Folklor İnstitutunda milli irsin elmi təhlili: konfranslar, sessiyalar və beynəlxalq simpozium

Folklor İnstitutunda milli irsin elmi təhlili: konfranslar, sessiyalar və beynəlxalq simpozium

17 Dekabr 2025, 12:23 / Konfranslar, İclaslar

Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq, Folklor İnstitutunda “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı, dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına müvafiq olaraq, “ATTC-dən AMEA-ya uzanan yolun yolçuları: Azərbaycan folklorşünasları” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətə dair hesabata həsr olunmuş Elmi şuranın iclasında söyləyib.

Direktor qeyd edib ki, həmçinin cari ildə Azərbaycan Respublikası Prezidentinin Seyid Əzim Şirvaninin 190 illik, Bəxtiyar Vahabzadənin 100 illik, Azərbaycan milli mətbuatının 150 illik, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileylərinin qeyd edilməsi haqqında sərəncamlarının icrasından irəli gələn vəzifələr çərçivəsində Folklor İnstitutu tərəfindən müvafiq olaraq “Seyid Əzim Şirvani: folklorik düşüncə və klassik bədii interpretasiya”, “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti”, “Milli yaddaş və mətbuat: şifahi sözdən ictimai konseptə” mövzularında elmi sessiyalar, eləcə də “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” beynəlxalq elmi simpoziumu təşkil olunub. Qeyd olunan elmi sessiya, konfrans və simpoziumlar folklorşünaslıq, ədəbiyyatşünaslıq, sənətşünaslıq, musiqişünaslıq, eləcə də mədəniyyətşünaslıq sahəsində tədqiqat aparan alimlərin birgə müzakirəsi və əməkdaşlığı şəraitində həyata keçirilib.