Folklor İnstitutunun əməkdaşları Özbəkistanda keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

Folklor İnstitutunun əməkdaşları Özbəkistanda keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

10 May 2023, 11:08 / Mühüm hadisələr

6-8 may 2023-cü il tarixlərində Özbəkistan Respublikasının Gülüstan şəhərində Özbəkistan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Müasir baxşı sənəti: qızıl irsin yeni nəğmələri” mövzusunda III beynəlxalq elmi konfrans və “Baxşı incəsənət festivalı” keçirilib. Konfransın və konfransla paralel təşkil olunan festivalın açılış toplantısında elm, mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov, Özbəkistan Prezidentinin müşaviri Adil Əbdürrəhmanov,  TÜRKSOY-un baş katibi Sultan Rayev, xarici ölkələrin səfirləri, Özbəkistan ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər. Tədbirlərə ümumilikdə Özbəkistan, Türkiyə, Rusiya Federasiyası, Azərbaycan, Macarıstan, Pakistan, Cənubi Koreya, Qazaxıstan, Türkmənistan, Tacikistan və digər ölkələrdən 300-dən artıq alim və sənətçi qatılıb.


Tədbirlərdə xüsusi dəvət əsasında Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşları – baş direktor, akademik Muxtar İmanov, aparıcı elmi işçilər, filologiya üzrə fəlsəfə doktorları Aynur İbrahimova və İlhamə Qəsəbova da iştirak ediblər.

Akademik Muxtar İmanov konfransın açılış iclasında çıxış edərək, bu kimi tədbirlərin türk xalqlarının elmi-mədəni əlaqələrinin genişlənməsində və onların mənəvi birliyinin qorunub saxlanılmasında əhəmiyyətindən, eləcə də baxşı sənətinin fenomen hadisə kimi ümumtürk mədəniyyətinin inkişafında xüsusi rolundan bəhs edib.

Konfransın bölmə iclaslarında isə akademik Muxtar İmanov “Eposda qeyri-səlis məntiq: yuxarı və aşağı sərhədinin pozulması”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova “Koroğlu” dastanının Azərbaycan və özbək versiyalarının müqayisəli tədqiqi”, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Ozan-aşıq-baxşı sənətinin performativ xüsusiyyətləri” mövzularında məruzələr ediblər.

Qeyd edək ki, tədbir günlərində akademik Muxtar İmanov Özbəkistanın televiziya kanallarına müsahibələr verib.