AMEA-da “Laçın: Mədəni yaddaşın folklordan görünən izləri” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “Laçın: Mədəni yaddaşın folklordan görünən izləri” mövzusunda elmi sessiya keçirilib

25 Noyabr 2025, 16:11 / Konfranslar, İclaslar

Noyabrın 25-də AMEA-nın Əsas binasında Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsinə həsr olunmuş “Laçın: mədəni yaddaşın folklordan görünən izləri” mövzusunda elmi sessiya keçirilib.

AMEA Humanitar Elmlər Bölməsi və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Tarix və Etnologiya, Folklor, Əlyazmalar institutlarının əməkdaşları, Mərkəzi Elmi Kitabxananın könüllüləri, tələbələr və KİV mənsubları iştirak ediblər.

Əvvəlcə foyedə Humanitar Elmlər Bölməsinin institutlarında Qərbi Azərbaycan, Qarabağ, Şərqi Zəngəzur və “Böyük Qayıdış”la bağlı nəşr olunmuş müxtəlif kitablardan ibarət sərgiyə baxış olub.

Elmi sessiyanı giriş sözü ilə açan Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Teymur Kərimli MDB Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarı ilə Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunduğunu xatırladıb. O, bu qərarın Laçının mədəni dirçəlişinə, humanitar əməkdaşlıq məkanında fəal iştirakına və beynəlxalq mədəni inteqrasiyasına yeni imkanlar açdığını vurğulayıb. Bildirib ki, bu təşəbbüs təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm əhəmiyyət kəsb edir.

Akademik Teymur Kərimli 2020-ci ildə ərazilərimizin işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında da genişmiqyaslı bərpa və yenidənqurma prosesinin həyata keçirildiyini söyləyib. Qeyd edib ki, dövlət tərəfindən salınan müasir infrastruktur Laçının tarixinin, arxeologiyasının, etnoqrafiyasının, folklorunun və ədəbi-mədəni irsinin elmi əsaslarla tədqiqi üçün geniş imkanlar açır.

“Torpağın ruhu öz köklərini qədim türk yaddaşından alır”, – deyən akademik Teymur Kərimli Laçın adının mənşəyi, etimologiyası ilə bağlı bəzi məqamları diqqətə çatdırıb, bölgənin tarixi-mədəni dəyərinin dərin qatlarını vurğulayıb.

Çıxışının sonunda akademik Teymur Kərimli tədbirin elmi əhəmiyyətini yüksək qiymətləndirərək, Laçının mədəniyyət paytaxtı statusunun bu sahədə yeni tədqiqatların aparılmasına təkan verəcəyini bildirib.

Sonra AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edərək Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma proseslərinin təkcə infrastruktur layihələri ilə məhdudlaşmadığını, bu işlərin bölgənin mədəni-mənəvi həyatının dirçəldilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Direktor vurğulayıb ki, “Böyük Qayıdış” konsepsiyasının ən mühüm istiqamətlərindən biri işğaldan azad olunmuş ərazilərin folklor irsinin yenidən dövriyyəyə qaytarılmasıdır. Xalq yaddaşının bu mühüm hissəsinin reaktivləşdirilməsi bərpa prosesinə həm mənəvi dərinlik, həm də tarixi ardıcıllıq qazandırır.

Hikmət Quliyev tədbirin Şanlı Zəfərin 5 illiyi ilə eyni vaxtda keçirilməsinin əlavə simvolik məna daşıdığını qeyd edib. Bildirib ki, beş il öncə Azərbaycan yalnız torpaqlarını azad etməyib, həm də bu torpaqlarda yüz illərlə formalaşmış mədəni irsini, kimlik yaddaşını işğaldan qurtarıb. Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunması isə bu baxımdan həm strateji, həm də mədəni bir hadisə kimi qiymətləndirilib. O, Laçın və ətraf bölgələrin folklor mühitinin, o cümlədən sakral məkanların, qədim inanc sistemlərinin, aşıq yaradıcılığının Qafqazın mədəni xəritəsində özünəməxsus yeri olduğunu vurğulayıb.

Alim, həmçinin Zəngəzur folklorunun qədim yaddaş qatlarından, ağız ədəbiyyatı nümunələrindən və toponim yaddaşının mühüm əhəmiyyətindən danışaraq bildirib ki, bu irs həm bölgə tarixinin, həm də ümummilli kimliyin formalaşmasında xüsusi rol oynayıb. Hikmət Quliyev Folklor İnstitutunun son illərdə apardığı ekspedisiyalar, hazırlanmış çoxcildlik nəşrlər (“Qarabağ folkloru”, “Zəngəzur folkloru”, “Qərbi Azərbaycan folkloru”) və təşkil edilən elmi-simpoziumların əsas məqsədinin kollektiv yaddaşı bərpa etmək, həm də bu yaddaşı gələcək nəslə sistemləşdirilmiş formada ötürmək olduğunu qeyd edib.

