Xaricdə yaşayan güneyli ziyalılar Folklor İnstitutunun qonağı olublar

Xaricdə yaşayan güneyli ziyalılar Folklor İnstitutunun qonağı olublar

24 May 2023, 10:38 / Qonaqlar

24 may 2023-cü il tarixində ABŞ-da, Kanada və Almaniyada yaşayan Təbriz əsilli azərbaycanlı ziyalılar – ixtisasca mühəndis, iş adamı Naser Əlixani və həyat yoldaşı Sediq xanım, məşhur qarmon ifaçısı, ixtisasca elektrik mühəndisi Əli Haqşünas və həyat yoldaşı Rübab xanım, vokal ifaçısı, ixtisasca dekor dizayneri Akrəm xanım Berelyani, istedadlı vokal ifaçısı, ixtisasca inşaat mütəxəssisi Naser Səhəndi AMEA Folklor İnstitutunun qonağı olublar.

Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov qonaqları səmimi qarşılayaraq, institutun fəaliyyəti, inkişaf perspektivləri barədə geniş məlumat verib. Akademik Cənubi Azərbaycan folklor örnəklərinin toplanıb nəşr olunması və araşdırılması istiqamətində görülən işlərdən danışıb, “Güney Azərbaycan folkloru” seriyasından 15 kitabın çap olunduğunu bildirib. O, dünyanın hansı bir yerində yaşamasından asılı olmayaraq, güneyli-quzeyli soydaşlarımızın ədəbi, mədəni əlaqələrinin getdikcə möhkəmlənməsi sahəsində göstərdikləri xidmətdən bəhs edərək, qonaqların bu sahədəki işgüzar fəaliyyətini yüksək dəyərləndirib.

Qonaqlar yaşayıb fəaliyyət göstərdikləri ölkələrdə soydaşlarımızın ədəbi-mədəni birlikləri, keçirdikləri tədbirlər, toplantılar barədə danışaraq, arzu və istəklərini ifadə ediblər.
Görüşdə Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova, Xarici əlaqələr bölməsinin müdiri Əli Şamil və institut əməkdaşları – Cənubi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qiymət Məhərrəmli və İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs, filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanova da iştirak edib, fikir mübadiləsi aparıblar. Sonda qonaqlara Folklor İnstitutunun “Güney Azərbaycan folkloru” seriyasından olan kitablar, audio-disklər hədiyyə olunub və xatirə şəkilləri çəkilib.

Qonaqlar İnstitutun Cənubi Azərbaycan folkloru şöbəsində də olublar. Onlara şöbənin iş prinsipi, nəşrləri haqqında məlumat verilib.