Folklor İnstitutunun direktoru Hikmət Quliyev Qazaxıstanda keçirilən beynəlxalq konfransda çıxış edib

Folklor İnstitutunun direktoru Hikmət Quliyev Qazaxıstanda keçirilən beynəlxalq konfransda çıxış edib

13 Oktyabr 2025, 16:58 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Qu­li­yev Qazaxıstanın Qızılorda şəhərində “Dədə Qorqud mirası: Türk dün­ya­sı­nın ortaq epik dəyərləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki kon­fransda iştirak edib. Tədbir Türk Mədəniyyəti və İrsi Fondu ilə Qızılorda Vilayəti Qubernatorluğunun birgə təşkil etdiyi  “Dədə Qorqud və Böyük Çölün təranələri” adlı beynəlxalq folklor-musiqi festivalı çərçivəsində keçirilib. Kon­fransda Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Türkmənistan və di­gər türk xalqlarını təmsil edən alimlər və mədəniyyət xadimləri iştirak ediblər.

Beynəlxalq konfransda filologiya elmləri doktoru Hikmət Quliyev “Müdrik Qoca arxetipi kontekstində Dədə Qorqud obrazı” mövzusunda məruzə ilə çıxış edib. Alim arxetiplər nəzəriyyəsi çərçivəsində Dədə Qorqudun psixosemantik mahiyyətini təhlil edərək, onun ağsaqqal, bilici, şaman və s. kimi statuslarının semantik mərkəzinin müdriklik və qəhrəmanlıq olduğunu vurğulayıb. Məruzədə eposda müdrikliyin yalnız Dədə Qorqudun birbaşa iştirakı ilə deyil, həm də müdriklik və ağsaqqallığın semiotik işarələri vasitəsilə ifadə olunduğu göstərilib. Bildirilib ki, xüsusilə övladsızlıq, dışlanma, ad vermə və s. kimi  situasiyalarda ortaya çıxan Dədə Qorqud obrazı K.Q.Yunqun terminologiyası ilə desək, “şüurun özünə çıxış yolu axtarması” – Müdrik qoca arxetipinin aktuallaşması şəklində eposda öz əksini tapmışdır. Odur ki, Dədə Qorqud Azərbaycan və ümumtürk mədəniyyətində “Müdrik qoca arxetipi”nin ən dolğun metaforik-simvolik təcəssümüdür. Bu arxetip mikrokosmik və makrokosmik səviyyədə aktuallaşır: mikrokosmik səviyyədə fərdin özünü dərk etməsi və cəmiyyətə inteqrasiyasının simvolu kimi çıxış edir; makrokosmik səviyyədə isə Oğuz toplumunun mənəvi və sosial nizamını qoruyur, davranış prinsiplərini formalaşdırır, daxili qarşı­dur­maları aradan qaldırır və etnosun sabitliyini təmin edir.

Hikmət Quliyev həmçinin vurğulayıb ki, Dədə Qorqudun alqış və qarğışı müqəddəslik, ağ saç-saqqalı və qopuzu isə müdriklik rəmzi kimi çıxış edir. Onun sözlərinə görə, Dədə Qorqud həm fərdi, həm də ictimai səviyyədə mənəvi bütövlüyün qoruyucusu funksiyasını daşıyır və eposdakı ifadələr Oğuz etnososial yaşam modelinin Dədə Qorqud tərəfindən müəyyənləşdirilmiş prinsiplərini əks etdirir.

Alim yekun olaraq qeyd edib ki, Dədə Qorqud obrazı ümumtürk mədəniy­yəti kontekstində müdriklik, kollektiv yaddaş və mənəvi nizamın ən parlaq təcəs­sümüdür. Bu obraz Azərbaycan etno-mədəni düşüncəsində müdriklik konseptinin daşıyıcısı kimi milli kimliyin dərin qatlarında öz əksini tapır. Dədə Qorqud Müd­rik Qoca arxetipinin metaforik-simvolik təzahürü olmaqla, həm fərdi, həm də ictimai səviyyədə mənəvi bütövlüyün qorunmasına xidmət edir. Hazırkı qlobal­laşma və rəqəmsal transformasiya dövründə Dədə Qorqudun ümumtürk mədəni yaddaşını birləşdirən və nəsillərarası mənəvi varisliyi təmin edən simvolik fiqur kimi əhəmiyyəti daha da artır.