“QƏRBİ AZƏRBAYCAN FOLKLORU: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA II RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANSI KEÇİRİLİB

“QƏRBİ AZƏRBAYCAN FOLKLORU: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA II RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANSI KEÇİRİLİB

26 Dekabr 2025, 19:56 / Konfranslar, İclaslar

26 dekabr 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II Respublika elmi-praktik konfransı keçirilib. Konfrans Qərbi Azərbaycanın zəngin folklor irsinin elmi əsaslarla araşdırılması, mövcud problemlərin müzakirəsi və gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyıb.

Tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Böyük akt zalında öz işinə başlayıb. Konfransın açılış mərasimindən öncə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, etnoqrafiyası, ləhcə və dialektləri, folkloru, ədəbiyyatı, memarlığı ilə bağlı son illərdə nəşr olunmuş kitabların sərgisinə baxış keçirilib.

Konfransın açılış mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova açılış nitqi ilə çıxış edib. O, iştirakçıları salamlayaraq tədbirin elmi, ictimai və mədəni əhəmiyyətindən bəhs edib, universitetin bu zalında illər boyu mühüm elmi və mədəni tədbirlərin keçirildiyini, həmin məkanın elmi ənənələrin formalaşmasında xüsusi rol oynadığını vurğulayıb.

Çıxışında konfransın “Qərbi Azərbaycan” mövzusu ətrafında təşkil olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edən professor Mahirə Hüseynova bu mövzunun Azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsi olduğunu bildirib. O, Qərbi Azərbaycan ərazilərinin Azərbaycan xalqının tarixi yaddaşında, mədəni kimliyində və mənəvi dünyasında tutduğu yerə diqqət çəkib.

Professor Mahirə Hüseynova Prezident İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli bəyanatını xatırladaraq, Azərbaycanın dədə-baba torpaqlarına qayıdış ideyasının tarixi və siyasi baxımdan strateji əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Qarabağın azad olunması Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin bariz nümunəsidir və bu mübarizə heç vaxt başqa xalqların torpaqlarına iddia məqsədi daşımayıb.

“Qarabağ azad olundu, biz artıq öz torpaqlarımıza qayıtmışıq. Bizim mübarizəmiz öz torpaqlarımızı geri almaq üçün idi. Biz sülh tərəfdarıyıq və bu gün ən böyük arzumuz dədə-baba torpaqlarımıza – Qərbi Azərbaycana qayıtmaqdır”, – deyə professor Mahirə Hüseynova vurğulayıb.

Çıxışında ermənilər tərəfindən türklərin tarixi torpaqlarından deportasiya edilməsinin ağır sosial və mədəni nəticələrinə toxunan alim Azərbaycan xalqının öz mədəniyyətinə, folkloruna və etnoqrafik irsinə bağlılığını xüsusi qeyd edib. Onun sözlərinə görə, Qərbi Azərbaycan folkloru Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, xalqın tarixi yaddaşını yaşadan əsas mənbələrdən biridir.

“Qərbi Azərbaycan folkloru zəngin bir xəzinədir. Xüsusilə Dərələyəz mahalı öz yallıları, milli geyimləri, maddi-mədəniyyət abidələri və el şairlərinin yaradıcılığı ilə sanki canlı etnoqrafik muzeyi xatırladır. Təəssüf ki, vaxtında informatorlardan bu folklor nümunələrini yetərincə toplaya bilməmişik. Lakin bu, tarixi həqiqətlərin dəyişmədiyini və yurd həsrətinin xalqın yaddaşında daim yaşadığını göstərir”, – deyə professor Mahirə Hüseynova bildirib.

Sonda professor Mahirə Hüseynova bu cür elmi-praktik konfransların xüsusilə gənc tədqiqatçılar üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb, Qərbi Azərbaycan folklorunun türk xalqları kontekstində, türk dilləri aspektindən sistemli şəkildə araşdırılmasının vacibliyinə diqqət çəkib. O, konfransın işinə uğurlar arzulayaraq iştirakçılardan yeni elmi yanaşmalar və sanballı töhfələr gözlədiyini bildirib.

Daha sonra “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II Respublika elmi-praktik konfransının açılış mərasimində AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri çıxış edib.

Alim Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Zəfərdən sonra qayıdışın ümummilli hərəkat səviyyəsinə yüksəldiyini və növbəti mərhələdə Qərbi Azərbaycana qayıdışın dövlət siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. O bildirib ki, cənab Prezidentin “Əziz Şuşa, biz qayıtmışıq!” bəyanatı qayıdışın dövlət siyasətində simvol və emblemləşmiş işarəsinə çevrilmişdir.

