XƏBƏRLƏR

Folklor İnstitutunun dosenti VI Türk Dünyası Aşıqlar Festivalında iştirak edib
Mayın 13-16-da Türkiyənin Ərzincan şəhərində VI Türk Dünyası Aşıqlar Festivalı və Əli Əkbər Çiçəyin xatirəsinə həsr olunmuş Aşıq ədəbiyyatı toplantısı keçirilib. Ərzincan Valiliyi, Ərzincan Binəli Yıldırım Universiteti, Ərzincan Bələdiyyəsi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə reallaşan tədbirlərdə AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. İlhamə Qəsəbova da iştirak edib. Açılış toplantısında çıxış edən əməkdaşımız Azərbaycan aşıq sənətinin müasir problemlərindən, Azərbaycan aşıq sənətinin ortaq türk mədəniyyətinə verdiyi töhfələrdən danışıb.
Daha sonra Aşıq ədəbiyyatı toplantısının elmi müzakirələrində də iştirak edən İ.Qəsəbova Azərbaycan aşıq sənətinə və aşıqlara verilən dövlət dəstəyindən bəhs edib.
Tədbirə Türkiyənin müxtəlif bölgələrindən olan ozanların, İran aşıqlarının, türkmən və özbək baxşılarının, qazax akınlarının və Azərbaycan aşıqlarının ifasında konsert proqramı ilə yekun vurulub.