Folklor İnstitutu 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verib

Folklor İnstitutu 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verib

16 Dekabr 2025, 21:46 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabata həsr olunmuş Elmi şuranın iclası keçirilib. Hesabat iclasında institutun Elmi şurasının üzvləri, o cümlədən təhkim olunan şəxs qismində Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, sənətşünaslıq elmləri doktoru, professor Ərtegin Salamzadə və AMEA Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Mahmud iştirak ediblər. Hesabatı AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev təqdim edib.

Hikmət Quliyev qeyd edib ki, AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən, Folklor İnstitutunun elmi tədqiqat şöbələrinin cari il üzrə hesabatların müzakirəsinə noyabr ayından etibarən başlanılıb. Bu il ilk dəfə olaraq, şöbələrin hesabatlarının Elmi şuranın genişləndirilmiş iclaslarında – hibrid formatda İnstitut kollektivinin birgə müzakirəsi şəraitində dinlənildiyini qeyd edən Hikmət Quliyev 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yekun hesabatı təqdim edib.

2025-ci ildə Folklor İnstitutunda 12 elmi şöbə tərəfindən 4 problem istiqaməti üzrə 9 mövzunu əhatə edən 63 tədqiqat işinin yerinə yetirildiyini vurğulayan direktor cari ildə Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının və Dövlət proqramlarının icrası istiqamətində görülən işləri təqdim edib. Alim qeyd edib ki, hesabat ilində Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2025-ci il tarixli Sərəncamına müvafiq olaraq, “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı, Azərbaycan Respublikasının Prezidentinin 18 mart 2025-ci il tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına müvafiq olaraq,  “ATTC-dən AMEA-ya uzanan yolun yolçuları: Azərbaycan folklorşünasları” mövzusunda elmi sessiya keçirilib. Həmçinin cari ildə Azərbaycan Respublikası Prezidentinin Seyid Əzim Şirvaninin 190 illik, Bəxtiyar Vahabzadənin 100 illik, Azərbaycan milli mətbuatının 150 illik, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileylərinin qeyd edilməsi haqqında Sərəncamları çərçivəsində Folklor İnstitutu tərəfindən müvafiq olaraq “Seyid Əzim Şirvani: folklorik düşüncə və klassik bədii inter­pretasiya”, “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti”, “Milli yaddaş və mətbuat: şifahi sözdən ictimai konseptə” mövzularında elmi sessiyalar, eləcə də “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” beynəlxalq elmi simpoziumu təşkil olunub. Qeyd olunan elmi sessiya, konfrans və simpoziumlar folklorşünaslıq, ədəbiyyatşünaslıq, sənətşünalıq, musiqişünaslıq, eləcə də mədəniyyətşünaslıq sahəsində tədqiqat aparan alimlərin birgə müzakirəsi və əməkdaşlığı şəraitində həyata keçirilib.  

Eyni zamanda, Hikmət Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında” Fərmanına uyğun olaraq, AMEA Rəyasət Heyətinin qərarı ilə Folklor İnstitutunda Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsi yaradılıb, həmçinin cari ildə İnstitutda Miçiqan Universitetinin professoru Duqlas Hartman və Orta Doğu Universitetinin dosenti Dilek Altunun iştirakı ilə “Rəqəmsal savadlılıq və elmi tədqiqatlarda süni intellekt texnologiyalarının tətbiqi” mövzusunda tədbir keçirilib. Alim qeyd edib ki, rəqəmsal transformasiyalar və dördüncü sənaye inqilabının çağırışlarına müvafiq olaraq, Folklor İnstitutunda multidissiplinar elmi tədqiqatlar aparılmış, “İnternet folkloru: nəzəri-metodoloji kontekst və folklorik məna yaradıcılığı” mövzusunda dissertasiyanın müdafiəsi əsasında elmlər doktoru diplomu alınıb, “Elektron informasiya mədəniyyəti kontekstində xalq deyimləri” mövzusunda fəlsəfə doktoru dissertasiyası müdafiə edilib. Eyni zamanda İnstitutun alimləri Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə əməkdaşlığı çərçivəsində hazırlanan “Milli Dadlar” layihəsinin və eyniadlı onlayn platfor­manın ekspertləri olublar.

Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Böyük Qayıdışa dair Dövlət proqramı”na uyğun olaraq Folklor İnstitutu Qarabağın və Şərqi Zəngəzurun qeyri-maddi mədəni irsinin toplanması, tədqiqi və nəşri sahəsində bir sıra mühüm işlər həyata keçirib. Hikmət Quliyevin sözlərinə görə, cari ildə İnstitutda “Zəngəzur folkloru: poetik sözdən sosial mənaya”,  “Qarabağ folklo­runun bədii-semantik xüsusiyyətləri”, Salman Mümtazın “Aşıq Abdulla” kitabları nəşr olunub. Eyni zamanda cari ildə XI Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın təşkilatçılığı ilə keçirilən “Akademiyanın Zəngəzurnaməsi: folklor toplama­la­rın­dan akademik tədqiqatlaradək” adlı tədbirdə Folklor İnstitutu tərəfindən 20-dən çox kitab sərgilənmişdir. Eləcə də Laçın şəhərinin “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi çərçivəsində Folklor İnstitutu və AMEA Humanitar Elmlər Bölməsi tərəfindən “Laçın: mədəni yaddaşın folklordan görünən izləri” mövzusunda elmi sessiya təşkil olunub.

2025-ci ildə Qərbi Azərbaycan mədəni irsinin öyrənilməsi istiqamətində həyata keçirilən layihələrə də diqqət çəkən Hikmət Quliyev bildirib ki, son illərdə institutun ən mühüm fəaliyyət istiqamətlərindən biri də Qərbi Azərbaycan folklorunun toplanması və təhlilinə dair aparılan geniş miqyaslı tədqiqatlar olub. O, qeyd edib ki, respublikanın müxtəlif bölgələrində yaşayan Qərbi azərbaycanlılardan çoxsaylı folklor nümunələri toplanaraq “Qərbi Azərbaycan folkloru” seriyasının 5 və 6-cı cildləri nəşr olunub.

Filologiya elmləri doktoru Hikmət Quliyev, həmçinin Türk dünyası ilə əlaqələrin gücləndirilməsi və beynəlxalq elmi tədbirlərin keçirilməsinin institutun prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Belə ki, 2025-ci ildə Folklor İnstitutu ölkənin və Türk dünyasının bir sıra universitet və elmi tədqiqat mərkəzləri ilə birgə Mikayıl Azaflının 100 illik yubileyi çərçivəsində “Aşıq sənətində milli-mənəvi dəyərlər”, eləcə də Azərbaycan zurna-balaban məktəbinin ustadı Kalvalı Əli Dədənin 150 illik yubileyinə həsr olunmuş “I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik” simpoziumlarını təşkil edib.

Türk dünyası ilə əlaqələrin gücləndirilməsi çərçivəsində hesabat ilində AMEA Folklor İnstitutu ilə Daşkənddəki Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu, Urgənc Dövlət Universiteti və Özbəkistan Respublikası Elmlər Akademiyasının Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyi arasında elmi əməkdaşlığa dair memorandumlar imzalanıb. Bu addımlar, Folklor İnstitutunun beynəlxalq əlaqələrini gücləndirmək və elmi tədqiqatlar sahəsində müvafiq qurumlarla əməkdaşlığı genişləndirmək məqsədini daşıyır.

Hikmət Quliyev, həmçinin 2025-ci ildə Folklor İnstitutunun elmi fəaliyyətinin bir qədər də genişləndiyini vurğulayıb. O, institut əməkdaşlarının cari ildə 31-i monoqrafiya olmaqla 51 kitab nəşr etdirdiyini və bu əsərlərin 14-ünün xaricdə çap olunduğunu qeyd edib. Ümumilikdə, 2025-ci ildə Folklor İnstitutu əməkdaşlarının ölkədən xaricdə 45, ümumilikdə isə 260 elmi məqaləsinin nəşr olunduğu bildirilib.

Yüksəkixtisaslı kadr hazırlığı sahəsində fəaliyyətə toxunan Hikmət Quliyev qeyd edib ki, 2025-ci ildə AMEA Folklor İnstitutunun doktoranturasına 5719.01 – “Folklorşünaslıq” ixtisasında fəlsəfə doktoru hazırlığı proqramı üzrə 5 nəfər qəbul olunub. Cari ildə İnstitutun əməkdaşlarından 3 nəfər (onlardan 2 nəfər 40 yaşa qədər) elmlər doktoru, 1 nəfər fəlsəfə doktoru elmi dərəcəsi, 1 nəfər isə dosent elmi adına layiq görülüb. 