Sərxan Xavəri çıxışında qeyd edib ki, qayıdış yalnız coğrafi hərəkət deyil, parçalanmış zamanın, itirilmiş yaddaşın və dağılmış mənanın yenidən bərpasıdır. O bildirib:
"Əgər torpaq millətin bədəni, yaddaş onun ruhudursa, qayıdış bədənlə ruhun yenidən vəhdətinə çevrilir. Dövlət siyasətində tarixi torpaqlara qayıdış keçmişin bərpası deyil, gələcəyin mənəvi legitimləşdirilməsidir."

Alim həmçinin ontoloji bütövləşmə kontekstində professor Yaşar Qarayevin “Göyçəyə qayıdan yol folklordan keçir!” düsturunu xatırladıb və folklorun ideoloji konstruksiya yox, ontoloji mexanizm olduğunu vurğulayıb: "Dövlətçilik ideyası folklorda şüar kimi deyil, təcrübə kimi mövcuddur, torpaq anlayışı hüquqi kateqoriya deyil, mənəvi zərurətdir".

Sərxan Xavəri Qərbi Azərbaycan folklorunu xarakterizə edərək qeyd edib:
"Bütün məhrumiyyətlərə, qaçqınlıq və didərginlik talelərinə baxmayaraq, son illərdə bu folklor milli identikliyinin ən dərin qatlarını qoruyub saxlamışdır. Buradakı torpaq, yurd, ocaq, pir, qəbir, dağ və göl anlayışları sadəcə obraz və simvol deyil, etnik təfəkkürün struktur elementləridir. Folklor tarixi-coğrafi şüurun alternativ yazı sistemidir — yazılı tarix silinə bilər, lakin folklor insanın yaddaşında və emosional kodunda yaşayır. Bu baxımdan Qərbi Azərbaycan folkloru lokal material kimi deyil, bütöv Azərbaycan və türk folklor sisteminin ayrılmaz komponenti kimi öyrənilməlidir."

Alim əlavə edib ki, folklor materiallarının sosial-demoqrafik dinamika kontekstində tədqiqi müasir folklorşünaslığın aktual istiqamətlərindən biridir və tarixi proseslərin kollektiv yaddaşdakı əks-sədasının müəyyənləşdirilməsinə imkan yaradır. Bu isə folklorun klassik təsviri mərhələdən konseptual və analitik mərhələyə keçidini təmin edir. Eyni zamanda, folklor nümunələri milli-mənəvi dəyərləri qoruyub saxlayır, real-tarixi və etnoqrafik proseslərin izlərini əks etdirir və dövlətin bu sahədə apardığı ideoloji siyasətin elmi təminatını dəstəkləyir.

Sərxan Xavəri Qərbi Azərbaycan folklorunun ümumtürk epik düşüncə sisteminin canlı hissəsi olduğunu, Anadolu, Qarabağ və Borçalı mədəni mühitləri ilə eyni struktur kodlara malik olduğunu vurğulayıb: "Bütün bu xüsusiyyətlər Qərbi Azərbaycan folklorunu yalnız mədəni irs deyil, həm də dövlət siyasətinin və milli kimliyin elmi təminatında mühüm resurs kimi önəmli edir."

Konfransın açılış məraismində çıxış edən Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli bu cür elmi tədbirlərin Azərbaycan mədəni irsinin qorunması və inkişafında mühüm rol oynadığını qeyd edib.

Əziz Ələkbərli çıxışı zamanı üç il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında etdiyi çıxışı xatırladıb. Həmin çıxışda Qarabağ müharibəsindən sonrakı dövr üçün dövlətin və xalqın strateji hədəflərinin müəyyənləşdirildiyini, tarixi torpaqlara qayıdış və bu istiqamətdə atılacaq addımların yol xəritəsinin formalaşdırıldığını vurğulayıb: "Görəcəyimiz bütün işlərin istiqaməti artıq müəyyən edilib və ən önəmlisi Qərbi Azərbaycan həqiqətlərinin ortaya qoyulmasıdır”.

O, Qərbi Azərbaycan ərazilərində minilliklər boyu əcdadlarımızın yaşadığını və bu torpaqların folklorunun milli kimliyimizin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb:"Hər bir xalq yaşadığı ərazi ilə bağlı zəngin folklor nümunələri yaradır və bu mətnlər həmin ərazilərdə tarixən kimlərin yaşadığını təsdiqləyir”.

