Folklor İnstitutunda müasir elmi yanaşmalar əsasında milli kulinariya ənənələri araşdırılacaq

Folklor İnstitutunda müasir elmi yanaşmalar əsasında milli kulinariya ənənələri araşdırılacaq

23 İyun 2025, 16:03 / Mühüm hadisələr

AMEA Folklor İnstitutunun strukturunda aparılan dəyişikliklər çərçivəsində müasir dövrün elmi çağırışları və ölkənin mədəni-mənəvi ehtiyacları nəzərə alınaraq, Mərasim folkloru şöbəsinin bazasında daxili imkanlar və mövcud ştat vahidləri hesabına Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsi yaradılıb. Bu barədə qərar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Xankəndi şəhərində – Qarabağ Universitetində keçirilən xüsusi iclasında qəbul edilib.

Yeni şöbə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə  AMEA-nın elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin dünyada qabaqcıl elmi çağırışlara və dövlətimizin milli maraqlarına yönəldilməsi istiqamətində aparılan institusional islahatlar kontekstində folklorşünaslıq elminin tədqiqat spektrinin genişləndirilməsi zərurətindən yaradılmışdır.

Uzun illər ərzində AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsində aparılmış elmi araşdırmalar və əldə olunmuş nəticələr bu sahədə dəyərli bir tədqiqat bazasının formalaşmasına şərait yaratmışdır. Bu elmi əsaslar şöbənin fəaliyyətinin struktur baxımından yenidən təşkili və xalq mərasimləri, rituallar, eləcə də onların mühüm tərkib hissəsi olan kulinariya ənənələrinin kompleks, sistemli və hərtərəfli şəkildə öyrənilməsinə geniş imkanlar açır. Müasir folklorşünaslıqda sosial-antropoloji yanaşmaların geniş vüsət aldığı bir şəraitdə mətbəx ənənələrinin kollektiv yaddaş və xalq biliyinin əsas daşıyıcılarından biri kimi öyrənilməsi elmi baxımdan zəruri hesab edilir.

Yeni şöbənin fəaliyyət istiqamətləri çərçivəsində dini və dünyəvi mərasimlərdə iştirak edən kulinariya elementlərinin ritual-mifoloji semantikası, onların hazırlanması və paylaşılması ilə bağlı davranış modellərinin araşdırılması, eləcə də kulinariya nümunələrinin mərasim kontekstində semantik və funksional təhlili həyata keçiriləcəkdir.

Bununla yanaşı, Azərbaycanın regionda və qlobal miqyasda turizm baxımından cazibədar ölkəyə çevrilməsi fonunda milli mətbəx nümunələrinin sistemli şəkildə öyrənilməsi, eləcə də bu sahənin elmi əsaslarla təqdimatı və təbliği xüsusi aktuallıq kəsb edir. Bu istiqamətdə aparılacaq tədqiqatlar həm elmi-nəzəri, həm də ictimai-mədəni baxımdan əhəmiyyət daşıyır.

Eyni zamanda, milli kulinariya irsimizin mənimsənilməsi və saxtalaşdırılması cəhdlərinin artdığı hazırkı şəraitdə, bu sahənin folklor kontekstində tədqiqi milli-mədəni identikliyin qorunması və təbliği baxımından da strateji önəm kəsb edir.