XƏBƏRLƏR
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu işə başlayıb
Noyabrın 20-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Kalvalı Əli Dədənin anadan olmasının 150 illiyinə həsr olunan I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu işə başlayıb.
Tədbir AMEA Folklor İnstitutu, AMEA Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Musiqi və Gözəl Sənətlər Universiteti, Ərzincan Binali Yıldırım Universiteti, Kars Kafkas Universiteti Dövlət Konservatoriyası, Əhməd Yəsəvi Uluslararası Türk-Qazax Universiteti, Azərbaycan Aşıqlar Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Union Printing Group MMC və “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin kitabxananın foyesindəki büstü önünə tər güllər düzülüb, dahi liderin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli simpoziumun əsas məqsədinin Türk dünyasının zəngin musiqi folklorunun, xüsusilə balaban, zurna və saz kimi qədim musiqi alətlərinin tarixi köklərinin, mədəni kimlikdəki yerinin və kollektiv yaddaşdakı izlərinin elmi müstəvidə araşdırılması olduğunu bildirib. O, həmçinin zurna-balaban məktəbinin görkəmli nümayəndəsi, Kalvalı Əli Dədə kimi tanınan Əli Kərimovun yaradıcılığına Türk dünyası kontekstində nəzər salınması baxımından simpoziumun elmi əhəmiyyət daşıdığını qeyd edib.
AMEA rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlər elm ictimaiyyəti qarşısında yeni strateji vəzifələr müəyyənləşdirir. Onun sözlərinə görə, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılığın gücləndirilməsi və mədəni irsin cəmiyyətə təqdim olunması istiqamətləri sənət korifeylərinin irsinin elmi əsaslarla öyrənilməsi və yaşadılmasını zəruri edir. Akademik İsa Həbibbəyli bildirib ki, folklor sahəsində çoxsaylı elmi tədbirlər keçirilsə də, el sənətkarlarının və ənənəvi ifaçıların irsinə həsr olunan layihələr hələ də azlıq təşkil edir və qarmon, zurna, balaban, qaval kimi alətlərin daha geniş təbliğinə ehtiyac var.
O, Kalvalı Əli Dədənin zurna, balaban və tütək kimi nəfəs alətlərinin mahir ifaçısı olduğunu, 70-dən çox rəqs havasının müəllifi kimi böyük bir məktəb yaratdığını xatırladaraq, onun sənətinin bu gün də həm davamçıları, həm də ailə üzvləri tərəfindən yaşadıldığını qeyd edib. Akademik İsa Həbibbəyli ustad sənətkarın 150 illiyinə həsr olunan bu simpoziumun həm elmi ictimaiyyətin Əli Dədənin irsinə ehtiramının ifadəsi, həm də qədim nəfəs alətlərinin təşviqinə xidmət edən mühüm hadisə olduğunu söyləyib. Qeyd edib ki, tədbirdə təqdim olunacaq məruzələr ölkəmizdə bu istiqamətdə aparılan ilk fundamental elmi tədqiqatlar kimi xüsusi tarixi əhəmiyyət kəsb edir və ənənəvi ifaçılıq irsinin sistemli şəkildə öyrənilməsinə yeni perspektivlər açır.
AMEA rəhbəri çıxışının sonunda simpozium iştirakçılarına uğurlar arzulayaraq bu sahədə tədqiqatların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Sonra Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Hacıyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulovanın tədbirə ünvanladığı mətni səsləndirib.
O, simpoziumun türk xalqlarının ortaq mənəvi yaddaşının araşdırılması baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, ənənəvi musiqi türkdilli xalqlar üçün sadəcə incəsənət sahəsi deyil, kimliyimizi yaşadan, nəsillər arasında bağ yaradan və mədəni davamlılığı təmin edən fundamental bir dəyərdir. Xüsusilə muğam, aşıq sənəti, el havaları kimi milli ənənələrin Türk dünyasının müxtəlif bölgələrində mövcud olan oxşar musiqi kodları ilə səsləşməsi ortaq mədəni köklərin güclü göstəricisidir.
“Türk Mədəniyyəti və İrsi Fondunun əsas missiyası Türk Dünyasının zəngin mədəni irsinin araşdırılması, qorunması və beynəlxalq səviyyədə tanıdılmasıdır”, – deyə Fəxri Hacıyev qeyd edib. O, türk xalqlarının musiqi irsinin tədqiqi, rəqəmsallaşdırılması, arxivləşdirilməsi və gənc nəslə ötürülməsinin Fondun prioritet istiqamətləri arasında yer aldığını diqqətə çatdırıb.
