Elxan müəllim unudulmayacaq

Elxan müəllim unudulmayacaq

10 İyun 2025, 17:46 / Müsahibələr, çıxışlar

Hər adamla dostluq etmək, ünsiyyət saxlamaq olmur. Xasiyyətində, xarakterində oxşarlıqlar, arada səmimiyyət olmasa, bu alınmır. Adam həmişə gülərüz, xoşqılıq, mehriban, səmimi insanlara meyil edir, onlarla əlaqə qurmağa can atır, belələrinin sözü-söhbəti damağına dad verir. Bir sözlə, dostu, yoldaşı, xoş həmsöhbəti olmadan yaşamaq olmur. Hər bir adamın sirdaşa, dosta ehtiyacı var. Mənim də dostlarım, həmsöhbət olduğum insanlar var. Belələrindən biri də Elxan müəllimdir. Elxan Məmmədli. Onun “Sarıtel” verilişi məni də cəlb etmişdi. Bu maraq məni onunla tanış etdi. Yadımdadır, onunla tanış olan kimi Elxan müəllim məndən Aşıq İsgəndər Ağbabalını xəbər aldı:

– Aşıq İsgəndər haqqında nə bilirəm. Deyirlər rəhmətə gedib, bir məlumatın varmı?

– Var. Oğlu Faxfur aşıqdı, Bakı ətrafında yaşayır, aşığın bacısı Məryəm xanım da ordadır. Əgər məsləhət bilsəniz, bir veriliş eləyə bilərsiniz.

– Veriliş etmək olar, amma Aşıq İsgəndərin yaradıcılığı mühitə məxsus saz havaları, regionun özünəməxsusluğu və digər məsələlər var. Bunlara cavab verə biləcək söhbətimiz alınmalıdır.

Mən ustad aşıqla əlaqələrimdən, onun yaradıcılığından, Ağbaba aşıq mühitindən, regionun ucqar, dağlıq və sərhəddə yerləşməsindən danışdım. Arada Məryəm xanımın nanay ustası olmasından, aşıq sənətinə marağından da söz saldım. Baxdım söhbətim müsahibimi razı salıb. Dedi:

– Yaxşı, onda bir neçə gündən sonra reportajı götürəcəyəm. Sən də aşıq Faxfurla danış, hazır olsun, Məryəm xanım da gəlsin.

Deyilən vaxtda Elxan müəllimi yanımda görəndə çox təəccübləndim.

– Ay Elxan müəllim, axı sizin yolunuz xeyli uzaqdı. Nə tez gəldiniz?

Gülümsündü.

– Adam vaxtında gəlməli, kimisə gözlətməməlidir. Gedək.

Düzü, çox həyəcanlanırdım. Axı “Sarıtel”də ilk dəfə idi ki, çıxış edəcəkdim. Deyəsən Elxan müəllim bunu hiss etdi:

– Özünü sərbəst apar, həyəcan lazım deyil.

Doğrudan da, veriliş gözlədiyimdən də yaxşı alındı. Elxan müəllimlə “Sarıtel”in bir neçə verilişində iştirak etdim. Görüşlərimizin birində Elxan müəllim mənə dedi:

– Baxıram folklora çox maraqlısan. Belə işə bir qəti addım da atmalısan.  Mən bilirsən, Folklor sarayında işləyirəm. Sən də burada işləsən, pis olmaz. Həm topladığın folklor örnəklərini dərc etdirərsən, həm də mövzu götürüb müdafiə edərsən.

Beləcə 2000-ci ildən Elxan müəllimin xeyir-duası ilə Folklor sarayına, sarayın direktoru Hüseyn müəllimin yanına gəlib Aşıq yaradıcılığı şöbəsində kiçik elmi işçi kimi işə başladım. Aşıq yaradıcılığı şöbəsinin müdiri Elxan müəllimdi. Bundan bir neçə il keçəndən sonra dövlət radiosunun xalq yaradıcılığı redaksiyasında “Bulaq. Xalq yaradıcılığı” verilişi üçün ssenarilər də yazdım, eyni zamanda “Divani saz-söz məclisi”nin aparıcısı oldum. Bununla bərabər, xalq yaradıcılığı ilə bağlı verilişlərdə də iştirak etməyim Elxan müəllimin xoşuna gəldi: “Baxıram mən səhv etməmişəm. Ürəyimə danmışdı ki, sən radioya bağlandın, buradakı verilişlər səni cəlb etdi”.

