UNESCO-nun “Qeyri-Maddi Mədəni İrsin Qorunması Haqqında” Konvensiyası milli kimliyin formalaşmasında mühüm rola malikdir

UNESCO-nun “Qeyri-Maddi Mədəni İrsin Qorunması Haqqında” Konvensiyası milli kimliyin formalaşmasında mühüm rola malikdir

26 Sentyabr 2025, 08:57 / Konfranslar, İclaslar

Azərbaycan UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na ilk olaraq “Azərbaycan Muğamı”nı (2008), daha sonra isə “Azərbaycan Aşıq Sənəti”ni (2009) daxil etdirib. Eyni il Türkiyə də “Aşıqlık Ənənəsi”ni siyahıya salıb. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan da “Akınlık”, “Bahşılık” kimi oxşar ənənələri qorumaq üçün analoji addımlar atıb.

Bu barədə Türkiyənin Egey Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun əməkdaşı professor Metin Ekici Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk Dünyasının Mədəni Kodları” beynəlxalq elmi simpoziumu zamanı çıxışında məlumat verib.

Prof. Metin Ekici UNESCO-nun “Qeyri-Maddi Mədəni İrsin Qorunması Haqqında” Konvensiyasının milli kimliyin formalaşmasındakı əhəmiyyətindən bəhs edərək, qloballaşmanın milli mədəniyyətlər üzərində yaratdığı təzyiqlərə qarşı sözügedən Konvensiyanın önəmini vurğulayıb.

XX əsrin sonlarında Sovet İttifaqından ayrılaraq müstəqillik qazanan türk respublikalarının milli kimliklərini yenidən qurmaq zərurətindən danışan alim, 2003-cü ildə qəbul edilən bu Konvensiyanın həmin prosesdə mühüm rol oynadığını bildirib.

O, aşıqlıq sənətinin Türk dünyasının ortaq mədəni kodlarını daşıdığını, müxtəlif coğrafiyalarda müstəqil dövlətlərin bu mirası yaşatmaqda qərarlı olduqlarını diqqətə çatdırıb. Prof. Metin Ekici, həmçinin aşıq sənətinin bu günədək yaşadılmasında Aşıq Ələsgərin rolunu və türk mədəni kimliyinə verdiyi töhfələri xüsusi vurğulayıb.