Fəxri Hacıyev Folklor İnstitutu ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında son bir il ərzində həyata keçirilən əlaqələrdən də bəhs edərək, icra olunan birgə layihələr haqqında məlumat verib, əməkdaşlığı yüksək qiymətləndirib.
Sonda Fondun aparat rəhbəri tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edərək, simpoziumun Türk dünyası alimləri arasında əməkdaşlığın genişlənməsinə, mədəni birliyin möhkəmlənməsinə yeni imkanlar açacağına inamını qeyd edib.
Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaş-zadə çıxış edərək simpoziumun türk xalqlarının mədəni inteqrasiyası, elmi əməkdaşlıq mühiti və ortaq mədəni dəyərlər ətrafında sıx birləşməsi üçün mühüm platforma yaratdığını bildirib.
Kamilə Dadaş-zadə tədbirin əsas məqsədinin türksoylu xalqların ənənəvi musiqisi sahəsində aparılan tədqiqatların ümumiləşdirilməsi və elmi mübadilənin gücləndirilməsindən ibarət olduğunu söyləyib. Vurğulayıb ki, müasir dövrdə ənənəvi musiqinin etnik kimliyin mühüm göstəricisi kimi elmi paradiqmalar əsasında araşdırılması xüsusi aktuallıq daşıyır və simpozium bu istiqamətdə nəzəri və praktik yanaşmaların dəqiqləşdirilməsinə şərait yaradır.
Rektor bugünkü simpoziumun Türk dünyasında mədəni inteqrasiyanın inkişafına, ortaq musiqi yaddaşının qorunmasına və yeni elmi əməkdaşlıqların formalaşmasına əhəmiyyətli töhfə verdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən ADPU-nun prorektoru professor Mahirə Nağıqızı Hüseynova Kalvalı Əli Dədənin irsinin gənc nəslə tanıdılmasının vacibliyinə toxunaraq bildirib ki, 150 il əvvəl “kalvalı” olmaq böyük sənətkarlıq, dərin mənəvi dəyərlər və ustalıq tələb edirdi. Bu gün gənclərimiz həmin ənənələrin məzmununu dərk etmir. Bu kimi simpoziumlar milli yaddaşımızın, musiqi düşüncəmizin və folklor irsimizin öyrənilməsi baxımından son dərəcə önəmlidir.
O, “dədə” adının hər bir sənət ustasına verilmədiyini, bu adın böyük mənəvi məsuliyyət, ənənə və sənət dərinliyi tələb etdiyini söyləyib, Kalvalı Əli Dədənin zəngin irsinin, sənət əsərlərinin bu miqyasda xatırlanmasını, tədqiq olunmasını yüksək dəyərləndirib.
Professor Mahirə Hüseynova milli musiqi alətlərinin – sazın, neyin, balabanın, zurnanın Azərbaycan xalqının mənəvi kimliyinin ayrılmaz parçası olduğunu vurğulayıb. O, Qarabağ müharibəsinin dərdlərini, şəhid analarının ağrı-acısını musiqidə ifadə edən neyin yanıqlı səsinin xalqın yaddaşında xüsusi yer tutduğunu deyib: “Musiqi də söz qədər dəyərlidir, qiymətlidir. İnsanın deyə bilmədiklərini musiqi deyir”.
Professor Mahirə Hüseynova simpoziumun tədbir iştirakçılarının, gənc tədqiqatçıların yaddaşında dərin izlər qoyacağına, müvafiq sahədə yeni elmi istiqamətlərin formalaşmasına təkan verəcəyinə inamını bildirib.
Daha sonra Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru, professor Erhan Özden çıxış edərək türk incəsənətinin, ənənəvi musiqinin tarix boyu kimlik quruculuğunda və mədəni sabitlikdə mühüm rol oynadığını bildirib. Qeyd edib ki, musiqi türk xalqları üçün sadəcə incəsənət sahəsi deyil, ümumtürk mədəni kodlarını yaşadan mühüm irsdir.
Professor Erhan Özden əlavə edib ki, müxtəlif coğrafi ərazilərdə yayılan türk topluluqlarında ortaq musiqi duyumu və “Türklük şüurunun” musiqidə əks olunması mədəni bütövlüyün qorunmasına əhəmiyyətli təsir göstərib. Bu irsin sistemli araşdırılması və qorunması bütün Türk dünyası üçün strateji önəm daşıyır.
Erhan Özden simpoziumun türk xalqlarının musiqi irsinin elmi şəkildə müzakirəsinə imkan yaratdığını, gələcək tədqiqatlar üçün yeni perspektivlər açdığını vurğulayıb.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə isə çıxışında türk dünyasında mədəni kimliyin formalaşması və musiqinin rolundan bəhs edib. Bildirib ki, musiqi yalnız incəsənətin bir hissəsi deyil, etnosun özünü dərk etməsi, fərqləndirməsi və mədəni xüsusiyyətlərinin qorunması baxımından əsas göstəricilərdən biridir.