Eyni zamanda, institutun elektron elm sahəsindəki mövqeyinin gücləndiyini qeyd edən Hikmət Quliyev, 2025-ci ildə elmi işçilərin elmmetrik göstəricilərinin artdığını bildirib. Ümumilikdə, cari ildə 151 yeni məqalə elmmetrik bazalarda dərc edilib, institutun elmi işlərinə 3632, cari ildə isə  375 istinad olunub. Həmçinin, Folklor İnstitutunun alimləri tərəfindən cari ildə Vikipediya üçün 31 yeni məqalə hazırlanaraq yerləşdirilib.

Hikmət Quliyev, 2025-ci ildə Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Odlar Yurdu Universiteti və Xəzər Universitetindən, ümumilikdə 67 tələbənin Folklor İnstitutunda təcrübə keçdiyini qeyd edərək, bu əlaqələrin gələcəkdə elmi fəaliyyət sahəsində kadr potensialının gücləndirilməsinə də müsbət təsir edəcəyini vurğulayıb.

Daha sonra AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Folklor İnstitununun 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı barədə çıxış edib. Alim Folklor İnstitutunun son bir ildə əldə etdiyi nailiyyətlərə diqqət çəkərək vurğulayıb ki, bu müddət ərzində institutda yeni nəfəs və dinamik inkişaf müşahidə olunub. Xüsusilə də Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən həyata keçirilən layihə və tədbirlərin, o cümlədən türk dünyası ilə elmi əməkdaşlıq əlaqələrinin xüsusi diqqətə layiq olduğunu qeyd edib. Çıxışının sonunda AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə AMEA Folklor İnstitutunun 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətini yüksək qiymətləndirərək, gələcəkdə də bu inkişafın davam edəcəyinə inandığını ifadə edib.

Daha sonra illik hesabatla bağlı çıxış edən AMEA Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Mahmud Folklor İnstitutunun Akademiyanın institutları sırasında yüksək elmi potensiala malik aparıcı elmi müəssisələrdən biri kimi seçildiyini vurğulayıb. O, bu potensialın yalnız kəmiyyət göstəriciləri ilə deyil, eyni zamanda elmi fəaliyyətin keyfiyyəti ilə də təsdiqləndiyini qeyd edib.

Dosent Aynur Mahmud AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Elmlər Akademiyasında həyata keçirilən islahatlar çərçivəsində rəqəmsallaşma, süni intellektin tətbiqi və elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərə toxunaraq, bu sahədə Folklor İnstitutunda aparılan tədbirləri müsbət dəyərləndirib. O, son dövrlərdə institutda idarəetmə, nizam-intizam və təşkilati fəaliyyətin gücləndirildiyini xüsusi qeyd edərək, təqdim olunan illik hesabatı qənaətbəxş hesab etdiyini və institutun fəaliyyətində düzgün strateji istiqamətin seçildiyini vurğulayıb.

Daha sonra Folklor İnstitutunun Elmi Şurasının üzvü, filologiya elmləri doktoru Səfa Qarayev çıxış edərək institutun illik hesabatında konseptual və metodoloji baxımdan əhəmiyyət kəsb edən məsələlərin xüsusi diqqət çəkdiyini bildirib. O, dövlət başçısının imzaladığı sərəncamların icrası, eləcə də AMEA Rəyasət Heyəti tərəfindən qəbul edilmiş qərarların həyata keçirilməsi istiqamətində institutda sistemli, ardıcıl və hərtərəfli fəaliyyətin aparıldığını vurğulayıb, bu istiqamətdə görülən işlərin hesabatda dolğun və aydın şəkildə əks olunduğunu qeyd edib.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli Sərəncamının icrası çərçivəsində gələn il 100 illiyi qeyd olunacaq Birinci Türkoloji Qurultayla bağlı danışan Səfa Qarayev uzun müddət bu sahədəki tədqiqatların əsasən dilçilik müstəvisində cəmləşdiyini xatırladaraq, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin bu araşdırmaların müxtəlif elmi istiqamətlər üzrə genişləndirilməsinə dair çağırışını diqqətə çatdırıb. O, bu çağırışa operativ və məzmunlu şəkildə cavab verən elmi müəssisələrdən birinin məhz Folklor İnstitutu olduğunu məmnunluqla qeyd edib. Alim qeyd edib ki, Folklor İnstitutunda türkoloji folklorşünaslıqla bağlı aparılan müzakirə və seminarlar, eləcə də 2026-cı il üçün planlaşdırılan konfrans bu sahədə mühüm addımlardan biri olacaqdır. Onun yanaşmasına görə türkoloji folklorşünaslıq platforması  yalnız ortaq folklor materiallarına deyil, həm də türk xalqlarının folklorundakı fərqlərə də ehtiva etməlidir. Belə ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər dövlətlərdə müəyyən sosial qrupların folkloru həmin qrupun sosio-dinamik inkişafı kontekstində tədqiq edilməlidir. Ümumilikdə, təqdim olunan illik hesabatı qənaətbəxş hesab etdiyini qeyd edən Səfa Qarayev institutun fəaliyyətinə uğurlar arzulayıb.

