Folklor İnstitutunun direktoru “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” mövzusunda respublika elmi konfransında məruzə edib

Folklor İnstitutunun direktoru “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” mövzusunda respublika elmi konfransında məruzə edib

23 May 2025, 18:16 / Konfranslar, İclaslar

23 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Milli Məclisin Səhiyyə Komitəsi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universiteti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti və Biofizika İnstitutunun birgə təşkilatçılığı ilə “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı keçirilib. Konfransda AMEA Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev məruzə ilə çıxış edib.

“Sosial stereotiplər və milli mental dəyərlər kontekstində tibbi problemlər: xalq təbabətindən rəqəmsal tibbi folklora” mövzusunda məruzə ilə çıxış edən dosent Hikmət Quliyev Dördüncü Sənaye İnqilabının çağırışları, rəqəmsal transformasiyalar və süni intellekt texnologiyalarının tətbiqi kontekstində xalq mədəniyyətində baş verən dəyişiklikləri diqqət mərkəzinə gətirərək bu sahədəki problemlərə toxunub. Alim qeyd edib ki, sosial-antropoloji folklorşünaslıq baxışları xalq və bilik anlayışlarına dinamik, kommunikativ, multikultural aspektlərdən yanaşma üçün geniş alətlər sisteminə malikdir. Bu baxımdan yanaşdıqda xalq musiqisi, xalq rəqsləri, xalq meteorologiyası və xalq təbabəti ənənəvi düşüncənin təcəssüm olunduğu mənbə kimi diqqəti cəlb edir.

Dosent H. Quliyev qeyd edib ki, xalq təbabəti də kollektiv mühitdə formalaşan, ənənəvi düşüncə qəlibləri və stereotiplər vasitəsilə ötürülən, tabu, yasaq və inancla dəstəklənən müxtəlif xəstəliklərin müəyyənləşdirilməsi (diaqnostik), müalicəsi (profilaktik) və qarşısının alınması (preventiv) praktikalarını özündə ehtiva edən ənənəvi bilik xəzinəsidir.

“Araşdırma nəticəsində məlum olur ki, sosial stereotiplər və milli mental dəyərlər, ictimai qınaq, mühafizəkar, aqressiv reaksiyanın təsiri və təzyiqi kollektiv sosial mühitdə xəstəliyin gizlədilməsi, müalicəsinin gecikdirilməsi və həyati təhlükələrin ortaya çıxması ilə nəticələnir”, – deyə dosent H.Quliyev vurğulayıb.

Alim qeyd edib ki, virtuallaşma prosesləri hesabına hazırki çağda ənənəvi xalq təbabəti bilikəri rəqəmsal mühitə transformasiya olunub ki, sosial şəbəkələrdə bununla bağlı çoxsaylı səhifələrə və kontentlərə rast gəlmək mümkündür. Odur ki, bu gün rəqəmsal tibbi folklorun öyrənilməsi, bu resurslarda mövcud olan ənənəvi xalq biliyinin təhlil olunması vacib əhəmiyyət kəsb edir.