“Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçirilib

“Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçirilib

15 May 2023, 11:00 / Konfranslar, İclaslar

15 may 2023-cü il tarixində AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli giriş sözü ilə açaraq, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə AMEA-da keçirilən silsilə tədbirlərdən, Ulu Öndərin Azərbaycan dövlətçilik tarixində xüsusi rolundan, onun dövlət quruculuğu ilə yanaşı, elm, təhsil və mədəniyyətin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Akademik vurğulayıb ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin çoxşaxəli fəaliyyətində milli-mənəvi dəyərlərə, xalqın mədəni irsinə diqqət və qayğı hər zaman ön planda olub.

Sonra AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə müstəsna xidmətlərindən bəhs edib. Akademik bildirib ki, Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində Azərbaycanın azadlığı və tərəqqisi üçün çalışıb, xalqın maddi və qeyri-maddi mədəniyyətinin qorunub saxlanılması, təbliği və inkişaf etdirilməsi sahəsində əvəzsiz xidmətlər göstərib. Folklor İnstitutunun yaradılması da məhz Ümummilli Liderin milli-mənəvi irsimizə olan böyük qayğısı nəticəsində gerçəkləşib.

Akademikin çıxışından sonra millət vəkili, AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli “Heydər Əliyev və Qərbi Azərbaycan folkloru”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli “Heydər Əliyev irsində xalq mədəniyyətinə münasibətin fəlsəfəsi”, AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya elmləri doktoru Sərxan Xavəri “Heydər Əliyevin dövlət quruculuğu siyasətində milli cəmiyyətin inkişafı konsepsiyası və humanitar məsələlər”, AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlil “Heydər Əliyev və mərasim mədəniyyəti”, AMEA Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Atakişiyeva “Heydər Əliyevin mədəniyyət kursunda xalq musiqisi məsələləri” mövzularında məruzələrlə çıxış ediblər.

Açılış toplantısından sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Bölmələrdə Ulu Öndər Heydər Əliyevin elm, xalq mədəniyyəti sahəsindəki fəaliyyətini əks etdirən çoxsaylı məruzələr dinlənilib.