XƏBƏRLƏR
2025-ci ildə Folklor İnstitutunda nəzəri və təcrübi tədqiqatlar uğurla həyata keçirilib
AMEA Folklor İnstitutunun Elmi şurasının genişləndirilmiş iclasında folklorşünaslığın elmi-nəzəri və təcrübi məsələləri istiqamətində fəaliyyət göstərən şöbələrin 2025-ci il üzrə illik hesabatları müzakirə olunub. Hibrid formatda keçirilən iclasda, Elmi şura üzvləri ilə yanaşı, institutun kollektivi də hesabatların müzakirəsində fəal iştirak edib, şöbələrin elmi və elmi-təşkilati fəaliyyəti, aparılan tədqiqatlar və dərc olunan işlər, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələrinin nəticələrini təqdim edilib.
İclasda ilk olaraq Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru Leyla Məmmədova 2025-ci il üzrə şöbənin hesabatını təqdim edib. O bildirib ki, folklor və yazılı ədəbiyyat münasibətlərinin nəzəri-metodoloji aspektlərini, Azərbaycan ədəbiyyatının müxtəlif dövrləri və janrlarında xalq mədəniyyətinin tədqiqini əhatə edən şöbədə 1 elmlər doktoru və 9 fəlsəfə doktoru fəaliyyət göstərir. Onun sözlərinə görə, 2025-ci ildə şöbənin əməkdaşları tərəfindən ümumilikdə 50 elmi məqalə nəşr olunub ki, bunun da 10-u xarici jurnallarda dərc edilib.
Bundan əlavə, şöbə əməkdaşları il ərzində 13-ü xaricdə olmaqla ümumilikdə 32 elmi konfransda çıxış ediblər. Şöbə üzvləri 20-dən çox məruzə təqdim edərək Azərbaycan dramaturgiyası, folklor və yazılı ədəbiyyatın qarşılıqlı əlaqəsinin nəzəri aspektləri, aşıq poeziyası və s. kimi mövzuları elmi müzakirəyə çıxarıblar.
Daha sonra AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin 2025-ci il üzrə fəaliyyəti və əldə olunan mühüm nəticələr təqdim olunub. Şöbənin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil qeyd edib ki, bu il AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə şöbənin tədqiqat istiqamətləri bir qədər genişləndirilib, mərasim folklorunun ayrılmaz tərkib hissəsi olan milli kulinariya ənənələri də diqqət mərkəzinə gətirilib. Milli mətbəx mədəniyyətinin mərasimlərlə əlaqəsinə nəzər yetirən alim bu istiqamətdə tədqiqatların aparılmasının elmi və strateji əhəmiyyət kəsb etdiyini deyib. Bütövlükdə, 2025-ci ildə şöbədə Türk xalqlarının mərasim folkloru, bayram mədəniyyəti, Qərbi Azərbaycanın ənənəvi mərasimləri, mərasim folkloru və islam və s. istiqamətlərdə tədqiqatlar aparılıb, “Tahir və Zöhrə” dastanının yayılma arealı” adlı monoqrafiya, həmçinin “Mərasim folkloru ənənələri” kitabının 3-cü cildi nəşr olunub. Ümumilikdə, şöbənin əməkdaşları tərəfindən 6-ı xaricdə olmaqla, 29 məqalə nəşr olunub.
Daha sonra Folklor nəzəriyyəsi şöbəsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı şöbə müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat tərəfindən təqdim olunub. Alim qeyd edib ki, cari ildə AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən şöbənin adı və fəaliyyət istiqaməti müəyyən qədər dəyişdirilib, müasir folklor tədqiqatları ilə yanaşı, nəzəri aspektlərin genişləndirilməsinə diqqət artırılıb. O bildirib ki, şöbənin fəaliyyəti il ərzində plana uyğun şəkildə həyata keçirilib, nəzəri araşdırmaların genişləndirilməsi və elmi nəticələrin sistemləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Alim qeyd edib ki, cari ildə onun rəhbərliyi ilə həyata keçirilən “Peşə folkloru və peşə lətifələri: tematikası və funksiyası” adlı tədqiqatın ilk mərhələsi – “Şəhər mühiti və peşə folkloru: funksional-semantik özəllikləri” üzrə nəzərdə tutulan iş tam hazırlanaraq yekunlaşdırılıb.
Eyni zamanda şöbədə fərdi fəaliyyət planlarına müvafiq olaraq, “Kitabi-Dədə Qorqud” dastanında atalar sözləri və məsəllərin kommunikativ-praqmatik xüsusiyyətləri araşdırılıb, repressiya illərində folklorşünaslığın ideoloji mahiyyəti təhlilə cəlb olunub. Həmçinin cari ildə şöbə əməkdaşları İnstitut tərəfindən keçirilən yerli və beynəlxalq konfransların təşkilində, sahədən toplanılan folklor nümunələrinin nəşrə hzırlanmasında fəal iştirak ediblər.
Hesabat ilində professor Füzuli Bayatın “Gaziantep folkloru”, “Sivas halk kültürü araştırmaları”, “Şamanın son haykırışları”, “Türk-İslami gelenekte şamanlık” və digər kitabları çap olunub və yenidən nəşr edilib. Ümumilikdə, şöbə əməkdaşları tərəfindən 9 elmi məqalə dərc edilib, eyni zamanda 12 konfransda iştirak təmin olunub.
İclasda həmçinin Aşıq yaradıcılığı şöbəsinin 2025-ci il üzrə elmi və təşkilati fəaliyyətinə dair hesabat dinlənilib. Şöbənin cari il üzrə hesabatını təqdim edən aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Tacir Qurbanov il ərzində aparılan nəzəri tədqiqatlar, toplama materialları, elmi məqalələr, kitab və layihələr barədə geniş məlumat verib. Alim qeyd edib ki, cari ildə xüsusilə də xalq nəğmələri və aşıq yaradıcılığı üzrə tədqiqatlar aparılıb, Ağbaba xalq nəğmələri təhlil olunub, yeni layihə olaraq “Qoncalı” mövzusunda tədqiqatlara başlanıb və toplama işləri həyata keçirilib.
2025-ci ildə şöbənin tədqiqat planlarına müvafiq olaraq türk dastanlarının riyazi-funksional təhlili, “Kitabi-Dədə Qorqud” və “Oğuz Kağan” dastanlarının milli kimlik və simvolizm aspektlərindən öyrənilməsi, aşıq yaradıcılığında zaman və məkan probleminin araşdırılması həyata keçirilib. Eyni zamanda cari ildə mifologiya və epik düşüncə arasında paralellər öyrənilib, türk və çuvaş mifoloji ənənələrinin müqayisəli analizi aparılıb, Dədə Qorqud motivləri və epik qəhrəmanların transformasiyası araşdırılıb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən həmçinin Cəlilabad bölgəsində xalq mahnılarının toplanması və sistemləşdirilməsi, aşıq yaradıcılığı ənənələrinin öyrənilməsi, eləcə də Mikayıl Azaflı və Sədnik Paşa Pirsultanlının yaradıcılığı üzrə tədqiqatlar aparılıb.



