Direktorun sözlərinə görə, işğaldan azad olunmuş bölgələr Azərbaycan üçün təkcə strateji-coğrafi əhəmiyyət daşımır, həm də xalqın tarixi-mənəvi yaddaşının yenidən canlandığı məkanlara çevrilir. Bu səbəbdən folklor resurslarının öyrənilməsi, sənədləşdirilməsi və yenidən dövriyyəyə qaytarılması “Böyük Qayıdış”ın əsas mədəni dayaqlarından biri hesab edilməlidir.

O, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə bu elm ocağında Qarabağ və Şərqi Zəngəzurla bağlı aparılan kompleks tədqiqatlardan da bəhs edərək, bu araşdırmaların milli yaddaşın bərpasında mühüm rol oynadığını bildirib. Vurğulayıb ki, XI Bakı Beynəlxalq Kitab Sərgisində keçirilən “Akademiyanın Zəngəzurnaməsi” tədbiri və AMEA-nın müxtəlif institutlarında Qarabağ, Qərbi Azərbaycan və Zəngəzurla bağlı yeni şöbələrin yaradılması bu sahədə görülən işlərin ardıcıl və sistemli şəkildə aparıldığını göstərir. Hikmət Quliyev bu tədqiqatların dövlət siyasətinin effektiv icrası baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Tədbirdə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru, dosent Şakir Albalıyev “Zəngəzur toponimlərində folklor izləri” mövzusunda məruzə ilə çıxış edib. O, Zəngəzur bölgəsinin toponim və mikrotoponimlərinin yalnız coğrafi adlardan ibarət olmadığını, bu adların xalq yaddaşının, etnik-mədəni kimliyin və tarixi gerçəklərin çoxqatlı izlərini özündə yaşatdığını diqqətə çatdırıb. Məruzəçi vurğulayıb ki, Zəngəzurun yer-yurd adlarında qorunan mifik və mərasim qatları bölgə əhalisinin qədim inanclarını, təbiətə münasibətini və həyat tərzini əks etdirən mühüm folklor mənbələridir.

Şakir Albalıyev qeyd edib ki, toponimlər türk dünyagörüşünün formalaşmasında mühüm rol oynamış, minilliklər boyu xalqın təbiətlə mənəvi bağlılığını ifadə edən simvollara çevrilmişdir. Zəngəzurda mövcud olmuş mikrotoponimlərin, hidronimlərin və sakral məkan adlarının toplanması və elmi sistemləşdirilməsi yalnız mədəni irsin bərpasına deyil, həm də tarixi yaddaşın dürüst şəkildə yenidən qurulmasına xidmət edir.

O, həmçinin bölgədəki toponimlərin mərhələli şəkildə dəyişdirilməsi, təhrif olunması ilə bağlı faktların araşdırılmasının da xüsusi əhəmiyyət daşıdığını bildirib. Alim vurğulayıb ki, bu adların arxasında duran folklor nümunələri, rəvayətlər və bayatıların nəzərdən keçirilməsi Zəngəzurun real tarixi mənzərəsinin bərpasına mühüm töhfə verir. Bu səbəbdən institutun bu istiqamətdə apardığı tədqiqatlar gələcək ekspedisiyaların, nəşrlərin və elmi araşdırmaların əsasını təşkil edir.

Daha sonra şair, publisist İlham Qəhrəmanov “Sarı aşığın həyatı və yaradıcılığı” mövzusunda məruzəsini təqdim edib. O, aşığın mənsub olduğu bölgə, onun bayatılarında çəkilən yer adlarının etimologiyasını analiz edib. Qeyd edib ki, Sarı Aşığın əsərlərindəki cinaslı bayatılar onun yüksək poetik düşüncə tərzini göstərir.

İlham Qəhrəman bildirib ki, Sarı Aşığın yaradıcılığında Həkəri çayı boyunca yerləşən kəndlərin şivəsi, xüsusilə Laçın-Qubadlı bölgəsinin dil xüsusiyyətləri açıq şəkildə görünür. Mənbələrdə Səfiyan mollaxanasında aldığı təhsil barədə məlumatlara əsasən, aşığın dövrünün aparıcı dini və elmi biliklərinə sahib olduğu vurğulanıb. Məruzəçi, həmçinin Sarı Aşığın bayatılarında yer alan geniş coğrafi adların onun dünyagörüşünün genişliyini əks etdirdiyini qeyd edib.