Daha sonra o, məni musiqi şöbəsinin müdiri Hacı ilə, bir də proqram şöbəsinin müdir müavini Maşallah müəllimlə tanış etdi:

– Bax, bu Hacı mənim də müdirim sayılır. Qaldı Maşallah... Hə, bütün verilişlərin ssenariləri, yazıları bunun otağına yığılır. Maşallahın əlindən gəlib keçir.

Elxan müəllimin çoxlu dostları vardı. Bəzən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Cəmiyyətinin binasından piyada aşağı enəndə bir də baxdım Elxan müəllim yanımda yoxdu. Gördüm xeyli aralıda iki-üç nəfərlə söhbət edir. O, söhbətini bitirəndən sonra yanıma gələndə deyərdim:

– Ay Elxan müəllim, maşallah, nə qədər dostun var.

– Hə, elədir. Amma bir işdə var. Tanıdığım, bildiyim adamlardan hal-əhval tutmamış keçib getmək olmur axı. Heç olmasa bununla qarşı-qarşıya oturub çay içmisən, bir tikə bir şey yemisən. Bunu unutmaq olmaz.

Aşıq yaradıcılığı şöbəsində bir saz da vardı. Elxan müəllimindi. Arada bir götürüb çalardı. Mənim ona diqqətlə baxdığımı görüb deyərdi:

– Mənim evdə də bir sazım var. Yadımdadır, hələ uşaq vaxtlarımdan saza çox maraqlı idim deyə atam almışdı. Bəzən stolunun siyirməsini əlləşdirər, ağ vərəq çıxarardı.

– Qardaşım Eldarda da olan səliqə-səhman məndə yoxdu. O qədər diqqətli və səliqəlidir ki, daha nə deyim.

Aradan bir az keçəndən sonra qaraladığı kağızı mənə oxuyardı:

– Baxırsanmı, şeir belədi, elə vaxt gəlir ki, adam qələm-kağız da tapa bilmir. Yazdım, yazdım... Yazmadım, unuduldu getdi.

Bəli, Elxan müəllim həm də təbli adamdı, şairdi. Şöbəmizin otağı adətən həmişə qonaq-qaralı olardı. Aşıqlar, şairlər, yazıçılar, folklora maraqlı olanlar bura üz tutardılar. Bəzən söhbətin şirin yerində Elxan müəllim sazını dilləndirər, qonaqlarda xüsusi canlanma və maraq yaradardı.

Bəzən ötəni-keçəni yada salıb məzəli əhvalatları xatırlayar, hamını ətrafına cəmləyərdi. Onun danışığı, şux zarafatları hamını özünə cəlb edərdi.

Elxan müəllimin maraqlı bir qeydiyyat dəftəri də vardı. Arada bir ora nəsə qeyd edərdi. Bu, məni çox maraqlandırırdı. Deyəsən, bunu o da anlamışdı.

– Baxıram, çox maraqlanırsan. Bu xüsusi qeydiyyatımdı. İndiyə qədər tanış olub işlədiyim adamlardan vəfat edənlərin siyahısıdır. Deyirəm, indiyə qədər nə qədər adam dünyasını dəyişib.

Elxan müəllim ürək əməliyyatı keçirəndə sağalıb işə qayıtmışdı. Yenə onun şirin söhbətləri, zarafatları otağımıza adamları toplayırdı. Bəli, yenə Elxan müəllim ağsaqqal kimi həmişə xeyirdə-şərdə iştirak edirdi.

Bir gün eşitdim ki, yenə Elxan müəllim xəstələnib, xəstəxanadadır. Yanına getdik. Onu yataqda görüb kövrəldim, özümü hönkürməkdən zorla saxladım. Həmişə şən, gülərüz bir insanı xəstə görmək adama ağır gəlir... Ordan ayrılandan sonra da bir neçə gün özümə gələ bilmədim.

Bir neçə gündən sonra acı bir xəbər gəldi. Elxan müəllim vəfat edib. Dünyanın bir nizamı, qanunu var: gələn gedir. Elxan müəllim də gəlib getdi. Bir alim kimi, sazımızın-sözümüzün ustadı kimi, ağsaqqal ziyalı kimi... Neçə-neçə el sənətkarını bizə tanıtdı. Bəlli etdi.

Dünyada yaxşı ad qoyub getdi. Sazı-sözü, folkloru sevən hər kəsin ürəyində bir Elxan Məmmədli dünyası yaratdı. Elxan müəllim unudulmayacaq – bu aləm bizə bunu xəbər verir.

Allah sənə qəni-qəni rəhmət eləsin, Elxan müəllim, bu yazını mənə sənli xatirələr yazdırdı.

 

                                    Filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Səmimi