Alim qeyd edib ki, türk dünyasında mədəni kimlik həm fərdi xalqlar səviyyəsində, həm də ümumi türk identikliyi çərçivəsində formalaşır. Prof. Ərtegin Salamzadə qədim türklərin yaratdığı geniş dövlətlər və ortaq dil faktorunun ümumtürk kimliyinin əsasında dayandığını diqqətə çatdırıb.
O, müasir türkologiyanın dilçiliklə məhdudlaşmadığını, artıq folklor, incəsənət, memarlıq, etnoqrafiya və digər humanitar sahələri əhatə etdiyini bildirib. Direktor türk mədəniyyətinin vahid şəkildə öyrənilməsini mümkün edən yeni elmi istiqamət – türkoloji sənətşünaslığın formalaşdığını vurğulayaraq ənənəvi musiqinin bu böyük mədəniyyətin mühüm tərkib hissəsi olduğunu qeyd edib.
AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev tədbirin Türk dünyasının ortaq musiqi yaddaşının, ənənələrinin və ifaçılıq irsinin elmi müstəvidə araşdırılması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, simpozium Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan tədqiqatçıların bir araya gələrək söz-musiqi-hərəkət triadası, ənənəvi ifaçılıq və folklor–musiqi əlaqələri kimi məsələləri müzakirə etməsinə şərait yaradır və müasir qloballaşma dövründə milli kimliyin qorunması üçün vacib elmi platformadır.
Hikmət Quliyev çıxışında Kalvalı Əli Dədənin Azərbaycan nəfəsli musiqisinin kollektiv yaddaşdakı mühüm arxetiplərindən biri olduğunu söyləyib, bu irsin öyrənilməsi və təbliğinin vacibliyini vurğulayıb. O, zurna, balaban, tar və kamança kimi milli alətlərə dair saxtalaşdırma və mənimsəmə halları fonunda elmi əsaslı arqumentlərin hazırlanmasının milli məsuliyyət daşıdığını bildirib.
Direktor, həmçinin Türk dünyasının musiqi kodlarının müqayisəli tədqiqi və ortaq elmi diskursun formalaşdırılmasının zəruriliyini vurğulayıb. Qeyd edib ki, gələcəkdə türk musiqisi üçün vahid elmi konsepsiyanın hazırlanması və Kalvalı Əli Dədənin irsinin rəqəmsal arxivinin yaradılması mühüm elmi istiqamətlərdəndir.
Tədbirdə Özbəkistanın Xorazm Regional Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru dosent Jasurbek Salayev çıxış edərək Özbəkistanın tədbirdə geniş tərkibdə iştirak etdiyini bildirib. Vurğulayıb ki, simpoziumda ölkəni 28 nəfərlik tərkibdə nümayəndə heyəti təmsil edir və bu, Özbəkistanın Türk dünyası ilə elmi-mədəni əməkdaşlığa verdiyi böyük dəyərin göstəricisidir.
Dos. Jasurbek Salayev simpoziumun Türk xalqlarının əlaqələrinin gücləndirilməsi, ənənəvi musiqi irsinin araşdırılması və elmi mübadilənin genişləndirilməsi baxımından mühüm platforma olduğunu qeyd edib. O, bu kimi tədbirlərin ortaq mədəni dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Sonda Kalvalı Əli Dədənin ailəsi adından çıxış edən Folklor İnstitutunun aparıcı elmi işçisi fil.ü.f.d., dosent Elçin Qaliboğlu ustad sənətkarın yaradıcılığına verilən dəyərə görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, zurna-balaban kimi qədim musiqi alətləri Türk dünyasından gələn bəşəri məzmunu bütünlüklə ifadə edir. Onun sözlərinə görə, Kalvalı Əli Dədənin yaradıcılığından hamıya məlum olan “Heyvagülü”, “Alma gülü”, “Alça gülü”, “Bənövşə”, “Kalvalı”, “Çəmənlik”, “Mehribanı”, “Dağ çiçəyi”, “Xırdaca” kimi havalar çağdaş zurna-balaban sənətində nəinki bu sahənin ifaçıları, eləcə də aşıq sənətinin davamçıları üçün böyük örnəkdir.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.
Bədii hissədən sonra müxtəlif mövzularda plenar məruzələr dinlənilib, müzakirələr aparılıb.
Qeyd edək ki, beynəlxalq simpozium 21 noyabr 2025-ci il tarixində başa çatacaq.

