O, Sarı Aşığın bayatılarının toplanması və nəşr tarixçəsinə də toxunub. Bildirib ki, müxtəlif illərdə Azərbaycan və Təbrizdə çap olunmuş mənbələrdə aşığa aid olan yüzlərlə bayatı səpələnmiş şəkildə yer alır və bu materialların toplanaraq sistemləşdirilməsi uzun illər çəkib.

İlham Qəhrəman Sarı Aşığın yaradıcılığının Azərbaycan söz sənətində mühüm yer tutduğunu, bayatıların dil və məna baxımından memarlıq dəqiqliyi ilə qurulduğunu vurğulayıb. Qeyd edib ki, aşığın poetik irsi “bir xəzinə kimi” dəyərləndirilməli və gələcək nəsillərə elmi əsaslarla çatdırılmalıdır.

Elmi sessiyada Folklor İnstitutunun doktorantı Könül Məmmədova “Sarı Aşığın yaradıcılığında cinaslar” mövzusunda məruzə ilə çıxış edərək aşıq yaradıcılığında cinas bayatının misilsiz ustadı sayılan Sarı Aşığın cinas sənətində böyük şöhrət qazandığını bildirib. Vurğulayıb ki, buna səbəb ustad aşığın hər şeydən öncə Azərbaycan dilinin poetik ifadə imkanlarını nümayiş etdirmək istəyi və bu məqsədə nail olmaq yolundakı yüksək məharəti olub.

Məruzəçi əlavə edib ki, Sarı Aşığın cinas bayatıları indiyə qədər görkəmli folklorçular, peşəkar və həvəskar toplayıcılar tərəfindən toplanılıb və çap olunmuş bütün nəşrlərində aparıcı yer tutub. Bu nəşrlərdən bəzilərinin bu və ya digər cəhətdən özünəməxsus üstünlük və yenilikləri var.

“Sarı Aşığın poetik irsini gələcək folkloşünasların və oxucuların diqqətinə çatdırmaqda Salman Mümtaz və Bəhlul Behcət kimi fədakar folklorçu və toplayıcıların hələ keçən əsrin 20-30-cu illərində gerçəkləşdirdikləri nəşrlərin böyük əksəriyyətini qədirbilənliklə vurğulamaq lazımdır”, - deyən Könül Məmmədova Sarı Aşığın yüksək poetik məharəti, misilsiz cinas sənətkarlığı haqqında Azərbaycan folklorşünaslığında indiyə qədər diqqətəlayiq elmi-nəzəri mülahizələrin irəli sürüldüyünü vurğulayıb.

O, cinas sənətinin əsaslandığı omonimlər haqqında da məlumat verərək bildirib ki, ustad aşığın bayatı poetikasına gətirdiyi ən böyük yeniliklər məhz onun cinas sənətindəki məharəti ilə bağlıdır. Sarı Aşıq cinas qafiyələr yaratmağı ilhamının sevimli məşqinə, cinas bayatılar çağırmağı isə öz yaradıcılığının ana xəttinə çevirməyi bacarıb və bununla da Azərbaycan aşıq ədəbiyyatında bayatı yaradıcılığının zirvəsinə yüksələ bilib. O, çoxəsrlik Azərbaycan aşıq poeziyasında özünəməxsus qayələr və obrazlar aləmini yaradan nadir söz ustalarından biridir.

Tədbir çərçivəsində, həmçinin Salman Mümtazın “Aşıq Abdulla” kitabının Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov tərəfindən transkripsiya olunaraq yenidən çapdan çıxmış nəşrinin təqdimatı olub.

Bildirilib ki, Azərbaycan klassik ədəbiyyatının və folklorunun tanınmış tədqiqatçılarından biri olan Salman Mümtazın bayatılarla bağlı “Aşıq Abdulla” adlı kitabı 1927-ci ildə nəşr olunub. Onun kitabının müqəddiməsində Azərbaycan türk folklorunun bu janrının yaranması və təşəkkülü ilə bağlı irəli sürdüyü fikir və mülahizələr bu gün də maraq doğurmaqdadır.

Diqqətə çatdırılıb ki, dosent Rza Xəlilov tərəfindən yenidən çap edilən bu kitab Laçının Güləbird kəndində doğulan, XVII əsrin bayatı ustası olan Sarı Aşığın 420 illiyinə ithaf edilib.

Sonda Folklor İnstitutunun Folklor studiyasının hazırladığı “Ay Laçın: dağıntılardan dirçəlişə” adlı qısahəcmli filmin nümayişi olub.