Əziz Ələkbərli son iki yüz il ərzində bu ərazilərə köçürülmüş ermənilərin folklor irsinin zəif olduğunu, çünki bu ərazilərin onların tarixi vətəni olmadığını bildirib. O, Azərbaycanda folklor tədqiqatlarının irəliləyişlərini qeyd edərək, əvvəllər səkkizcildlik folklor antologiyasını və içərisində Həsən Mirzəyevin tərtibatında çap olunmuş Dərələyəz folkloru cildini xüsusi vurğulayıb.

Deputat folklorun həm ümummilli, həm də regional xüsusiyyətlərinin öyrənilməsinin vacibliyini qeyd edərək bu sahədə elmi tədqiqatların davam etdiyini bildirib. Hazırda 100-dən çox məruzənin təqdim olunacağı konfransın Qərbi Azərbaycan folkloru mövzusunda keçirilən ikinci böyük elmi tədbir olduğunu və bu sahəyə layiqli töhfə verəcəyinə şübhə etmədiyini bildirib.

Sonda Əziz Ələkbərli konfrans iştirakçılarına uğurlar arzulayaraq, tədbirin gələcəkdə yeni elmi yanaşmaların formalaşmasına və Qərbi Azərbaycan folklorunun daha dərindən tədqiqinə imkan yaradacağına ümid etdiyini bildirib.

Daha sonra AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edərək Qərbi Azərbaycan folklorunun bu sahədəki strateji hədəflərin elmi təminatında böyük potensiala malik olduğunu vurğulayıb. Folklorun xalqın milli, tarixi və genetik yaddaşının əsas mənbələrindən biri olduğunu qeyd edən alim, Qərbi Azərbaycan mədəni irsinin öyrənilməsində tarixi yaddaşın əhəmiyyətinə xüsusi nəzər yetirib.

Hikmət Quliyev Prezident İlham Əliyevin 3 il əvvəl öz doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşünü xatırladıb. O qeyd edib ki, cənab Prezidentin həmin görüşdəki nitqi Qərbi Azərbaycan siyasətinin əsas istiqamətlərini müəyyənləşdirib. Alim xüsusilə də Ali Baş Komandanın vurğuladığı “tarixi yaddaş” məsələsinə diqqət çəkərək Qərbi Azərbaycana qayıdışda bu faktorun böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Hikmət Quliyev çıxışında həmçinin cənab Prezidentin bu il noyabrın 3-də AMEA-nın 80 illik yubileyindəki çıxışını xatırladaraq qeyd edib: “Cənab Prezident toponimlər üzərində xüsusi dayanaraq Göyçə və Sevan toponimlərini müqayisə etdi. Qeyd etdi ki, təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir ki, hər kəs görsün: indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur; o xəritələrdə Göyçə gölüdür və bütün digər istifadə etdiyimiz tarixi toponimlər orada öz əksini tapıb.”

Hikmət Quliyev folklorun yalnız bayatı, nağıl, əfsanə və rəvayətlərdən ibarət olmadığını, həm də onu yaradan və daşıyanların, o cümlədən Qərbi azərbaycanlıların ruhuna, qanına-canına hopmuş yaşayan tarixi yaddaş olduğunu bildirib. Alim, professor Yaşar Qarayevin “Göyçəyə qayıdan yol folklordan keçir” fikrinə istinad edərək Qərbi Azərbaycana aparan yolun tarixi yaddaşın bərpasından və bölgə əhalisinin folklorunun sistemli araşdırılmasından keçdiyini vurğulayıb.

Konfransda müzakirə olunacaq mövzulara nəzər yetirən Hikmət Quliyev qeyd edib ki, tədbir təkcə Qərbi Azərbaycan folkloru ilə məhdudlaşmır. “Dərələyəz”, “Göyçə”, “Ağbaba”, “Dərəçiçək”, “Zəngibasar”, “Vedibasar” və “Qırxbulaq” adlanan panellərdə xalq yaddaşı, tarixi sənədlər, etnoqrafiya, vətən anlayışı, milli kimlik, yurd itkisi motivləri, aşıq sənəti, şivələr, toponimikanın folklorda əksi, ədəbiyyatda Qərbi Azərbaycan mövzusu və folklorda süjet və motivlərin variantlaşma xüsusiyyətləri kimi mövzular da müzakirə olunacaq.