Daha sonra Füzuli Bayat çıxış edərək nüfuzlu beynəlxalq elmi bazalarda indekslənən jurnallarda məqalə nəşri ilə bağlı rast gəlinən bir sıra maneələrə toxunub. O, bu çətinliklərin əsasən tərcümə məsələləri, texniki tələblər və müəyyən dərəcədə bu proses üçün tələb olunan maliyyə resursları ilə bağlı olduğunu qeyd edərək, institutda aparılan elmi araşdırmaların intellektual səviyyəsinin yüksək olmasına baxmayaraq, mövcud amillərin beynəlxalq nəşr imkanlarını məhdudlaşdırdığını vurğulayıb.

Alim çıxış yolu kimi AMEA Folklor İnstitutunun elmi jurnallarının nüfuzlu beynəlxalq elmi bazaların tələbləri səviyyəsinə çatdırılmasının vacibliyini diqqətə çatdırıb. Professor Füzuli Bayatın sözlərinə görə bu istiqamətdə atılacaq məqsədyönlü addımlar beynəlxalq elmi platformalarda mövcud olan institusional və texniki maneələrin aradan qaldırılmasına, eyni zamanda institutun beynəlxalq elmi mühitdə təmsilçiliyinin və tanınmasının əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradacaq.

Daha sonra hesabat ətrafında müzakirələrə münasibət bildirən filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov çıxış edərək, Azərbaycan folklorunun xarici dillərdə təbliğinə və çap olunmasına xüsusi diqqət yetirilməsini təklif edib. O, bu istiqamətdə uğurlar arzulayaraq, bu işin həm elmi, həm də mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

Daha sonra Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova institutda həyata keçirilən bir sıra işlərdən, o cümlədən folklorun toplanılması, sistemləşdirilməsi və nəşri məsələlərindən danışıb. O, 2025-ci ildə xüsusilə Qərbi Azərbaycan folklorunun toplanmasının bu istiqamətdəki ən vacib fəaliyyətlərdən biri olduğunu qeyd edib. Həmçinin, o, əski əlifba ilə yazılmış və bu günün oxucusu üçün o qədər də əlçatan olmayan folklor mətnlərinin nəşri – “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasının əhəmiyyəti barədə danışıb.

Dosent Afaq Ramazanova, eyni zamanda Azərbaycan folklor mətnlərinin tərcümə məsələlərinə də toxunub. O, SMOMPK məcmuəsindəki Azərbaycan folklor nümunələinin Folklor İnstitutu tərəfindən 4 cilddə nəşrini qeyd edib. Bununla yanaşı, Azsaylı xalqların folkloru üzrə 7 cildin nəşr edildiyini də diqqətə çatdırıb.

İclasda həmçinin AMEA Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçiriləcək “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II respublika elmi konfransına hazırlığın vəziyyəti barədə məlumat verilib.

İclasın sonunda Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xuraman Kərimovaya dosent elmi adının verilməsi barədə vəsatət qaldırılması üçün Elmi Şurada gizli səsvermə keçirilib və müvafiq qərar qəbul olunub.

İclasın sonunda türk dünyası mədəniyyətinə verdiyi töhfələrə görə Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayata TÜRKSOY-un Armin Vamberi adına medalı və sertifikatı təqdim edilib.