XƏBƏRLƏR
Mahirə Nağıqızının bədii yaradıcılığına həsr edilmiş monoqrafiya nəşr olunub
AMEA Folklor İnstitutunun mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin “Mahirə Nağıqızının bədii yaradıcılığı” adlı kitabı işıq üzü görüb. Kitab filologiya elmləri doktoru, professor, ADPU-nun prorektoru Mahirə Nağıqızı Hüseynovanın poeziya və nəsr-hekayə yaradıcılığının tədqiqinə həsr olunub. ADPU nəşriyyatında nəşr olunmuş monoqrafiya ön söz, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Kitabın girişində müəllif kitabın yazılma səbəblərinə, aktuallığına nəzər salır, əhəmiyyətindən söhbət açır.
“Mahirə Nağıqızı poeziyasında ana, vətən müqəddəsliyi və vətənpərvərlik duyğularının tərənnümü” adlı 1-ci fəsildə Şakir Albalıyev şairənin yaradıcılığında Ana ilə, vətənlə bağlı nümunələrin əsas yer tutmasına toxunur və qeyd edir ki, onun əsərlərində bu iki amil daha qabarıq şəkildə özünü göstərir. Məhz buna əsasən də bu fəsildə alim Ana, vətən və vətənpərlik mövzusu ilə bağlı şeirləri təhlil aparatından keçirir, müasir dövrdə bu cür ülvi duyğuların gənc nəslə aşılanmasında xüsusi əhəmiyyətini diqqətə çəkir. “Mahirə Nağıqızının Ana abidəsi”, “Analı dünyam sorağında…”, “Nazlı ana obrazının poetik təcəssümü” və s. adlar altında verdiyi paraqraflar altında şairənin yaradıcılığını şərh edir.
Şakir Albalıyev monoqrafiyanın 2-ci fəslini “Poeziyada təbiət mövzusu, vətən gözəlliyinin təcəssümü. Dünya, həyat və insan haqqında fəlsəfi-poetik düşüncələr” adı altında təqdim edir. Bu bölmədə isə müəllif şairə M. Nağıqızının təbiət və vətən gözəlliyini vəsf elədiyi poetik örnəkləri təhlil müstəvisinə gətirir. Habelə şairənin dünyanın yaranışı, həyatla bağlı, eləcə də insan obrazına verdiyi poetik dəyərlə bağlı ədəbi-fəlsəfi fikirlərini şərh edir.
Monoqrafiyanın 3-cü fəsli “Pedaqoji-didaktik səciyyəli şeirlər və xalq həyatını əks etdirən hekayələr” adlanır. Burada tədqiqatçı M.Nağıqızının şeirləri ilə yanaşı, nəsrini - hekayə yaradıcılığını da tədqiqata cəlb edir. Müəllifin poeziyası ilə bərabər, hekayələrinin də milli vətənpərvərlik duyğuları ilə yükləndiyini, xalq həyatının etnoqrafik lövhələrini təsvirdə canlandırdığını diqqətdə saxlayır.
“Nitq hissələri və əvəzlik mövzuları poeziya qanadlarında”, “Cümlə və işarələrin fəlsəfi poetikası”, “Şeirdə və nəsrdə xalq bayramlarının təsviri”, “Ailə-məişət lövhələrinin etnoqrafik təqdimi” və başqa paraqraflarda Mahirə xanımın yaradıcılığındakı pedaqoji-didaktik motivləri və hekayələrinin mövzu qaynağı ətraflı şəkildə araşdırılır.
Ümumilikdə, filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyevin bu monoqrafiyası professor Mahirə Nağıqızının bədii yaradıcılığının sistemli şəkildə tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir.