XƏBƏRLƏR
Filologiya elmləri doktoru Səfa Qarayev Planet FM-də “Zaman Maşını” verilişinin qonağı olub
AMEA folklor İnstitunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Səfa Qarayev Planet FM-in “Zaman Maşını” verilişinin qonağı olub. Verilişdə psixoanalitik kontekstdə folklor faktlarının semantikası, onun sosial-psixoloji funksiyaları barədə aktual problemlər ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə bildirilmişdir ki, psixoanalitik yanaşma nağılları sadəcə kollektiv yaradıcılıq nümunəsi kimi deyil, insanın şüuraltı dünyasının, qorxu və arzularını simvolik şəkildə əks etdirən mətn kimi oxumağa imkan verir. Bu yanaşma vasitəsilə nağıllardakı konflikt situasiyalar və sosial-psixoxoloji ünsiyyətin metaforaları daha dərin öyrənilmə imkanı əldə edilir.
Verilişdə daha çox aşağıdakı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır:
- Azərbaycan nağıllarına psixoanalitik yanaşma nədir və nəyi üzə çıxarır?
- “Yol”, “sınaq” və “mübarizə” motivləri insan psixikasında hansı mərhələləri simvolizə edir?
- Kasıb oğlan və ögey ana obrazları hansı psixoloji arxetipləri təmsil edir?
- Div, əjdaha və cadugər kimi obrazlar insanın hansı daxili qorxularını əks etdirir?
- Sehrli əşyalar nağıllarda psixoloji baxımdan nəyi simvolizə edir?
- Qəhrəmanın evdən çıxıb geri qayıtması fərdiləşmə prosesi ilə necə əlaqəlidir?
- Nağıllardakı qadın obrazları psixoanalitik baxımdan necə yozulur?
- Nağılların uşaqların psixoloji inkişafındakı rolu nədən ibarətdir?
- “Kitabi-Dədə Qorqud dastanı”nda qadın obrazlarının cəmiyyətdəki rolu necə təqdim olunur?
Verilişdə vurğulanmışdır ki, nağıllar uşaq psixologiyası üçün böyük əhəmiyyət daşıyır, onlar uşağın psixoloji məzmunlu suallarına qeyri-şüuri səviyyədə cavab verən, daxili qorxu və ehtiyaclarının simvolik emalına kömək edən xüsusi mənalı mətnlərdir.