“Heydər Əliyev və Azərbaycan folkloru” mövzusunda elmi sessiya keçirilib

“Heydər Əliyev və Azərbaycan folkloru” mövzusunda elmi sessiya keçirilib

19 May 2023, 10:46 / Konfranslar, İclaslar

19 may 2023-cü il tarixində Göyçay şəhərində Göyçay Rayon İcra Hakimiyyəti və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş  “Heydər Əliyev və Azərbaycan folkloru” mövzusunda elmi sessiya keçirilib. Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasının Akt zalında təşkil olunan tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin Humanitar məsələlər şöbəsinin əməkdaşları, AMEA Folklor İnstitutunun nümayəndələri, Yeni Azərbaycan Partiyasının üzvləri, rayon ziyalıları, yerli folklor qruplarının təmsilçiləri iştirak ediblər.

Sessiyanı Göyçay Rayon icra hakiminin müavini Zivər xanım Zeynalova açaraq, rayon icra başçısının adından tədbir iştirakçılarını salamlayıb, Ulu Öndərin Azərbaycanın milli-mənəvi dəyərlərinə, mədəni irsinə böyük diqqət və qayğısından bəhs edib.

Sonra AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov “Heydər Əliyev və Azərbaycan dövlətçiliyinin mənəvi əsasları” mövzusunda məruzə ilə çıxış edib. Akademik bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin çoxşaxəli fəaliyyətində elm, təhsil və mədəniyyətin inkişafına diqqət və qayğı həmişə ön planda olmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk vaxtlardan folklora və folklorşünaslığa münasibət müsbət mənada dəyişmişdir. Azərbaycan Elmlər Akademiyasının əməkdaşları 1970-80-ci illərdə “Kitabi-Dədə Qorqud”, “Koroğlu” eposlarını, eləcə də Azərbaycan məhəbbət das- tanları, nağıllar, qaravəllilər, lətifələr, atalar sözləri, bayatılar, əfsanə və rəvayətlərdən ibarət topluları təkrar-təkrar nəşr etdirmişlər. O illərdə M.H.Təhmasib, M.Seyidov, İ.Abbaslı və başqa alimlərimizin folklor- şünaslıq sahəsində sanballı elmi əsərləri ortaya çıxmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyev azərbaycançılığı milli dövlətimizin əsas ideologiyası elan etmişdir. Azərbaycançılığın əsas prinsiplərindən birini isə milli-mənəvi dəyərlərə, mədəni irsə sahiblən- mək təşkil edir.

Sessiyada həmçinin AMEA Folklor İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Elçin Abbasov “Azərbaycan dövlət simvollarındakı astral işarələrin folklor semantikası”, “Göyçay” qəzetinin baş redaktoru, Respublikanın Əməkdar müəllimi Adil Məmmədov “Folklorşünas- lığımıza yeni töhfə”, fil.ü.f.d. Əkbər Əliyev “Göyçay folkloru: problemlər və perspektivlər”, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Atəş Əhmədli “Müstəqilliyimizin bərpasından sonrakı dönəmdə Azərbaycan folklorunun toplanması və nəşri məsələləri” adlı məruzələrlə çıxış ediblər.

Sessiyadan sonra AMEA Folklor İnstitutunun nəşr etdiyi “Göyçay folklor örnəkləri” toplusunun (tərtibçilər: Atəş Əhmədli, Xuraman Kərimova, Vüsal Abiyev. Bakı, Elm və təhsil, 2023, 296 s.) təqdimat mərasimi olub.