Çıxışının sonunda Hikmət Quliyev vurğulayıb ki, ümumilikdə 106 məruzənin təqdim olunacağı konfrans Qərbi Azərbaycanın mədəni irsinin öyrənilməsi, qorunması və tədqiqi, həmçinin elm və təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayacaq.

Plenar iclasından sonra tədbir “Dərələyəz”, “Göyçə”, “Ağbaba”, “Dərəçiçək”, “Zəngibasar”, “Vedibasar”, “Qırxbulaq” adlı oturum salonlarında davam edib. Bölmə iclaslarındakı məruzələrdə, əsasən, Qərbi Azərbaycan folklorunun müxtəlif aspektlərindən və bu irsin elmi-tədqiqat baxımından əhəmiyyətindən bəhs edilib.

İlk oturumda “Qərbi Azərbaycan həqiqətləri: xalq yaddaşı və tarixi sənədlərdə” mövzusu müzakirə edilib. Burada çıxış edən alimlər Qərbi Azərbaycanla bağlı tarixi sənədlərdə və xalq yaddaşında qorunan informasiyanın çoxsaylı aspektlərinə, xüsusilə də bu məlumatların gələcək nəsillərə ötürülməsi məsələlərinə diqqət yetiriblər. Oturumda Qərbi Azərbaycanın tarixindən və mədəniyyətindən bəhs edən tarixi sənədlərin əhəmiyyəti vurğulanıb, bu sənədlərin gələcək araşdırmalar üçün zəngin mənbə təşkil etdiyi qeyd olunub.

“Qərbi Azərbaycanın folkloru və etnoqrafiyası” adlı ikinci oturumda Qərbi Azərbaycan folklorunun regional xüsusiyyətləri, orada şifahi xalq yaradıcılığının yayğın janrları və bölgənin etnoqrafiyası müzakirə edilib. Bu oturumda iştirakçılar bölgə folklorunun etno-sosial funksiyalarını araşdıraraq, onun milli kimliyin formalaşmasındakı rolunu təhlil ediblər.

Üçüncü oturum “Qərbi Azərbaycan folklorunda vətən anlayışı, milli kimlik və yurd itkisi motivləri” mövzusunda olub. Bu sessiyada folklorda və müasir mədəniyyətdə vətən anlayışı ilə bağlı geniş müzakirələr aparılıb. Xüsusilə, qərbi azərbaycanlıların folklorunda müharibə və mühacirət kimi hadisələrin əksi, vətən itkisi və milli kimlik mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dördüncü oturumda “Müasir elmi-nəzəri yanaşmalar kontekstində Qərbi Azərbaycan folkloru” mövzusu müzakirə edilib. Burada, müasir folklorşünaslıq nəzəriyyələri və tədqiqat metodlarının Qərbi Azərbaycan folklorunun tədqiqində tətbiqi, müasir elmi yanaşmaların folklorumuzun öyrənilməsində aça bilcəyi yeni perspektivlər müzakirə olunub.

Digər oturumlarda Qərbi Azərbaycan aşıq sənəti, Qərbi Azərbaycan şivələri, Qərbi Azərbaycan toponimikasının folklorda əksi, ədəbiyyatda Qərbi Azərbaycan mövzusuQərbi Azərbaycan folklorunda süjet və motivlərin variantlaşma xüsusiyyətləri təqdim edilib. Məruzələrdə Qərbi Azərbaycanın qeyri-maddi mədəni irsinin müxtəlif aspektləri, bölgə aşıq sənətinin özünəməxsus xüsusiyyətləri, el sənətkarlarınn yaradıcılığı, regionun şivə və dialektləri, toponimikası, yazılı ədəbiyyatda bu mövzunun əksi kimi məsələlər təhlil olunub.

Konfransda ümumilikdə106 məruzə dinlənilib.

Tədbir bölmə iclaslarından sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Böyük akt zalında Bağlanış iclası ilə yekunlaşıb. İclasda konfransın ümumi nəticələri təqdim olunub, Qərbi Azərbaycan folklorunun tədqiqi ilə bağlı gələcək istiqamətlər müəyyənləşdirilib. Təşkilatçılar arasında əməkdaşlığın gücləndirilməsi, yeni layihələrin həyata keçirilməsi ilə bağlı qərarlar qəbul olunub. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və gələcək tədqiqat işlərində uğurlar arzulanıb.