşətli və qəddar cinayətlərdən biri olduğunu söyləyib. O bildirib ki, hər il Xocalı faciəsinin xatırlanması bizim milli şüurumuzu köhnəlməyə, itməyə qoymur. Ermənilər tərəfindən türklərə qarşı sistemli və siyasi zülmün tarixindən danışan professor çıxışının sonunda qeyd edib ki, bizim milli şüurumüz yüksək, elmimiz üstün olarsa, o zaman heç kəs bizi əzə bilməz, Xocalı kimi faciələr də bir daha təkrarlanmaz

İnstitutun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova isə Azərbaycan folklorunda Xocalı mövzusundan bəhs edib. O bildirib ki, Azərbaycanın bütün bölgələrində bu faciə ilə bağlı yaranan folklor nümunələri kifayət qədərdir. Lakin Qarabağ ərazisindən toplanmış folklor mətnlərində bu mövzuya daha çox yer verildiyini görürük. Bunu bayatı janrı haqqında da söyləmək mümkündür. Dos. Ləman Süleymanova çıxışı zamanı Xocalı mövzusu ilə bağlı yaranan bayatılardan nümunələr səsləndirib.

Tədbirin sonunda Dürdanə Ağayeva “Erməni zindanında səkkiz gün” adlı kitabını akademik Muxtar Kazımoğlu-İmanova təqdim edib. Qonağa da İnstitutda nəşr olunan kitablar və disklər hədiyyə edilib.