XƏBƏRLƏR
Folklor İnstitutunun direktoru qeyri-maddi mədəni irsə həsr olunan dəyirmi masada iştirak edib
Dekabrın 3-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın qeyri-maddi mədəni irsinə həsr olunan dəyirmi masa keçirilib. Tədbir UNESCO-nun 42-ci Baş Konfransının qərarı ilə 17 oktyabr tarixinin Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü elan edilməsinə həsr olunub.
Dəyirmi masada müvafiq dövlət qurumlarının nümayəndələri, sahə üzrə mütəxəssislər və alimlər iştirak ediblər. İki bölmədən ibarət tədbirin ilk hissəsində “Azərbaycanda qeyri-maddi mədəni irsə köklü baxış: regionlarımız ənənələrimizin beşiyi kimi” mövzusu ətrafında çıxışlar dinlənilib. Daha sonra 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyi münasibətilə “Qarabağ və Şərqi Zəngəzurun qeyri-maddi mədəni irsi” mövzusunda müzakirələr aparılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev də tədbirdə iştirak edərək müzakirələrə töhfə verib. O, qeyri-maddi mədəni irsin müasir dövrdə qorunması və araşdırılması üçün bir sıra təkliflər irəli sürüb. Alim xüsusilə Milli Rəqəmsal Folklor Verilənlər Bazasının yaradılmasını, bölgələrdə yaşayan icmaların prosesə daha fəal cəlb edilməsini, həmçinin Qarabağ və Şərqi Zəngəzurdan toplanmış folklor nümunələrinin sistemli şəkildə rəqəmsallaşdırılaraq açıq elmi istifadəyə verilməsini vacib hesab etdiyini bildirib.



